Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-880/2025 18.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. Ərizəçinin tələbi Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci ildə anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, X3 ilə 1970-ci ilin yanvar ayında rəsmi olaraq evlənmişdir. Birgə nikahlarından beş uşaqları olmuşdur. Qızı Hüsniyyə xx.xx.1977ci il anadan olmuşdur. O, anadan olandan xəstədir və Hüsniyyənin başqa şəxsin qulluğuna ehtiyacı olmuşdur. Qızı onunla birgə təsərrüfatda yaşayır və İİ qrup əlildir. Hüsniyyənin əqli geriliyi var, etdiyi hərəkətlərin mənasını başa düşmür. Bu səbəbdən onun barəsində heç bir notarial hərəkətlər apara bilmirlər. Ona görə də, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar 42113 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.1977-ci ildə anadan olmuşdur. Atası X3, anası Ərizəçidır. AR ƏƏSMN 16 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli arayışdan görünür ki, X2 uşaqlıdan ikinci dərəcədə əlildir. Əlillik müddətsiz müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza» X7 X4 Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 217 nömrəli rəydən görünür ki, X2 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları ilə psixi xəstəlikdən əziyyət çəkir. Öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, ərizəçinin xx.xx.1977-ci il tarixdə doğulmuş qızı X2 ağır dərəcəli əqli gerilik diaqnozu ilə xəstədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 16 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli arayışdan görünür ki, X2 uşaqlıdan ikinci dərəcədə əlildir. Ona müddətsiz əlillik təyin edilmişdir. Məhkəmə tərəfindən X1 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi üçün əsasların olub-olmamasının müəyyən edilməsi ilə bağlı məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza» X7 X4 Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 217 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X2 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları ilə psixi xəstəlikdən əziyyət çəkir. Öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Göründüyü kimi, mülki qanunvericiliyin tələbinə görə ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluq və himayəçilik təyin edilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1977-ci Tovuz rayonu, Əyyublu kəndində doğulmuş qızı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1977-ci il tarixdə Tovuz rayonu, Əyyublu kəndində doğulmuş qızı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərvanə İsaqlı
Məhkəmə qərarları › İş №2(062)-880/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-880/2025
18.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver