Məhkəmə qərarları › İş №2(062)-905/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-905/2024

22.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-905/2024 22.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı «borcun azaldılması» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı «borcun azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 28 fevral 2023-cü il tarixli, ******* nömrəli akt əsasında ona hesablanmış 3058,56 manat cərimə məbləğinin azaldılaraq faktik istifadəyə uyğunlaşdırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X1na məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və kənar xətt aşkar edilmişdir. Etiraf edir ki, 2022-ci ilin dekabr ayında maddi imkanı aşağı olduğu üçün istifadə etdiyi qazın dəyərini ödəyə bilməmiş və ilin soyuq ayı olduğundan evin qızdırılmasına görə sayğacdan kənar xətt çəkmişdir. Həmin kənar xətt cavabdehin əməkdaşları tərəfindən xx.xx.2023-cü ildə aşkar edilmiş və ona 3058,56 manat cərimə yazılmışdır. Hansı ki, kənar xətt üzrə cəmi iki ay qazdan istifadə etmişdir. Etdiyi ödənişlər buna sübutdur. Bu səbəbdən düşünür ki, hesablanmış cərimə şişirdilmişdir. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, hesablanmış cərimə hədsiz yuxarıdır. Hansı ki, heç onun bir il üzrə istifadə etdiyi təbii qazın sərfiyyatı bir o qədər olmamışdır. Kənar xətt quraşdırdığını etiraf edir və bunun qanun pozuntusu olduğunu dərk edir. Sadəcə olaraq cərimənin məbləğini artıq hesab etdiyi üçün iddia qaldırmışdır. Onu da qeyd etdi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən texniki səhv olaraq mərhum atasının soyadı «Allahverdiyev», adı isə «Məhəmməd» kimi göstərilmişdir. Odur ki, qanunamüvafiq qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ölüm haqqında AZ İ 996252 saylı şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 28 nömrə ilə qeydiyyat aparılmışdır. Doğum haqqında 284720 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildə doğulmuşdur. X1, anası isə Səyalı Abdullayevadır. Təbii qazın alqı-satqısı barədə xx.xx.2023-ci il tarixli müqavilədən görünür ki, müqavilə paylayıcı qismində Cavabdeh İB ilə istehlakçı qismində İddiaçı arasında bağlanmışdır. Müqavilənin şərtinə əsasən paylayıcı istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, abonent Allahverdiyev (Abdullayev) Məhəmməd Əmiraslan oğluna məxsus fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tələbnamədən görünür ki, qaz piltəsi PQ-3 maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, iş rejimi 24 saat və hesabat müddəti 360 gün, iran sobası maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, iş rejimi 24 saat və hesabat müddəti 180 gün, radiator sobası maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, iş rejimi 24 saat və hesabat müddəti 180 gün, qeyri standart su qızdırıcı QSSQ (100 L) maksimal saatlıq qaz sərfi 1 m3/saat, iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və ödənilməsi qərara alınmışdır. Qaz sərfi 25488 kub metr müəyyən edilmişdir. İddiaçı məxsus abonentin saldosundan görünür ki, müvafiq akt əsasında 2023-cü ilin fevral ayı üzrə ona 3058,56 manat cərimə hesablanmışdır. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). İlk növbədə məhkəmə iddianın qaldırılması ilə bağlı iddiaçının subyektv hüququnun olub-olmamasına dair diqqətə çatdırır ki, miras əmlak faktik olaraq iddiaçı tərəfindən qəbul edilmiş və Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1255-ci maddəsində qeyd olunmuşdur ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Eyni zamanda hazırda abonent saldosundan görünür ki, kod onun adına işlənmişdir. Odur ki, iddianın qaldırılması barədə İddiaçı subyektiv hüquqa malikdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri təbii qazdan istifadə üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında təbii qazdan istifadə ilə bağlı müqavilə iş materiallarına əlavə edilmişdir. Həmin müqavilənin şərtinə əsasən paylayıcı istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndində təsbit edilmişdir ki, bu Qanunun 13cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndində göstərilmişdir ki, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.1 və 5.2-ci bəndləri.) Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə abonent tərəfindən yaşadığı mənzilə kənar xətt çəkilmişdir. Hansı ki, həmin xətt vasitəsi ilə iddiaçı təbii qazdan sayğac göstəriciləri olmadan istifadə etmişdir. Göstərilən hal iddiaçının özü tərəfindən etiraf edilmiş və qeyd olunmuşdur ki, maddi durumuş aşağı olduğu üçün bu yola əl atmışdır. Məhkəmə göstərir ki, iddiaçı tərəfindən atılmış bu addım yuxarıda sadalanan hüquq normalarının tələblərinə zidd olmuşdur. Lakin bununla belə hər bir halda iddiaçının hüquqları da istehlakçı olaraq kölgədə qalmamalı və cavabdehin ona hesablamış olduğu cərimə məbləği hüquqi müstəvidə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.10 və 3.1.11-ci bəndlərinə görə bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir Həmin Qaydaların 6.5-ci bəndinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-1-ci bəndinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-3-cü bəndinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Sadalanan normaları təhlil edən məhkəmə hesab edir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının kənar qaz xətti istifadə etməsi üzrə etdiyi tədbirlər doğru olsa belə ona hesablanmış cərimə məbləği düzgün olmamışdır. İlk növbədə yuxarıda adıçəkilən Qaydaların 6.5-3-cü bəndinin tələbləri pozulmuşdur. Çünki həmin bəndin tələbinə görə İddiaçı hesablanan cərimə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı üzrə olmalı olduğu halda sutkanın 24 saatı üzrə hesablanmışdır. Digər tərəfdən iddiaçıya məxsus abonentin saldosundan görünür ki, onun ümumiyyətlə 2021 və 2023-cü illər üzrə illik təbii qaz sərfi nəinki 3000 manatdan çox, heç 500 manatı belə keçməmişdir. Hansı ki, 2023-cü ilin fevral ayında kənar xətt aşkar edilmiş və ləğv edilmişdir. Həmin tarixdən sonrakı tarixə də nəzər saldıqda iddiaçının aylıq ödənişlərinin 2023-cü ilin yanvar və fevral ayları çıxılmaqla ümumi geri qalan 10 ay üzrə 332,48 (402,56-36,84-33,24=332,48) manat olması müəyyən edilir. Göründüyü kimi hesablanan cərimə məbləği iddiaçının illik təbii qazdan istifadəsi ilə kəskin fərqlidir. Bir məqamı da məhkəmə diqqətə çatdırır ki, qaz paylayıcısı olaraq cavabdeh təşkilatın vəzifəsi kimi istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 01 (bir) dəfə, digər qaz sayğaclarına isə 03 (üç) ayda 01 (bir) dəfə baxış keçirilməlidir. İddiaçıya məxsus fərdi yaşayış evində kənar xətt 2023-cü ilin fevral ayında aşkar edilmişdir. Bu halda iddiaçının həmin xətti 2022-ci ilin dekabr ayında qoşması ağlabatandır. Çünki qaz paylayıcısı olaraq cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə uyğun olaraq bir il ərzində sayğacın yerləşmə yerinə uyğun olaraq yoxlama tədbirləri keçirməli idi. Abonentin saldosundan isə məlum olur ki, kənar xətt üzrə aşkar edilmə halları əvvəlki illərdə olmamışdır. Olsa idi akt üzrə cərimə hesablanması əksin tapardı. Odur ki, iki aylıq kənar xətt qoşulmasına görə istehlakçıya illik sərfiyyatından dəfələrlə artıq cərimə hesablanması ədalətli ola bilməz. Bu səbəbdən məhkəmə hesablanan cərimə məbləğinin 1000 manat həddində müəyyən olunmasını qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qeyd olunan qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent kodu **********1370 olan fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixli akt əsasında yazılmış cərimə azaldılaraq 1000 (bir min) manat həddində müəyyən edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar