Məhkəmə qərarları › İş №2(063)-1015/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1015/2024

21.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1015/2024 21.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28 fevral 2024-cü il tarixli, ******* nömrəli aktla tətbiq edilmiş 172,80 manat borc məbləğinin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Ucar rayonu, Qazyan kəndində özünəməxsus evdə ailə üzvləri ilə birlikdə yaşayır, ailəsinin məişət qayğılarının həll edilməsi üçün təbii qaz xətti çəkdirmiş, abonent kodu almış və cavabdehlə bu barədə müqavilə bağlamışdır. Vaxtlı-vaxtında Cavabdeh əməkdaşının sayğaca baxış keçirdikdən sonra ona təqdim etdiyi bildirişə uyğun olaraq qazdan istifadəyə görə ödənişlər etmişdir. Cavabdeh Ağsu X5 İdarəsinin əməkdaşları 28 fevral 2024-cü il tarixdə barəsində akt tərtib etmişlər, lakin barəsində tərtib edilmiş aktın harada tərtib olunmasından xəbəri yoxdur. Dəfələrlə müraciət etdikdən sonra aktın surətini almışdır. 28 fevral 2024-cü il tarixli, ******* nömrəli akt qanunauyğun tərtib edilməmişdir, aktla tətbiq edilmiş 172,80 manat borc silinməli və hesablanmış pulun ödənilməsi öhdəliyindən azad edilməlidir. Ona məxsus fərdi yaşayış evinə keçən qazı qeyd edən sayğaca heç bir müdaxilə etməmişdir. Bununla əlaqəli nöqsan və çatışmamazlıqlardan ötrü istehlakçı məsuliyyət daşıya bilməz. İddiaçıya qeydiyyatda olduğu və iddia ərizəsində göstərdiyi yer üzrə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması əsası ilə təqdim edilmədən geri qaytarılmışdır. Məhkəmə bildirişi və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən ünvan sahibinə-cavabdehə təqdim edilməsi üçün yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına verilmişdir. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 oktyabr 2024-cü il tarixli, 5-80-11/2-767/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmasına baxmayaraq ərazidə yaşamadığına görə, məhkəmə bildirişi ünvana çatdırılması mümkün olmamış, hal-hazırda onun harada yaşaması nümayəndəliyə məlum deyildir. Həmçinin, iddiaçıya iddia ərizəsində göstərdiyi mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə “Elektron Məhkəmə İnformasiya” sistemi vasitəsi ilə “sms xəbərdarlığı barədə” bildiriş göndərilməsinə və mesajın statusunda “çatdırıldı” göstərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, cavabdehin nümayəndəsinin hazırkı iş üzrə məhkəməyə göndərdiyi ərizədə iş üzrə məhkəmənin hazırlıq və baxış iclaslarında istehsalat zərurətindən iştirak edə bilməyəcəklərini, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsinə etiraz etmədiklərini göstərmiş, tərəflərindən təqdim edilmiş sənədlərin işə əlavə edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən məhkəmə, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlməsə də cavabdehin nümayəndəsi elektron kabinet vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir, odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq mülki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin müraciətini nəzərə alaraq, idda ərizəsini və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 28 fevral 2024-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır. İş materiallarında olan Cavabdeh Ağsu X5 İdarəsinin rəisi tərəfindən 29 fevral 2024-cü il tarixdə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 kub/metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi, cəmi 1440 kub/metr göstərilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2024-cü ilin fevral ayı üçün abonentə-iddiaçıya akt üzrə 172,80 manat hesablanmışdır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı, Ucar rayonu, Qazyan kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan suiistifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilməmişdir, ona görə də iddiaçıya istehlakçı kimi əlavə pul hesablanması yuxarıda qeyd olunan qaydaların tələbinə uyğun deyildir. Məhkəmə, qeyd edilən sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən qorunmasının qeyri-mümkün olmasını nəzərə alaraq, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, həmin akta əsasən əlavə borc pul hesablandığından, bu nəticəyə gəlir ki, iddia əsaslıdır və ona görə də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2024-cü il tarixli, ******* nömrəli aktına əsasən İddiaçı hesablanmış 172 (bir yüz yetmiş iki) manat 80 (səksən) qəpik məbləğində borc onun hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar