Məhkəmə qərarları › İş №2(063)-1122/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1122/2024

01.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1122/2024 01.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Ağsu X5 İdarəsi tərəfindən təsdiq edilmiş 05 dekabr 2023-cü il tarixli, ******* nömrəli aktla təsdiq edilmiş 3110,40 manat və 29 fevral 2024-cü il tarixli, ******* nömrəli aktla təsdiq edilmiş 743,04 manat borc məbləğlərinin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Ağsu X5 İdarəsi tərəfindən təsdiq edilmiş 05 dekabr 2023-cü il tarixli, ******* nömrəli akta (3110,40 manat), həmçinin, 29 fevral 2024-cü il tarixli, ******* nömrəli akta (743,04 manat) görə evində sayğacdan kənar əlavə qaz xəttlərindən istifadəyə görə itirilmiş qazla bağlı ona iki akt üzrə ümumilikdə 3853,44 manat məbləğində borc yazılmışdır. Cavabdeh tərəfindən qazın sayğacla müəyyənləşdirilən hesabını ona təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində o, borcunu tam şəkildə ödəyir. Sayğacdan kənar əlavə qaz xəttləri çəkilsə də ailəvi olaraq qorxularından həmin kənar xəttlərdən tam şəkildə istifadə edə bilməmişlər. Hazırda aylıq olaraq istifadə etdiyi qazın pulunu ödəyir. Ərizəyə əlavə edilmiş abonent saldosundan görünür ki, onlar ailəvi olaraq il ərizndə aylıq 12-15 manatlıq qaz istifadə edirlər. Ona 05 dekabr 2023-cü il tarixli akta görə 360 gün üçün itirilmiş qazın bərpası ilə bağlı hesablanmış 3110,40 manat məbləğ ümumilikdə ağlabatan deyil, çünki, o, ortalama aylıq 15 manat olmaqla, ümumilikdə il ərzində 180 manatlıq qaz istifadə edir. Habelə, 29 fevral 2024-cü il tarixli akta görə 86 gün üçün itirilmiş qazın bərpası ilə bağlı hesablanmış 743,04 manatlıq məbləğ də ağlabatan deyil. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi və əlavə olaraq bildirdi ki, cavabdehin nümayəndəsinin iddia ərizəsinə qarşı verdiyi etirazla razı deyil, kənar xəttdən ümumiyyətlə istifadə olunmamışdır. Cavabdehin hesabladığı məbləğ də ağlabatan deyil və çox hesablanmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh nümayəndəsi iddiaya qarşı məhkəməyə etiraz göndərmiş, habelə ərizə göndərib iş üzrə məhkəmənin hazırlıq və baxış iclaslarında istehsalat zərurətindən iştirak edə bilməyəcəklərini, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsinə etiraz etmədiklərini göstərmiş, tərəflərindən təqdim edilmiş sənədlərin işə əlavə edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazda göstərilmişdir ki, Ucar rayonu, Qazyan kəndində yaşayan İddiaçı Ucar Rayon Məhkəməsində iddia qaldıraraq əsassız hesablanmış 3110 manat və 743,04 manat borc məbləğlərinin silinməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun mənzilində sayğacdan kənar, qeyri-qanuni qazdan istifadə edilmədiyini bildirərək hesablanmış məbləğlərin əsassız olduğu üçün silinməsini xahiş etmişdir. Hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, 05 dekabr 2023-cü il tarixində ”Azəriqaz” X3 X5 İdarəsinin Ucar xidmət sahəsinin əməkdaşları Ucar rayonu, Qazyan kəndində yaşayan İddiaçı fərdi yaşayış evinə baxış keçirərək mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı 05 dekabr 2023-cü il tarxli, ******* nömrəli ”təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh Ağsu X5 İdarəsinə göndərilmişdir. 05 dekabr 2023-cü il tarxli, ******* nömrəli ”təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 05 dekabr 2023-cü il tarixdə Ağsu X5 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Ucar xidmət sahəsinin abonent bazasındakı **********05430 nömrəli abonent koduna 25920 kub.metr-3110,40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Bundan başqa, 29 fevral 2024-cü il tarixində ”Azəriqaz” X3 X5 İdarəsinin Ucar xidmət sahəsinin əməkdaşları Ucar rayonu, Qazyan kəndində yaşayan iddiaçının fərdi yaşayış evinə yenidən baxış keçirərək, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı 29 fevral 2024-cü il tarxli, ******* nömrəli ”təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh Ağsu X5 İdarəsinə göndərilmişdir. 29 fevral 2024-cü il tarxli, ******* nömrəli ”təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 29 fevral 2024-cü il tarixdə Ağsu X5 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək iddiaçının Ucar xidmət sahəsinin abonent bazasındakı **********05430 nömrəli abonent koduna 6192 kub.metr-743,04 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğlər onun fərdi yaşayış evində sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə Ucar xidmət sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli “Qazdan istifadə qaydaları haqqında” Qərarın 6.5-ci bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 217, 218 və 220-ci maddələrinə istinad edərək Ucar rayonu, Qazyan kəndində yaşayan iddiaçının əsassız hesablanmış 3110 və 743,04 manat borc məbləğlərinin silinməsi tələbinə dair ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, cavabdehin nümayəndəsinin etirazını, işin faktiki hallarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 05 dekabr 2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, 05 dekabr 2023-cü ildə Cavabdeh Ağsu X5 İdarəsinin Ucar Xidmət Sahəsinin əməkdaşları tərəfindən istehlakçıya məxsus qeyri-yaşayış (yaşayış) sahəsində təbii qazın uçotu və TQİQ-ə riayət olunması yoxlanılmışdır, baxış keçirilən zaman abonentin sayğacını açaraq rezin boru vasitəsilə qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh Ağsu X5 İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 05 dekabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz sayğacının nominal saatlıq qaz sərfi 6 kub/metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin (6x12x360=25920 kub.metr) ödənilməsi göstərilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2023-cü ilin noyabr ayı üçün abonentə-iddiaçıya akt üzrə 3110,40 manat hesablanmışdır. İş materiallarında olan 29 fevral 2024-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, 29 fevral 2024-cü ildə Cavabdeh Ağsu X5 İdarəsinin Ucar Xidmət Sahəsinin əməkdaşları tərəfindən istehlakçıya məxsus qeyri-yaşayış (yaşayış) sahəsində təbii qazın uçotu və TQİQ-ə riayət olunması yoxlanılmışdır, baxış keçirilən zaman 29 fevral 2024-cü il tarixdə gecə reyidi zamanı abonentin təbii qazdan şlanq vasitəsi ilə qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh Ağsu X5 İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 29 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz isayğacının nominal saatlıq qaz sərfi 6 kub/metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 86 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin (6x12x86=6192 kub.metr) ödənilməsi göstərilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2024-cü ilin fevral ayı üçün abonentə-iddiaçıya akt üzrə 743,04 manat hesablanmışdır. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Ucar rayonu, Qazyan kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçının təqsirli hərəkətinə görə cavabdehin iddiaçıdan zərərin əvəzini ödənilməsini tələb etmək hüququ vardır, cavabdeh tərəfindən hesabat müddəti müvafiq olaraq 360 gün və 86 gün göstərilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, məhkəmə cavabdehin bu hesabatını qismən əsaslı hesab edir və bu nəticəyə gəlir ki, cavabdehin 05 dekabr 2023cü il tarixli aktına əsasən hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş təbii qazın (6 kub.metr/saat x 12 saat x 30 gün = 2160 kub.metr) dəyərinə görə iddiaçıya 259,20 manat (2160 kub.metr x 0,12 manat) məbləğində pul və 29 fevral 2024-cü il tarixli aktına əsasən hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş təbii qazın (6 kub.metr/saat x 12 saat x 30 gün = 2160 kub.metr) dəyərinə görə iddiaçıya 259,20 manat (2160 kub.metr x 0,12 manat) məbləğində pul hesablanmalıdır. Məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçıya Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 05 dekabr 2023-cü il tarixli, ******* nömrəli aktına əsasən itirilmiş qazın dəyəri-dəymiş ziyanın miqdarı 259 (iki yüz əlli doqquz) manat 20 (iyirmi) qəpik məbləğində müəyyən edilməli və 2851 (iki min səkkiz yüz əlli bir) manat 20 (iyirmi) qəpik məbləğində pul onun abonent hesabından silinməli, habelə iddiaçıya Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 fevral 2024cü il tarixli, ******* nömrəli aktına əsasən itirilmiş qazın dəyəri-dəymiş ziyanın miqdarı 259 (iki yüz əlli doqquz) manat 20 (iyirmi) qəpik məbləğində müəyyən edilməli və 483 (dörd yüz səksən üç) manat 84 (səksən dörd) qəpik məbləğində pul onun abonent hesabından silinməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 05 dekabr 2023-cü il tarixli, ******* nömrəli aktına əsasən itirilmiş qazın dəyəri-dəymiş ziyanın miqdarı 259 (iki yüz əlli doqquz) manat 20 (iyirmi) qəpik məbləğində müəyyən edilsin və 2851 (iki min səkkiz yüz əlli bir) manat 20 (iyirmi) qəpik məbləğində pul onun abonent hesabından silinsin. İddiaçı Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 fevral 2024-cü il tarixli, ******* nömrəli aktına əsasən itirilmiş qazın dəyəri-dəymiş ziyanın miqdarı 259 (iki yüz əlli doqquz) manat 20 (iyirmi) qəpik məbləğində müəyyən edilsin və 483 (dörd yüz səksən üç) manat 84 (səksən dörd) qəpik məbləğində pul onun abonent hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar