Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1148/2025 12.01.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X3, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X4 iştirakları ilə Ərizəçi, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək X1 fəaliyyət qabiliyyətsiz hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, övladı X5 21 avqust 2007-ci il tarixdə anadan olmuş və doğuşdan "perinatal hipoksin ensefalopatiya" diaqnozu ilə qeydiyyata alınmışdır. Bu səbəbdən uşaqlıq dövründən etibarən uşağa əlillik təyin edilmiş və 18 yaşı tamam olduqdan sonra da onun İ dərəcəli əlillik statusu yenidən rəsmi olaraq təsdiq olunacaqdır. Hazırda da bu status qüvvədədir. Övladı Zeynəb psixi və fiziki cəhətdən fəaliyyət qabiliyyətsizdir, öz iradəsini sərbəst ifadə edə və hüquqi əqdlər bağlaya bilmir. Bu səbəbdən onun adından maliyyə əməliyyatları aparmaq, bank hesabından müavinət və ya təqaüd almaq və digər hüquqi addımlar atmaq mümkün deyildir. Bu məqsədlə "Azərbaycan Beynəlxalq Bankı"nın Ucar filialına müraciət etmişdir. Lakin bank əməkdaşları onun hüquqi təmsilçiliyini tanımamışdır, mütləq məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs olması barədə qətnamə təqdim edilməsini tələb etmişlər. Ərizəçi məhkəmə iclasında tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında ərizədə göstərilənləri təsdiq etdiyini bildirdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, ekspert rəyi ilə tanış olmuşdur. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, ekspert rəyini və işin faktiki hallarını araşdıraraq, işdə olan sübutları tədqiq etməklə, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X6 və anası Ərizəçi olan X5 21 avqust 2007-ci ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 21 avqust 2007-ci ildə doğulmuş X5 “G80.0 kvadroplegik spastik serebral iflic, uşaq serebral kvadroplegik spastik serebral iflic” diaqnozu ilə müddətsiz ümumi xəstəlikdən birinci dərəcəli əlildir. İş materiallarında olan ambulator kitabçadan çıxarışda X1 diaqnozu-əsas xəstəliyi "kvadroplegik spastik serebral iflic" göstərilmişdir. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, ərizəçi, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatdadır. Ucar Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2(063)-1148/2025 nömrəli qərardadı ilə Ərizəçi, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizəsinə dair mülki iş üzrə 21 avqust 2007-ci ildə doğulmuş X1 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 ambulator məhkəmə psixiatrik ekspertizasının 29 oktyabr 2025-ci il tarixli, 3676 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs X2 uşaq serebral iflici nəticəsində yaranan dərin əqli gerilik, (idiotiya dərəcəsində oliqofreniya) müəyyən edilir. Yoxlanılan şəxs X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olunur ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir və onun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 21 avqust 2007-ci ildə Göyçay şəhərində doğulmuş və Ucar rayonu, Qarabörk kəndində yaşayan X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir, ərizənin təmin edilməsi üçün qanunauyğun əsaslar vardır, buna görə də ərizə təmin edilməli və 21 avqust 2007-ci ildə Göyçay şəhərində doğulmuş və Ucar rayonu, Qarabörk kəndində yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 21 avqust 2007-ci ildə Göyçay şəhərində doğulmuş və Ucar rayonu, Qarabörk kəndində yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(063)-1148/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1148/2025
12.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver