Məhkəmə qərarları › İş №2(063)-1152/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1152/2025

12.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1152/2025 12.01.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi X2 iştirakları ilə Ərizəçi, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək 19 yanvar 1965-ci ildə Ucar rayonunun Qazyan kəndində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o və X7 nikahlarını 17 dekabr 1988-ci il tarixdə Ucar rayonu Qazyan kənd sovetliyində 45 nömrə ilə dövlət qeydiyyatına aldırmaqla ailə qurmuşlar. X3 hal-hazırda birinci dərəcəli (orqanizm funksiyalarının pozulması faizi 100 faiz) əlildir və ona "toksiki ensefalopatiya, toksiki metobolik ensafalopatiya, spastik tetraplegiya, tam tertaplegiya vegetativ vəziyyət" diaqnozu qoyulmuşdur. Qeyd olunan xəstəliyi ilə bağlı onun tez-tez ağır tutmaları olur ki, bu zaman da o çox aqressiv olur və ətrafdakılar üçün təhlükə törədir. Xəstəliyi ilə bağlı onun həmçinin hərəkət qabiliyyəti yoxdur. Hərəkət edə bilmədiyi və mövcud xəstəliyi üçün onun işləri ilə əlaqədar ayrı-ayrı müəssisə, təşkilat və orqanlara getməsi mümkün deyildir. Hal-hazırda isə o, müəyyən təşkilatlara getməyə məcburdur. (məsələn, əlilliklə bağlı pensiya kartını almaq üçün banka getməlidir və s.). Bunun üçün də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir ki, daha sonra qəyyumluq və himayəçilik orqanından qəyyumluq barədə müvafiq qərar alaraq, həmin orqanlarda arvadının adından onun yerinə iştirak etsin. Ərizəçi məhkəmə iclasında tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında ərizədə göstərilənləri təsdiq etdiyini bildirdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, ekspert rəyi ilə tanış olmuşdur. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, ekspert rəyini və işin faktiki hallarını araşdıraraq, işdə olan sübutları tədqiq etməklə, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı, 06038839 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 19 yanvar 1965-ci ildə doğulmuş X4 şəhəri, Ş.İ.Xətai küçəsi, ev 27-də qeydiyyatdadır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X8 17 dekabr 1988-ci ildə nikahlarını bağlamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 19 yanvar 1965-ci ildə doğulmuş X7 “Toksiki ensefalopatiya, toksiki metobolik ensafalopatiya.Spastik tetraplegiya, tam tetraplegiya vegetativ vəziyyət” diaqnozu ilə müddətsiz ümumi xəstəlikdən birinci dərəcəli əlildir. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, ərizəçi, Ucar şəhəri, Ş.İ.Xətai küçəsi, ev 27-də qeydiyyatdadır. Ucar Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 2(063)-1152/2025 nömrəli qərardadı ilə Ərizəçi, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizəsinə dair mülki iş üzrə 19 yanvar 1965-ci ildə doğulmuş X5 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 ambulator məhkəmə psixiatrik ekspertizasının 12 noyabr 2025-ci il tarixli, 3819 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs X6 demensiya (travma mənşəli) ağıl zəifliyi müəyyən edilir. Yoxlanılan şəxs X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. Onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olunur ki, X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir və onun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 19 yanvar 1965-ci ildə Ucar rayonu, Qazyan kəndində doğulmuş və Ucar şəhəri, Ş.İ.Xətai küçəsi, ev 27-də yaşayan X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir, ərizənin təmin edilməsi üçün qanunauyğun əsaslar vardır, buna görə də ərizə təmin edilməli və 19 yanvar 1965ci ildə Ucar rayonu, Qazyan kəndində doğulmuş və Ucar şəhəri, Ş.İ.Xətai küçəsi, ev 27-də yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 19 yanvar 1965-ci ildə Ucar rayonu, Qazyan kəndində doğulmuş və Ucar şəhəri, Ş.İ.Xətai küçəsi, ev 27-də yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar