Məhkəmə qərarları › İş №2(063)-128/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-128/2025

23.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-128/2025 23.01.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Ağsu X9 İdarəsi tərəfindən təsdiq edilmiş 26 fevral 2021-ci il tarixli, ******* nömrəli aktla **********03970 nömrəli abonentə hesablanmış 216 manat borc məbləğinin həmin abonentin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Ağsu X9 İdarəsi tərəfindən təsdiq edilmiş 26 fevral 2021-ci il tarixli, ******* nömrəli akta görə onların evinin həyətindən kənarda quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacda müəyyən nasazlıqlar aşkar edilmişdir. Müəyyən edilmiş nasazlıqlara görə həmin aktı əsas tutaraq mərhum atasının üzərinə haqsız yerə 216 manat borc yazılmışdır. Lakin 26 fevral 2021-ci il tarixli, ******* nömrəli aktın ümumiyyətlə harada yazılmasından nə mərhum atasının, nə də ailə üzvü kimi onun xəbəri olmamışdır. Həmçinin, 26 fevral 2021-ci il tarixli, ******* nömrəli aktla bağlı sənədləri idarədən istəmiş, lakin bəzi sənədlərin ona surətini vermişlər. Mərhum atası və onun ailə üzvləri sayğaca hər hansı bir müdaxilə etməmişlər, onlar qaz sayğacına ümumiyyətlə baxmırlar, qaz sayğacına yalnız cavabdeh təşkilatın nümayəndələri baxır və bundan sonra bildiriş verirlər. Atası vəfat etdikdən sonra o, sayğacı öz adına keçirmişdir, bu abonent saldosundan aydın görünür. Belə ki, hər iki abonent saldosunda abonentin nömrəsi eynidir. O, Cavabdeh ilə qazın alqı-satqısı müqaviləsi bağlamışdır. Mərhum atası və onun ailə üzvləri qaz sayğacına müdaxilə ilə bağlı inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməmişlər. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq bildirdi ki, həmin akta əsasən hesablanmış borc abonent saldosunda onun borcu kimi göstərilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh nümayəndəsi hazırkı iş üzrə məhkəməyə göndərdiyi ərizədə iş üzrə məhkəmənin hazırlıq və baxış iclaslarında istehsalat zərurətindən iştirak edə bilməyəcəklərini, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsinə etiraz etmədiklərini göstərmiş, tərəflərindən təqdim edilmiş sənədlərin işə əlavə edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib işin faktiki hallarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 26 fevral 2021-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın (abonent X3, abonent nömrəsi **********03970 olan) surətindən görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilmiş və yapışqan maddə ilə yenidən yerinə bərpa olunmuşdur, çıxış plastmas borusu kənar təsir (istilik) nəticəsində oturacaqdan aralanmışdır. İş materiallarında olan Cavabdeh Ağsu X9 İdarəsinin rəisi tərəfindən 26 fevral 2021-ci il tarixdə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 kub/metr/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi, cəmi 2160 kub/metr göstərilmişdir. İş materiallarında olan abonent saldosundan (abonent İddiaçı, abonent nömrəsi **********03970 olan) görünür ki, hazırkı iş üzrə iddiaçının abonent hesabında akt üzrə 2021-ci ilin fevral ayı üçün hesablanmış 216 manat borcu vardır. İş materiallarında olan AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 27 iyun 2024-cü ildə ölmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan suiistifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, istehlakçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, istehlakçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilməmişdir, ona görə də istehlakçıya-abonentə əlavə pul hesablanması yuxarıda qeyd olunan qaydaların tələbinə uyğun deyildir. Məhkəmə, qeyd edilən sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, bu səbəbdən istehlakçının sayğacı kənar müdaxilələrdən qorunmasının qeyri-mümkün olmasını nəzərə alaraq, müdaxilənin məhz istehlakçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, həmin akta əsasən əlavə borc pul hesablandığından, bu nəticəyə gəlir ki, iddia əsaslıdır və ona görə də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 26 fevral 2021-ci il tarixli, ******* nömrəli aktına əsasən Ucar rayonu, Qazıqumlaq kəndində **********03970 nömrəli abonentə-X2 hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc abonentin-İddiaçı hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar