Məhkəmə qərarları › İş №2(063)-1567/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-1567/2025

30.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-1567/2025 30.01.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 oktyabr 2025-ci il tarixli, ******* nömrəli aktla təsdiq edilmiş 135,30 manat borc məbləğinin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Ucar rayonu, Bərgüşad kəndində özünəməxsus evdə ailə üzvləri ilə birlikdə yaşayır, ailəsinin məişət qayğılarının həll edilməsi üçün təbii qaz xətti çəkdirmiş, abonent kodu almış və cavabdehlə bu barədə müqavilə bağlamışdır. Vaxtlı-vaxtında Cavabdeh əməkdaşının sayğaca baxış keçirdikdən sonra ona təqdim etdiyi bildirişə uyğun olaraq qazdan istifadəyə görə ödənişlər etmişdir. Cavabdeh Ağsu X4 İdarəsinin əməkdaşları 16 oktyabr 2025-ci il tarixdə barəsində akt tərtib etmişlər, lakin barəsində tərtib edilmiş aktın harada tərtib olunmasından xəbəri yoxdur. Dəfələrlə müraciət etdikdən sonra aktın surətini almışdır. 16 oktyabr 2025-ci il tarixli, ******* nömrəli akt qanunauyğun tərtib edilməmişdir, aktla tətbiq edilmiş 135,30 manat borc silinməli və hesablanmış pulun ödənilməsi öhdəliyindən azad edilməlidir. Ona məxsus evə keçən qazı qeyd edən sayğaca heç bir müdaxilə etməmişdir. Bununla əlaqəli nöqsan və çatışmazlıqlardan ötrü istehlakçı məsuliyyət daşıya bilməz. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq izahatında göstərdi ki, yaşadığı evə dair qaz sayğacı evdən kənarda, yəni küçədə quraşdırılmışdır, o, sayğaca müdaxilə etməmiş və inzibati məsuliyyətə cəlb olunmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, cavabdehin nümayəndəsinin hazırkı iş üzrə məhkəməyə göndərdiyi ərizədə iş üzrə məhkəmənin hazırlıq və baxış iclaslarında istehsalat zərurətindən iştirak edə bilməyəcəklərini, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsinə etiraz etmədiklərini göstərmiş, tərəflərindən təqdim edilmiş sənədlərin işə əlavə edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək, cavabdehin nümayəndəsinin müraciətini nəzərə alaraq, işin faktiki hallarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 16 oktyabr 2025-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh Ağsu X4 İdarəsinin rəisi tərəfindən 22 oktyabr 2025-ci il tarixdə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə cəmi 1082,4 kub/metr həcmində itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması, cəmi 135,3 manat göstərilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2025-ci ilin oktyabr ayı üçün abonentə-iddiaçıya akt üzrə 135,30 manat hesablanmışdır. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan suiistifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilməmişdir, ona görə də iddiaçıya istehlakçı kimi əlavə pul hesablanması yuxarıda qeyd olunan qaydaların tələbinə uyğun deyildir. Məhkəmə, qeyd edilən sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən qorunmasının qeyri-mümkün olmasını nəzərə alaraq, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, həmin akta əsasən əlavə borc pul hesablandığından, bu nəticəyə gəlir ki, iddia əsaslıdır və ona görə də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 oktyabr 2025-ci il tarixli, ******* nömrəli aktına əsasən İddiaçı hesablanmış 135 (bir yüz otuz beş) manat 30 (otuz) qəpik məbləğində borc onun hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar