Məhkəmə qərarları › İş №2(063)-175/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-175/2024

06.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-175/2024 06.02.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azəriqaz” X3 X4 İdarəsinin Ucar xidmət sahəsi üzrə rəis müavini tərəfindən təsdiq edilmiş 10 may 2023-cü il tarixli, ******* nömrəli aktla ona hesablanmış 172,80 manat borc məbləğinin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında göstərdi ki, “Azəriqaz” X3 X4 İdarəsinin Ucar xidmət sahəsi üzrə rəis müavini tərəfindən təsdiq edilmiş 10 may 2023-cü il tarixli, ******* nömrəli akta görə onların evinin həyətindən kənarda quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizmi keçən qazın sərfini qeydə almadığı və təbii qaz itkisinin yarandığı aşkar edilmişdir. Buna görə də həmin aktı əsas tutaraq ona haqsız olaraq 172,80 manat borc yazılmışdır. Lakin 10 may 2023-cü il tarixli, ******* nömrəli aktın ümumiyyətlə harada və hansı tarixdə yazılmasından xəbəri olmamış və akta imza etmək ona təklif edilməmişdir. O, sayğaca hər hansı müdaxilə etməmişdir, qaz sayğacına cavabdeh təşkilatın nümayəndələri baxır və bundan sonra onlara bildiriş verirlər. Əlavə olaraq bildirdi ki, yaşadıqları mənzilə dair qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır, o və ailə üzvləri sayğaca müdaxilə etməmişlər və inzibati məsuliyyətə cəlb olunmamışlar. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi hazırkı iş üzrə məhkəməyə göndərdiyi ərizədə istehsalat zərurəti ilə əlaqədar olaraq həmin məhkəmənin hazırlıq və baxış iclaslarında iştirak edə bilməyəcəyini göstərmiş, ona görə də məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini və tərəfindən təqdim edilmiş sənədlərin işə əlavə edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin faktiki hallarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 10 may 2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, hesablama mexanizmi keçən qazın sərfini qeydə almır, sayğac açılaraq daxilinə baxış keçirildi, sayğacın hesablayıcı mexanizmini hərəkətə gətirən dişli çarxın oxunun yuvasından çıxdığı aşkar edildi, sayğac istismara yararsızdır. İş materiallarında olan “Azəriqaz” X3 X4 İdarəsinin rəisi tərəfindən 10 may 2023-cü il tarixdə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 kub/metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi, cəmi 1440 kub/metr göstərilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2023-cü ilin aprel ayı üçün abonentə-iddiaçıya akt üzrə 172,80 manat hesablanmışdır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı, Ucar şəhəri, H.Əliyev prospekti, ev 133-də qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilməmişdir, ona görə də iddiaçıya istehlakçı kimi əlavə pul hesablanması yuxarıda qeyd olunan qaydaların tələbinə uyğun deyildir. Məhkəmə, qeyd edilən sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən qorunmasının qeyri-mümkün olmasını nəzərə alaraq, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, həmin akta əsasən əlavə borc pul hesablandığından, bu nəticəyə gəlir ki, iddia əsaslıdır və ona görə də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 10 may 2023-cü il tarixli, ******* nömrəli aktına əsasən İddiaçı hesablanmış 172 (bir yüz yetmiş iki) manat 80 (səksən) qəpik məbləğində borc onun hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar