Məhkəmə qərarları › İş №2(063)-397/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-397/2024

13.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-397/2024 13.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh təşkilat tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 noyabr 2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 3421,44 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, abonent kodu **********05600 olan ünvana cavabdeh təşkilat tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və həmin akta əsasən 3421,44 manat məbləğində borc hesablanmışdır. Tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Cavabdeh təşkilat tərəfindən tərtib olunmuş aktla razılaşmır, qaz sayğacına heç bir müdaxilə edilməmişdir və tələb olunan məbləği əsassız hesab edir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə akt rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir, lakin akt onun iştirakı olmadan tərtib olunmuşdur. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə o, günahkar deyildim. Qaz sayğacına heç bir müdaxilə edilməmiş, qeyri-qanuni qoşulma olmamış, həmçinin onunla Cavabdeh arasında bu məsuliyyəti üzərinə götürüəcək heç bir anlaşma və müqavilə imzalanmamışdır. Sayğac onun mülkiyyətinin əhatəsi xaricində olduğundan, həmin qaz sayğacına görə heç bir məsuliyyət daşımır. Cavabdeh təşkilatın əməkdaşları əsassız olaraq cərimə etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərdiklərindən fərqli olaraq izahat verərək bildirdi ki, 27 noyabr 2023-cü il tarixdə evdə nəvəsi ilə tək olmuş, qəfildən evə qaz nəqli borcu olduğu üçün kəsilmişdir. O, heç kimi olmadığından, yaşlı qadın olaraq evdə soyuq şəraitdə olmaması üçün kənar xətdən istifadə etmişdir. Əməlinin qanunsuz olduğunu dərk edir, bundan başqa, barəsində qəbul edilən qərarla razı olsa da, başqa çarəsi olmadığı üçün bu hərəkəti etmişdir. Ona görə də iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh nümayəndəsi məhkəməyə etiraz göndərib etirazda göstərilmişdir ki, 27 noyabr 2023-cü il tarixində Cavabdeh Ağsu X5 İdarəsinin Ucar xidmət sahəsinin əməkdaşları Ucar rayonu, Qazyan kəndində yaşayan İddiaçı fərdi yaşayış evinə baxış keçirərək, mənzildə təbii qazdan qeyri-qanuni istifadə edildiyini (mənzilə quraşdırılmış faktiki qaz sayğacını açaraq yerinə rezin şlank keçirərək təbii qazdan qeyri-qanuni istifadə edir) aşkar etmiş, bununla bağlı 27 noyabr 2023-cü tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh Ağsu X5 İdarəsinə göndərilmişdir. Mənzildə təbii qazdan istifadənin aşkar edilməsi zamanı mobil telefon vasitəsi ilə foto çəkiliş aparılmışdır. 27 noyabr 2023cü il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 30 noyabr 2023-cü il tarixdə Ağsu X5 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı Ucar xidmət sahəsinin abonent bazasındakı **********05600 nömrəli abonent koduna 28512 m3-3421.44 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 3421,44 manat məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə Ucar xidmət sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, Cavabdeh nümayəndəsinin etirazını, habelə işin faktiki hallarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 27 noyabr 2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, 27 noyabr 2023-cü ildə Cavabdeh Ağsu X4 İdarəsinin Ucar Xidmət Sahəsinin əməkdaşları tərəfindən istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-ə riayət olunması yoxlanılmışdır, baxış keçirilən zaman abonentin mənzilinə gedən qaz xəttinə quraşdırılmış qaz sayğacını açaraq rezin boru ilə qoşaraq qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh Ağsu X4 İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 30 noyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz işlədicilərindən 1 ədəd PQ-4 maksimal saatlıq qaz sərfi 1.2 kub/metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, 1 ədəd PQ-3 maksimal saatlıq qaz sərfi 0.8 kub/metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, 1 ədəd PQ-2 maksimal saatlıq qaz sərfi 0.6 kub/metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, 2 ədəd dəmir soba maksimal saatlıq qaz sərfi 1.4 kub/metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, 1 ədəd axımlı su qızdırıcı maksimal saatlıq qaz sərfi 2.6 kub/metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğ 28512 kub/metr/saat göstərilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2023-cü ilin noyabr ayı üçün abonentə-iddiaçıya akt üzrə 3421,44 manat hesablanmışdır. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İddiaçı 27 noyabr 2023-cü il tarixdə Ucar rayonu, Qazyan kəndində yaşadığı evdə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində 3421,44 manat ziyan vurmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndində əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən bu qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçının təqsirli hərəkətinə görə cavabdehin iddiaçıdan zərərin əvəzini ödənilməsini tələb etmək hüququ vardır, cavabdeh tərəfindən hesabat müddəti 360 gün göstərilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, məhkəmə cavabdehin bu hesabatını qismən əsaslı hesab edir və bu nəticəyə gəlir ki, cavabdehin 27 noyabr 2023-cü il tarixli aktına əsasən hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş təbii qazın dəyərinə görə iddiaçıya cəmi 345,60 manat məbləğində pul hesablanmalıdır. Belə ki, yuxarıda qeyd olunan Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı X1 Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27 noyabr 2023-cü il tarixli, ******* nömrəli aktına əsasən itirilmiş qazın dəyəri-dəymiş ziyanın miqdarı 345,60 manat məbləğində müəyyən edilməli və 3075,84 manat məbləğində pul onun abonent hesabından silinməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı X1 Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27 noyabr 2023-cü il tarixli, ******* nömrəli aktına əsasən itirilmiş qazın dəyəri-dəymiş ziyanın miqdarı 345 (üç yüz qırx beş) manat 60 (altmış) qəpik məbləğində müəyyən edilsin və 3075 (üç min yetmiş beş) manat 84 (səksən dörd) qəpik məbləğində pul onun abonent hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar