Məhkəmə qərarları › İş №2(063)-582/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(063)-582/2024

07.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(063)-582/2024 07.06.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Ağsu X4 İdarəsinin Ucar xidmət sahəsi üzrə rəisi tərəfindən təsdiq edilmiş 31 mart 2021-ci il tarixli, ******* nömrəli aktla ona hesablanmış 216 manat borc məbləğinin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Ağsu X4 İdarəsinin Ucar xidmət sahəsi üzrə rəis müavini tərəfindən təsdiq edilmiş 31 mart 2021-ci il tarixli, ******* nömrəli akta görə onların evinin həyətindən kənarda quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin yan tərəfdən əzildiyi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu və təbii qaz itkisinin yarandığı aşkar edilmişdir. Buna görə də həmin aktı əsas tutaraq ona haqsız olaraq 216 manat borc yazılmışdır. Həmin akt əsassızdır, o, sayğaca hər hansı müdaxilə etməmişdir, qaz sayğacına cavabdeh təşkilatın nümayəndələri baxır və bundan sonra onlara bildiriş verirlər. O, da həmin bildiriş əsasında sərf etdiyi qazın dəyərini ödəyir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi müvafiq olaraq təqdim edilməsinə və göndərilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişlər, iddiaçı məhkəməyə ərizə göndərib (imzasının həqiqiliyi notarial qaydada təsdiq edilmişdir) məhkəmə baxış iclasında səhhəti ilə əlaqədar həmin tarixdə ölkə xaricində olacağını, ona görə də təyin olunmuş iclasda iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini göstərmiş və məhkəmə baxış iclaslarını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, cavabdehin nümayəndəsi hazırkı iş üzrə məhkəməyə göndərdiyi ərizədə iş üzrə məhkəmənin hazırlıq və baxış iclaslarında istehsalat zərurətindən iştirak edə bilməyəcəklərini, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsinə etiraz etmədiklərini göstərmiş, tərəflərindən təqdim edilmiş sənədlərin işə əlavə edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin müraciətlərini nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq tərəflərin iştirakları olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin müraciətlərini nəzərə alaraq və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 31 mart 2021-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın üzərində zavod seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdədir, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilimiş və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. İş materiallarında olan Cavabdeh Ağsu X4 İdarəsinin rəisi tərəfindən 31 mart 2021-ci il tarixdə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 kub/metr/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi, cəmi 2160 kub/metr göstərilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2021-ci ilin mart ayı üçün abonentə-iddiaçıya akt üzrə 216 manat hesablanmışdır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı, Ucar rayonu, Alpout kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilməmişdir, ona görə də iddiaçıya istehlakçı kimi əlavə pul hesablanması yuxarıda qeyd olunan qaydaların tələbinə uyğun deyildir. Məhkəmə, qeyd edilən sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən qorunmasının qeyri-mümkün olmasını nəzərə alaraq, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, həmin akta əsasən əlavə borc pul hesablandığından, bu nəticəyə gəlir ki, iddia əsaslıdır və ona görə də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2021-ci il tarixli, ******* nömrəli aktına əsasən İddiaçı hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc onun hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar