Məhkəmə qərarları › İş №2(063)-604/2024

Ucar Rayon Məhkəməsi Qərardad — İş №2(063)-604/2024

05.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 2(063)-604/2024 05.08.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ucar elektrik şəbəkəsinin 01 aprel 2024-cü il tarixli, 329353 saylı aktına əsasən ona hesablanmış 651,59 manat məbləğində borcun onun abonent hesabından silinməsini xahiş etmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında mübahisəni barışıq yolu ilə həll etdiklərini və barışıq sazişi ilə məhkəməyə müraciət edib barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin şərtlərinə görə İddiaçı, iddia tələbini dəyişərək cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 01 aprel 2024-cü il tarixində Akt R 329353 saylı akta əsasən hesablanan 651,59 manat məbləğində enerji haqqı dəyərinin tam silinməsini tələb etmir və həmin məbləğin azaldılaraq 400 (dörd yüz) manat müəyyən edilməsinə razılıq verir və həmin məbləğin hissə-hissə ödənilməsini öhdəsinə götürür. Cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X4 elektrik enerjisindən istifadəyə görə enerjitəchizatı müəssisəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş 01 aprel 2024-cü il tarixli, Akt R 329353 nömrəli akta əsasən hesablanmış 651,59 manat məbləğində enerji haqqı dəyərinin yuxarıda göstərilən qaydada azaldılaraq 400 manat məbləğində müəyyən edilməsinə etiraz etmir və gələcəkdə mübahisələndirməyəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsi ilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsi ilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsi ilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan tələbinə əsaslanaraq hesab edir ki, iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi barışıq sazişinin şərtlərini müəyyən etməklə razılığa gəlmişlər, barışıq sazişinin şərtləri qanunazidd deyildir və tərəflərin hüququnu pozmur, buna görə də yuxarıda göstərilən şərtlərlə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməli, eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən tərəflərə barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələri izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5, 262, 263, 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “İddiaçı, iddia tələbini dəyişərək cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 01 aprel 2024-cü il tarixində Akt R 329353 saylı akta əsasən hesablanan 651,59 manat məbləğində enerji haqqı dəyərinin tam silinməsini tələb etmir və həmin məbləğin azaldılaraq 400 (dörd yüz) manat müəyyən edilməsinə razılıq verir və həmin məbləğin hissə-hissə ödənilməsini öhdəsinə götürür. Cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X4 elektrik enerjisindən istifadəyə görə enerjitəchizatı müəssisəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş 01 aprel 2024-cü il tarixli, Akt R 329353 nömrəli akta əsasən hesablanmış 651,59 manat məbləğində enerji haqqı dəyərinin yuxarıda göstərilən qaydada azaldılaraq 400 manat məbləğində müəyyən edilməsinə etiraz etmir və gələcəkdə mübahisələndirməyəcək” şərtləri ilə barışıq sazişi təsdiq edilsin və İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı və cavabdeh "xxxx" ASC-yə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar müraciət edilməsinə yol verilmədiyi izah olunsun. Qərardaddan 10 gün müddətində Ucar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar