Məhkəmə qərarları › İş №2(064)-1044/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1044/2024

28.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1044/2024 28.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tərtər X5 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən qanunsuz olaraq ondan tələb olunan 518,40 manat cərimənin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Füzuli rayonu, Kürdmahmudlu kəndində məcburi köçkün kimi məskunlaşıb yaşayır. Ona məxsus olan qaz sayğacı evdən kənar hissədə quraşdırılmışdır və həmin sayğaca yalnız qaz idarəsinin əməkdaşları baxaraq cari qaz sərfiyyatını müəyyənləşdirirlər. O, bir abonent olaraq həmişə işlətdiyi təbii qaza görə vaxtlı-vaxtında ödəniş edir. 2024-cü ilin may ayının 05-də qaz sayğacının dəyişdirilməsi ilə əlaqədar sayğacı söküb aparmışlar, hətta həmin vaxt o, orada iştirak etməmiş, heç bir akta imza etmıəmiş. Sonradan ona məlum olmuşdur ki, guya onun qaz sayğacına müdaxilə olunmuş ona görə də, ona 518,40 manat cərimə yazılmışdır. Hansı ki, onun qaz sayğacı həmin müddətədək heç bir problem olmadan işləmiş, nəzarətçilər tərəfindən heç nə deyilməmişdir. Həmin vaxt sayğac dəyişdirilib, yenisi ilə əvəz olunub, lakin sonradan ona 518,40 manat cərimə olunmağı barədə məlumat vermişlər. Guya qaz sayğacında zədələr aşkar olunmuş və akt tərtib olunmuş və əsassız olaraq cərimə yazmışlar ödəniş edilməsi tələb olunmuşdur. Qaz sayğacına nəzarət, onun təhlükəsizliyi, o cümlədən kənar müdaxilələrin yol verilməməsi istehlakçısı olaraq onun vəzifəsi deyil. O, abonent olaraq yalnız vizual, yəni adi gözlə aşkar etdiyi hallar barədə qaz paylayıcısına məlumat verə bilər. O, Cavabdeh Tərtər X5 İdarəsinin Füzuli Xidmət Sahəsinin əməkdaşları ilə əlaqə saxlayarq onlara müraciət edərək, həmin sayğaca onun tərəfdən müdaxilə olunmadığını bildirsə də heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Hesab edir ki, İddiaçı Cavabdehnə qarşı iddia tələbi təmin edilməməli, əksinə cavabdeh tərəfindən verilmiş etiraz ərizəsi isə təmin edilməlidir. Çünki, iddiaçı Müqavilənin 2.3.8-ci yarımbəndinin (bu Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, sayğaca müdaxilə edərək təbii qazdan istifadə etmişdir. Qeyd edir ki, İddiaçı Cavabdeh Tərtər X6 İdarəsinin Füzuli Xidmət Sahəsinin abonenti olmaqla **********02190 nömrəli hesabla qeydiyyatdadır. İddiaçı **********02190 saylı qaz hesabında 518,40 manat 06 may 2024-cü il tarixli, ******* nömrəli təbii X4nın pozulması ilə bağlı tərtib edilmiş akta əsasən hesablanmış məbləğdir. Belə ki, Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən Füzuli rayonu Aşağı Kürdmahmudlu kəndində yaşayan İddiaçı məxsus fərdi evinə quraşdırılmış G-5601627 nömrəli qaz sayğacına müdaxilə edildiyi, yəni, sayğacın hesablama mexanizminin plastmas qapağın alt hissəsi fiziki təsir nəticəsində deşildiyi məlum olmuşdur. Bu səbəbdən xx.xx.2024-cü il tarixə abonent İddiaçı 4320 m3, yəni, 518,40 manat itirilmiş qaz hesablanmışdır. Qeyd olunan faktı abonentin iştirakı ilə Birliyin işçiləri tərəfindən “Təbii X4n pozulması haqqında” akt tərtib edilərək təsdiq edilmişdir. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, cavabdeh onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu kimi hallar Cavabdeh əhalinin təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Yuxarıda qeyd olunan normativ hüquqi aktların tələblərinin icrasının təmin edilməsi məqsədilə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, həmin tarixdə iddiaçının ünvanına quraşdırılmış GUT ******* seriyalı mexaniki sayğac yenisi ilə əvəzlənmişdir. Sayğacın əvəzlənməsinə səbəb sayğacın aşağı göstərici plasmas hissəsində deşik olması qeyd etməməsi səbəbləri olmuşdur. -iddiaçının adına olan **********02190 saylı abonent hesabından görünür ki, iddiaçının abonent hesabına akt əsasında 2024-cü ilin may ayında 518,40 manat məbləğində borc yazılmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»nın tələblərinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşımasını, istehlakçının təqsiri nəticəsində zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) onun vəsaiti hesabına həyata keçirilməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının ünvanına quraşdırılmış sayğacın zədələnməsinin onun təqsiri nəticəsində baş verməsi sübuta yetirilmədən həmin sayğaca müdaxilə səbəbi ilə dəymiş ziyanın əvəzinin tələb edilməsi əsassızdır. Odur ki, fiziki şəxs olan iddiaçının ünvanına quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımaqla yanaşı, iddiaçının abonent hesabına borcun hesablanmasına cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsinə əsas olmuş halları (sayğaca müdaxilə edilməsini, həmin müdaxilənin istehlakçı tərəfindən olmasını) sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni Cavabdeh üzərinə düşür. xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, həmin tarixdə iddiaçının ünvanına quraşdırılmış G-4 seriyalı mexaniki sayğac yenisi ilə əvəzlənmişdir. Sayğacın əvəzlənməsinə səbəb sayğacın aşağı göstərici plasmas hissəsində deşik olması səbəbləri olmuşdur Belə ki, işin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçının ünvanına quraşdırılmış sayğacın aşağı göstərici plasmas hissəsində deşik olması səbəbindən yenisi ilə əvəz edilmişdir. Daha sonra isə akt əsasında iddiaçının abonent hesabına 518,40 manat məbləğində borc hesablanmışdır. Hazırda isə iddiaçının ünvanına quraşdırılmış sayğaca müdaxilə edilməsi, həmin müdaxilənin iddiaçının təqsiri nəticəsində baş verməsi, həmçinin bu halın hansı müddətdə baş verməsi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının abonent hesabına borcun hesablanması əsassız olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikdə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh tərəfindən İddiaçı adına olan **********00140 nömrəli abonent hesabına hesablanmış 518,40 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.1-ci bəndində əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən dövlət mədaxilinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddia tələbinin təmin edilmiş borc məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı adına olan **********02190 nömrəli abonent hesabına hesablanmış 518,40 manat məbləğində borc silinsin. Cavabdehndən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar