Məhkəmə qərarları › İş №2(064)-109/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-109/2023

09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-109/2023 09.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh 670 manat əsas borc, 67 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 767 manat pulun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış R0031779 nömrəli xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 1.034 manat dəyərində olan məişət əşyası satmışdır. Alıcı ilkin olaraq əşyanın dəyərinin 250 manatını ödəmiş, qalan 784 manatını isə ödəniş cədvəlinə uyğun olaraq 14 ay müddətinə ödəmək şərti ilə kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğısatqı müqaviləsində nəzərədə tutulmuş öhdəliklərini qismən yerinə yetirmiş və yəni 114 manat ödəniş etmiş, qalan borcunu ödəməmişdir. Odur ki, iddiaçı həmin borcun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış R0031779 nömrəli xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 1.034 manat dəyərində olan məişət əşyası satmışdır. Alıcı ilkin olaraq əşyanın dəyərinin 250 manatını ödəmiş, qalan 784 manatını isə ödəniş cədvəlinə uyğun olaraq 14 ay müddətinə ödəmək şərti ilə kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərədə tutulmuş öhdəliklərini qismən yerinə yetirmiş və yəni 114 manat ödəniş etmiş, qalan borcunu ödəməmişdir.Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 105-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 216-232-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 670 manat əsas borc, 67 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 767 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar