Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-11/2024 19.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, iddiaçı Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsinin nümayəndəsi İddiaçı Məmməd oğlunun, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 və onun etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və gediş-gəliş yolunun açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin onun öz hesabına sökülməsi və gediş-gəliş yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Füzuli rayonu, Qarabağ kəndində müvəqqəti məskunlaşmış Cavabdeh yaşadığı Qarabağ kəndi ərazisində evinin qarşı tərəfində bələdiyyə fonduna aid olan gediş-gəliş yolunun ərazisinə çıxaraq qanunsuz tikinti işləri aparmış və gediş-gəlişə mane olmuşdur. Bununla əlaqədar olaraq ona dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticə olmamış, zəbt etdiyi ərazini boşaltmamışdır. Odur ki, bələdiyyə iclas keçirmiş və belə bir nəticəyə gəlmişdir ki, məhkəməyə müraciət olunsun. Ona görə də, qanuni maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddia predmeti barədə müstəqil tələb irəli sürərək Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin sökülməsi və gediş-gəliş yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında: Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsinin nümayəndəsi İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda izahat verərək bildirmişdir ki, Cavabdeh qonşuluqda yaşayır, bələdiyyə torpağında qnunsuz tikili tikərək onun gediş-gəliş yolunu bağlamışdır. Bununla əlaqədar olaraq ona dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 etibarnamə üzrə nümayəndəsi vəkil X2 müstəqil tələb irəli sürən üçüncü şəxs X4 ilə eyni məzmunda izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə baxışı iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, onun apardığı tikinti iddiaçıya məxsus torpaq sahəsinin ərazi hüdudlarının daxilində deyil. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Füzuli rayonu, Füzuli rayonu, Qarabağ kəndində yerləşən torpaq sahəsi Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsinin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Füzuli rayonu, Qarabağ kənd ərazisində Cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsi mövcud baza məlumatlarının toplandığı TEKUİS-ə əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla Füzuli Rayonu Əhmədbəyli Bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsidir. Qeyd edilən ərazidə yerləşən, cabadeh tərəfindən inşa edilmiş yarımşıq tikilinin yerləşdiyi 0,96 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, mütəxəssis rəyinə görə Füzuli Rayon Əhmədbəyli Bələdiyyəsi tərəfindən 95 manat Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə ödənilmişdir. Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Füzuli rayonu, Qarabağ kənd ərazisində Cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsi mövcud baza məlumatlarının toplandığı TEKUİS-ə əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla Füzuli Rayonu Əhmədbəyli Bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsidir. Qeyd edilən ərazidə yerləşən, cabadeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin yerləşdiyi 0,96 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Füzuli rayonu, Qarabağ kənd ərazisində Cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin yerləşdiyi 0.96 ha torpaq sahəsi iddiaçı Füzuli Rayonu Əhmədbəyli Bələdiyyəsinin xüsusi mülkiyyətindədir. Qeyd edilən ünvanda yerləşən 0.96 ha torpaq sahəsində inşa edilmiş yarımçıq tikili altında olan 96 kv.m ərazi Cavabdeh tərəfindən istifadə edilir. Göründüyü kimi, cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikili iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququnun, o cümlədən onun komponentləri olan sahiblik və istifadə hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmişdir. Cavabdehin bu qanuna zidd hərəkətləri iddiaçının hüquq və mənafelərinə toxunduğundan o, belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddia predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh tərəfindən Füzuli rayonu, Qarabağ kəndində inşa edilmiş qanunsuz tikili müstəqil tələb irəli sürən üçüncü şəxs X3 gediş-gəliş yolunu bağlamışdır. Həmçinin iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına qarşı hər hansı etiraz verilməmişdir. Bu da o qənaətə gəlməyə əsas verir ki, iddiaçı ona məxsus torpaq sahəsindən müstəqil tələb irəli sürən üçüncü şəxsin istifadə etməsinə heç bir etirazı yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Cavabdeh tərəfindən Füzuli rayonu, Qarabağ kəndində inşa edilmiş qanunsuz tikili sökülməli və gediş-gəliş yolu açılmalıdır. Bununla yanaşı, AR MPM-in 107, 115 və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan ekspertə verilməli olan 50 manat cavabdehdən tutulmaqla MEM-in hesabına keçirilməlidir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilsin. Cavabdeh tərəfindən Füzuli rayonu, Qarabağ kəndində inşa edilmiş qanunsuz tikili sökülsün və gediş-gəliş yolu açılsın. Cavabdeh ekspertiza xərcinə görə 50 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE**********00********) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-11/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-11/2024
19.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver