Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1151/2024 09.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 329867 nömrəli akt əsasında hesablanmış 930 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ona məxsus ünvan 1 ünvanında yaşayır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən 23 fevral 2024-cü il tarixdə sayğacdan kənar əlavə xətt olması əsası ilə 329867 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında ona əsassız olaraq 930 (doqquz yüz otuz) manat borc hesablanmışdır. Hesablanmış borcun silinməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Hesab edir ki, qeyd olunan akt tamamilə qanunsuz əsaslarla tərtib edilmişdir. Belə ki, sayğac onun evindən çöl hissədə və onun nəzarətindən kənarda yerləşir. O, sayğaca hər hansı kənar müdaxilə etməmişdir. Akt tərtib olunan vaxt evdə olmuş olsa da cavabdeh təşkilatın əməkdaşları onun iştirakı olmadan qanunsuz olaraq onun iştirakını təmin etmədən akt tərtib etmişlər. Buna görə də o, məsuliyyət daşımır. Cavabdeh iddia tələbinə qarşı etiraz etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassız və qüvvədə olan qanunvericiliyin göstərişlərinə zidd olduğu üçün məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, Cavabdeh ASC əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisndən istifadə Qaydaları”na və “X1 Qaydalarına əməl olunması vəziyyətini” müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı həmin ünvanda sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməsi faktı aşkar olunmuşdur. Bu isə “EEİQ-nın 8.17-ci, həmçinin “EQQQ-nın ı-v bəndlərinin iddiaçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə iddiaçı barəsində xx.xx.2024-cü tarixli, 329867 saylı akt tərtib edilmiş və hesabat aşağıdakı qaydada aparılmışdır. 4,5 kvt x 24 saat x (0,7) x 90 gün = 6804 kvts 600 kvts x 0,08m = 48,00 manat 300 kvts x 0,09 m = 27,00 manat 5904 kvts x 0,13m = 767,52 manat olmaqla, cəmi 842,52 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 6804 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyərini bərpa olunmuşdur. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. İddiaçı Cavabdeh ASC-nə qarşı barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 329867 saylı aktın etibarsız hesab edilməsi tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbi müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, onun məlumatı olmadan yaşadığı ünvana cavabdehin əməkdaşları baxış keçirmişlər və sayğaca müdaxilə edilməsi səbəbi ilə akt tərtib etmişlər. Həmin akt əsasında 930 manat cərimə yazmışlar. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyyib, iş materiallarını araşdırıb və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1963-cü ildə doğulmuş İddiaçı Füzuli rayonu Aşağı Seyidəhmədli kəndində qeydiyyatdadır. - Füzuli Rayon İcra Hakimiyyti Başçısının Qaydış-1 qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-43-46/2-112/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı, ünvan 1 ünvanında yaşayır. - xx.xx.2024-cü il tarixli, AKT R 329867 nömrəli aktın surətindən görünür ki, **********5 nömrəli abunə kodu olan ünvana quraşdırılmış sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, abonent kənar xətdən istifadə edir. - "xxxx" ASC-nin Akt komissiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, yuxarıda qeyd olunan akt əsasında cəmi 930 manat dəymiş ziyan hesablanmışdır. - ünvan 1 ünvanına aid İddiaçı Ağakişi oğlunun adına olan **********5 saylı kod üzrə abunə haqqında hesabdan çıxarışın bağlanan aktlar bölməsindən görünür ki, iddiaçının abonent hesabına xx.xx.2024-cü il tarixdə 329867 nömrəli akt əsasında cəmi 930 manat məbləğində pul hesablanmışdır. Hazırda isə mövcud borc 930 manat təşkil edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 7.7-cı bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Qaydaların 7.10-cu bəndinə əsasən yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-2-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının abonenti olduğu ünvanında sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edildiyi əsası ilə cavabdehin işçiləri tərəfindən R 329867 saylı, xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş, həmin akta əsasən iddiaçıya borc hesablanmışdır. İddiaçı abonenti olduğu ünvanda elektrik enerjisindən sayğacdan kənar istifadə edilmədiyini iddia etmişdir. Cavabdeh elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsilə istifadə edilməsi əsası ilə iddiaya etiraz etsə də, etirazının əsası kimi istinad etdi halın təsdiqi üçün sübut təqdim etməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. İş üzrə olan sübutlarla iddiaçının abonenti olduğu ünvanında elektrik enerjisindən sayğacdan kənar istifadə edilməsi halı təsdiq edilməmiş, bununla da R 329867 saylı, xx.xx.2024-cü il tarixli aktda baxış zamanı müəyyən edilmiş faktların əks etdirilmədiyi, iddiaçıya borcun əsassız hesablandığı müəyyən edilmişdir. İddiaçı R 329867 saylı, xx.xx.2024-cü il tarixli akt əsasən ona 930 manat borc hesablandığını iddia etmişdir. Cavabdeh R 329867 saylı, xx.xx.2024-cü il tarixli akt əsasında iddiaçıya cəmi 842,52 manat borc hesablanması əsası ilə iddiaya etiraz etsə də, yanaşı yoxlanılmış "xxxx" ASC-nin Akt komissiyasının xx.xx.2024-cü il tarixli qərarı və **********5 saylı kod üzrə abunə haqqında hesabdan çıxarışla iddiaçının abonent hesabına R 329867 saylı, xx.xx.2024-cü il tarixli akt əsasında cəmi 930 manat borc hesablandığını təsdiq edilmişdir. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 77-ci bəndinə əsasən aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat rüsum ödənilməlidir. Həmin Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, R 329867 saylı, xx.xx.2024-cü il tarixli aktda baxış zamanı müəyyən edilmiş faktların əks etdirilmədiyi tam təsdiq edildiyindən, aktda göstərilənlər işin hallarına uyğun olmadığından, iddiaçıya həmin akt əsasında borc əsassız hesablanmışdır və istifadə etmədiyi elektrik enerjisinə görə ödəniş tələbetmə xarakteri daşıyır. Odur ki, həmin borc silinməli, iddia tələbinin təmin edilməsi, cavabdehdən dövlət rüsumu üzrə 30 manat alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, AKT R 329867 saylı akt əsasında İddiaçı abunə hesabına (abonent kodu **********5) hesablanmış 930 manat məbləğində borc silinsin. "xxxx" ASC-dən dövlət rüsumu üzrə 30 manat alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-1151/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1151/2024
09.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver