Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-14/2024 09.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon İcra Hakimiyyəti başçısının Aparatı yanında qəyyumluq və himayəçilik şöbəsinə qarşı verdiyi şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizə üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında xüsusi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (bundan sonra - ərizəçi) maraqlı şəxs Füzuli rayon İcra Hakimiyyəti başçısının Aparatı yanında qəyyumluq və himayəçilik şöbəsinə (bundan sonra – maraqlı şəxs) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Füzuli rayonu, Alıxanlı kəndində doğulmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, 09 fevral 1982-ci il tarixdə doğulmuş bacısı X1 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsi və məhkəmə iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, ruhi xəstəliyi ilə əlaqədar İ qrup əlil olan bacısı X3 (bundan sonra – ərizəçinin bacısı) 09 fevral 1982-ci il tarixdə Füzuli rayonu, Alıxanlı kəndində doğulmuş, həmin kənddə qeydiyyatda olmaqla, onunla birlikdə yaşayır, yaddaşını tamamilə itirib, bu səbəbdən tək yaşaması mümkün deyil, daimi müalicə olunur. X1 onun qəyyumluğuna verilməsi ilə bağlı Füzuli rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik orqanına müraciət etmiş, ona məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Bu faktın müəyyən olunması ona bacısına dövlət tərəfindən verilən imtiyaz və güzəştlərdən istifadə etməyi, digər sənədləşmənin aparılması üçün lazımdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edir. İş üzrə maraqlı şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. - 33.4-cü maddəsinə əsasən psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.1-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında müəyyən etmişdir ki,: - Ərizəçi xx xxxxxx 1981-ci il tarixdə Füzuli rayonu, Alıxanlı kəndində doğulmuş və həmin kənddə qeydiyyatdadır (АZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən). - X3 09 fevral 1982-ci il tarixdə Füzuli rayonu, Alıxanlı kəndində doğulmuş və həmin kənddə qeydiyyatdadır (АZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən). - X3 “Ağır psixi qüsur halı. Oliqofreniya. İmbesillik dərəcəsi” diaqnozu ilə müddətsiz İ dərəcəli əlildir, əmək qabiliyyətsizdir (Azərbaycan Respublikası ƏƏSMN yanında TSEK tərəfindən verilmiş 04 may 2023-cü il tarixli arayışın surətinə əsasən). - Ərizəçi 08 may 2023-cü il tarixli məktubla Füzuli rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasına bacısı X1 əqli geriliyi ilə əlaqədar onun qəyyumluğuna verilməsi ilə əlaqədar müraciət etmiş, həmin müraciətə göstərilən orqanda baxılması nəticəsində Ərizəçi müraciətində göstərdiyi məsələ ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək hüququnun olması izah edilmişdir (Füzuli rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının 10 may 2023-cü il tarixli məktubuna əsasən). Buna görə də Ərizəçi göstərilən müraciəti üzrə bacısı X1 əqli geriliyi ilə əlaqədar onun qəyyumluğuna verilməsinin məhkəmədənkənar qaydada həll edilməsi mümkün olmamışdır. - Məhkəmə-psixiatrik müayinə zamanı X2 “Ağır dərəcəli əqli gərilik, anamnezində qıcolma tutmaları ilə” müəyyən edilmişdir. O, öz hərəkətlərinin mənasını anlaya və onları idarə etmək iqtidarında deyil. Buna görə də o, tam fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilməlidir (Ambulator məhkəmə-psixiatrik ekspertizasının 02 may 2024-cü il tarixli, 1212 nömrəli rəyi). Məhkəmə tədqiq edilmiş, yuxarıda göstərilən sübutlara obyektiv, tam, hərtərəfli və qərəzsiz qiymət verərək, onun əsasında müəyyən etdiyi işin faktiki hallarına, onunla qarşılıqlı əlaqə təşkil edən qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 307, 308, 311, 317-321, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 09 fevral 1982-ci il təvəllüdlü X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Bu qətnamə 09 fevral 1982-ci il təvəllüdlü X1 üzərində qəyyum təyin edilməsi üçün əsas hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(064)-14/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-14/2024
09.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver