Məhkəmə qərarları › İş №2(064)-1415/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1415/2024

07.11.2024 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1415/2024 07.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Füzuli Rayon Notariat Ofisinə qarşı notariat qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Füzuli Rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək Füzuli Rayon Notariat Ofisinin xüsusi notarusu F.İbadullayev tərəfindən verilmiş Reyestrdə 8İ-100 nömrə ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Füzuli Rayon Notariat Ofisinin xüsusi notarusu F.İbadullayev xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin xeyrinə iddiaçıdan 8762,06 manat əsas, 779,03 manat cərimə və ödənilmiş 25 manat pul olmaqla cəmi 9566,09 manat pulun tutulması barədə icra qeydi vermişdir. İddiaçı bildirir ki, o, xx.xx.2022-ci il tarixdə 48 ay müddətinə "xxxx" ASC-dən 8500 manat kredit almışdır. İddiaçı 12 ay müddətinə hər ay 252 manat pulu "xxxx" ASC-nin xeyrinə ödəmişdir. Daha sonra iddiaçı işdən çıxdığı üçün bir müddət ödəniş edə bilməmiş, bu barədə banka məlumat verərək aylıq ödənişlərin azaldılmasını xahiş etmişdir. Lakin bank deyilənləri nəzərə almamışdır. Sonradan Füzuli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən iddiaçıya məlumat verilmişdir ki, Füzuli Rayon Notariat Ofisinin xüsusi notarusu F.İbadullayev tərəfindən verilmiş Reyestrdə 8İ-100 nömrə ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli icra qeydi əsasında iddiaçının "xxxx" ASC-yə 9566,09 manat borcu vardır. İddiaçı bildirir ki, icra qeydi əsassızdır və ləğv edilməlidir. Məhkəmənin 2(064)-1415/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə "xxxx" ASC cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə Məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bank xidmətlərinin göstərilməsinə dair X2nun Bankın rəsmi internet səhifəsində www.pashabank.az saytında yerləşdirilən xx.xx.2022-ci il tarixli 1.1.5 nömrəli versiyasının şərtlərini qəbul edərək, öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını qəbul etmişdir. Daha sonra X2 çərçivəsində İddiaçı ilə "xxxx" ASC arasında 0084075AZN35827 saylı xx.xx.2022-ci il tarixli xidmətin göstərilməsi üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2026cı il tarixədək kreditin nominal illik faiz dərəcəsi 19%, kreditin faktiki illik faiz dərəcəsi 19.23%, illik cərimə faizi 180% olmaqla, 8,500 (səkkiz min beş yüz) manat məbləğində istehlak krediti verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixə "xxxx" ASC qarşısında öhdəlikləri 0084075AZN35827 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7,705.49 (yeddi min yeddi yüz beş manat qırx doqquz qəpik) manat əsas borc, 1,056.57 (bir min əlli altı manat əlli yeddi qəpik) manat faiz borcu, 779.03 (yeddi yüz yetmiş doqquz manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 9,541.09 (doqquz min beş yüz qırx bir manat doqquz qəpik) manat təşkil etmişdir. Yuxarıda qeyd edilən öhdəlik 270 gün icra edilmədiyindən Bank tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixində borcun icra qeydi qaydasında tutulacağı barədə bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2023-cü il tarixində İddiaçı çatdırılmış, lakin borclu müvafiq məktubun qəbul edilməsindən yayınmışdır. Bildiriş göndərildikdən sonra 20 gün müddətində borc ödənilmədiyi üçün borcun icra qeydi qaydasında tutulması üçün elektron qaydada notariat sistemi vasitəsilə müraciət edilmiş və qanunverciliklə müəyyən edilmiş sənədlər ərizəyə əlavə edilmişdir. Bundan sonra, Füzuli Rayon Notariat Ofisi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq qaydada icra qeydi verilmişdir. Bildiriş və onun borcluya göndərildiyini təsdiq edən sənəd “Notariat haqqında” AR Qanunun 76-cı maddəsinin 6-cı hissəsinin tələblərinə əsasən icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuşdur. İş üzrə təsdiq edilmiş sübutlardan görünür ki, İddiaçı 8,500 (səkkiz min beş yüz) manat məbləğində krediti xx.xx.2022-ci il tarixdə aldıqdan sonra Razılaşma ilə müəyyən edilmiş qaydada ödənişləri etməmişdir. Əlavə olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432 və 448.1-ci maddələrinə uyğun olaraq İddiaçı tərəfindən həyata keçirilmiş ödənişlərin əsas, faiz və ya cərimə borcundan silinmələrə yönləndirilməsi bankın hüququdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə İddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh Məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC Məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Füzuli Rayon Notariat Ofisinin xüsusi notarusu F.İbadullayev xx.xx.2024-cü il tarixli icra qeydində "xxxx" ASC-nin xeyrinə İddiaçı 8762,06 manat əsas, 779,03 manat cərimə və ödənilmiş 25 manat pul olmaqla cəmi 9566,09 manat pulun tutulması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, İddiaçı borcun 20 gün müddətində ödənilmədiyi təqdirdə “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı barədə məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məlumatın surəti əsasında müəyyən edilir ki, "xxxx" ASC tərəfindən göndərilən bildirişləri İddiaçı qəbul etməkdən yayınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərarın surəti əsasında müəyyən edilir ki, Füzuli Rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-100 saylı icra qeydinə əsasən iş üzrə Füzuli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlanılmışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən, “ ... borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısından görünür ki, borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısına aiddir. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. Beləliklə, İddiaçı "xxxx" ASC-dən kredit götürməsi, "xxxx" ASC-nin ona xx.xx.2023-cü il və xx.xx.2024-cü il tairxə bildirişlər göndərilməsi və onun həmin bildirişləri qəbul etməkdən yayınması, Bank tərəfindən icra qeydinin verilməsi barədə ərizə ilə notariat ofisinə müraciət etməsi işin mübahisələndirilməyən hallarındandır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, icra qeydinin aparılması zamanı hər hansı bir pozuntuya yol verilmədiyindən, icra qeydi qanuni və əsaslı olmuşdur. Odur ki, iddia əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı vəziyyətdə iddia ərizəsinin təmin edilməsi və icra qeydinin ləğv edilməsi üçün hər hansı qanuni əsas mövcud deyil. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Füzuli Rayon Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar