Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1630/2025 29.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, iddiaçı X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçının mülkiyyətində olan Füzuli rayonunun Arayatılı kəndində yerləşən 0,32 ha torpaq sahəsindən və onun üzərində tikilmiş evdən cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları və özlərinə məxsus əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia predmeti olan əmlak dövlət tərəfindən İddiaçıya verilmişdir. Bir müddət əvvəl cavabdehlərin qalmağa evləri olmadığına görə müvəqqəti olaraq yaşamaları üçün İddiaçı ona məxsus 0,32 ha torpaq sahəsini və üzərində tikilmiş mənzili cavabdehlərin istifadəsinə vermişdir. Lakin hazırda öz evinə geri qayıtmaq istəsə də, cavabdehlər evdən çıxmırlar. Odur ki, İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında iştirak edən: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehlər əvvəl birlikdə Cavabdeh2 atasının evində yaşayıblar. Sonradan müvəqqəti istifadə üçün ona məxsus torpaq sahəsini və üzərində tikilmiş evi heç bir qarşılıq olmadan cavabdehlərin istifadəsinə verib. Səhətində olan problemlərə görə 3 dəfə əməliyyat keçirməli olub və həkim şəhərdə yaşamasını məsləhət görmür. Odur ki, Füzuli rayonunun Arayatılı kəndində yerləşən ona məxsus mənzilə geri qayıtmaq, orada yaşamaq istəyir. Lakin cavabdehlər evdən çıxmırlar. Belə olan halda cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları və özlərinə məxsus əmlakları ilə birlikdə evdən çıxarılmasını tələb edir. Cavabdeh2 izahat verərək bildirdi ki, 14 ildir həmin evdə yaşayırlar. İddiaçı tərəfindən ev onların istifadəsinə verildikdə çatışmayan şeylər çox idi. Mənzilə xərc çəkiblər. Hətta o, Asifə başqa yerdən mənzil almağı da təklif edib, lakin İddiaçı buna icazə verməyib. Bildirib ki, 0,32 ha torpaqdan istifadə edə bilərlər. Kənd camaatı da dediklərini təsdiqləyə bilər. Hazırda İddiaçıdan mənzilə çəkilmiş xərclə bağlı heç bir tələbi yoxdur, sadəcə himayəsində 3 azyaşlı övladlarının olmasını nəzərə alaraq evdən çıxarılması üçün ona bir neçə il vaxt verilməsini xahiş edir. Cavabdeh1 Füzuli rayonunun Arayatılı kəndində yerləşən 0,32 ha torpaq sahəsinin və onun üzərində tikilmiş evin İddiaçıya məxsus olmasını etiraf edərək bildirdi ki, iddia tələbini mübahisələndirmir və məsələnin həllini Məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - JN-175A 60604018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında müəyyən olunur ki, Füzuli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə 0,32 ha torpaq sahəsi X1 mülkiyyətinə verilib. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış əsasında müəyyən olunur ki, Füzuli rayonunun Arayatılı kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi, həmçinin 0,36 ha təyinatlı torpaq sahəsi və Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi 3, mənzil 146 X1 mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. -406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. -407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. -732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. -736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. -737-ci maddəsinə əsasən kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin -84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. -84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Məhkəmə yuxarıda göstərilən hüquqi aktları nəzərə alaraq, iş üzrə tərəflərin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləki, işin mübahisələndirilməyən, eyni zamanda Məhkəmə tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, iddia predmeti – hazırda cavabdehlərin istifadəsində olan Füzuli rayonunun Arayatılı kəndində yerləşən 0,32 ha torpaq sahəsi və onun üzərində tikilmiş ev İddiaçının mülkiyyətindədir və həmin daşınmaz əmlaklar İddiaçı-mülkiyyətçi tərəfindən əvəzsiz qaydada müddət müəyyən edilmədən Cavabdehlərin istifadəsinə verilmiş, İddiaçının isə həmin mənzilə səhhətində yaranmış problemlərlə əlaqədar ehtiyacı yaranmışdır. Lakin İddiaçı tərəfindən şifahi qaydada hələ məhkəməyə qədər və məhkəmə icraatı dövründə əmlaklarının geri qaytarılması barədə tələb irəli sürülsə də, Cavabdeh1 iddia tələbini qəbul etmiş, digər Cavabdeh2 isə həmin tələblə razılaşmayaraq çıxarılma ilə bağlı bir neçə il ona möhlət verilməsini xahiş etmişdir. Məhkəmə dəlillər üzrə qeyd etməyi zəruri sayır ki, İddiaçının 0,32 ha torpaq sahəsi hazırda Cavabdehlərin istifadəsindədir və İddiaçının isə hal-hazırda həmin mənzilə səhhətində yaranmış problemlərlə əlaqədar ehtiyacı yaranmışdır. Bu hal isə cavabdehlərə öz əmlakını geri tələb etmək hüququ olan İddiaçının qarşısında həmin əmlakı geri qaytarmaq öhdəliyi yaradır. Həmçinin tərəflər arasında əvəzsiz istifadə ilə bağlı müddət təyin edilmədiyindən, Məhkəmə hesab edir ki, İddiaçının tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə Cavabdeh2 himayəsində 3 azyaşlı övladlarının olmasını nəzərə alaraq evdən çıxarılması üçün ona bir neçə il vaxt verilməsinə dair xahişinə münasibətdə bildirir ki, bu mövzuya dair tərəflər öz aralarında razılığa gəlməlidirlər. Lakin İddiaçı bu təkliflə razılaşmır və ən qısa müddətdə əmlakının geri təhvil verilməsini tələb edir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, İddiaçının özünə məxsus əmlakını cavabdehlərin istifadəsindən geri tələb etmək hüququ olduğundan, cavabdehlər yetkinlik yaşına çatmayan uşaqları və özlərinə məxsus əmlakları ilə birlikdə İddiaçıya məxsus Füzuli rayonunun Arayatılı kəndində yerləşən 0,32 ha torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılmalıdırlar. Beləliklə də, Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları və özlərinə məxsus əmlakları ilə birlikdə iddiaçı X1 mülkiyyətində olan Füzuli rayonunun Arayatılı kəndində yerləşən 0,32 ha torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-1630/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1630/2025
29.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver