Məhkəmə qərarları › İş №2(064)-17/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-17/2024

08.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-17/2024 08.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 54 saylı nikahın pozulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2021-ci il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, lakin xasiyyətləri uyğun gəlmədiyinə görə ər-arvad kimi bir yerdə yaşamaqalrı mümkün deyildir. Bu səbəbdən artıq faktiki olaraq ayrılıb ayrı yaşayır, ər-arvad münasibəti tamamilə kəsilmişdir. Birgə nikah dövründə uşaqları olmamışdır. O, nikahı rəsmi olaraq pozulması ilə əlaqədar olaraq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin cavabdehin qeydiyyat şöbəsinə gəlməməsi səbəbindən nikahın orada pozulması mümkün olmamış, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Boşanmaq fikri qətidir, nikahlarını formal xarakter daşıyır, bundan sonra barışıb bir yerdə yaşamaqları qeyri-mümkündür. . Məhkəmə iclasında: İddiaçı nümayəndəsi vəkili Nümayəndə bildirdi ki, iddiaçı barışıq üçün verilmiş 3 ay müddət ərzində cavabdehlə barışmamışdır. Odur ki, hazırda boşanmaq fikri qətidir və nikahın pozulmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, nikahın pozulması tələbinə dair iddia aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş: Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 54 nömrə ilə qeyd aparılmış və nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh boşanmaq üçün şöbəyə gəlmədiyindən ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 20.2-ci hissəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Mülki işin məhkəmə tədqiqatından aydın olur ki, cavabdeh-arvad məhkəməyə gəlmədiyinə görə məhkəmə tərəflərə 3 ay müddətinə barışıq üçün vaxt vermişdir. Lakin bu müddət ərzində tərəflər arasında barışıq əldə edilməmişdir. Tərəflərin ailə münasibətlərinin bərpasının qeyrimümkünlüyü barədə yuxarıda sadalananlar onlar arasındakı nikahın pozulmasına imkan verir. Bu səbəbdən də, məhkəmə tərəflər arasında olan mövcud vəziyyəti, eyni zamanda işin faktiki hallarını, ər-arvadın birgə yaşaması və ailənin saxlanmasının mümkün olmadığını nəzərə alaraq, tərəflər arasında olan nikahın pozulması qənaətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 29 iyul 2019-cu il tarixli Qərarında göstərmişdir ki, «...........məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin». Odur ki, məhkəmə qeyd olunan mövqedən çıxış edərək hesab edir ki, tərəflərə izah edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tələbinə görə, tərəflər nikah pozulduqdan sonra 3 il ərzində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında məhkəmədə iddia qaldıra bilərlər. Məhkəmə şərh olunanlara əsaslanıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 54 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tələbinə görə, onlar nikah pozulduqdan sonra 3 (üç) il ərzində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında məhkəmədə iddia qaldıra bilərlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar