Məhkəmə qərarları › İş №2(064)-171/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-171/2023

13.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-171/2023 13.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisinə görə qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən **********00402 saylı abonent koduna vurulmuş 400 manat əsassız hesablanmış borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, mərhum anası X1 mirasını faktiki qəbul etməklə Füzuli rayonu, Kərimbəyli kəndində həyat yoldaşı ilə birlikdə yaşayır. O, maddi imkanının zəif olması səbəbindən istifadə etdiyi elektirik enerjisinin dəyərini gecikdirilmiş olsa da ödəyir. Əslində o, həyat yoldaşı ilə tək qaldığından elektirik enerjisindən çox istifadə etmir. Belə ki, onlar qaz sobasından istifadə edərək isidilməni təmin etməklə elektrik enerjisindən yalnız işıqlandırmada istifadə edirlər. Ona sonuncu dəfə 2022-ci ilin noyabr ayında qəbz verilərkən borcun şişirdilmiş şəkildə yazılmasının şahidi olmuşdur. Bununla bağlı İmişli REŞ-ə müraciət edərəkən oradan ona bildirilmişdir ki, guya o, elektirik enerjisindən istifadə qaydalarını pozmuş və ona bu il ərzində 400 manat itirilmiş enerjinın dəyərınin ödənilməsi barədə cərimə yazılmışdır. O və həyat yoldaşı dövlət işində işləyirlər və günün çox vaxtını evdə olmurlar. Həmin aktların necə və hansı səbəbdən yazılmasından xəbərləri olmamış və aktın yazılmasında iştırak etməmişlər. Digər tərəfdən onun heç bir pozuntu hərəkəti olmayıb ki, cərimə də yazılsın. O, elektirk istifadə qaydalarını pozmamışdır. Ona görə də, hesab edir ki, yazılan cərimə əsassızdır və hər iki akt üzrə məbləğ silinməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı iddia rəizəsində qeyd olunanlarla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş: "xxxx" ASC-nin Füzuli EŞ üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 276131 saylı aktdan görünür ki, istehlakçı tərəfindən enerjidən istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində X2 məxsus olan (kod:**********2; ünvan: Füzuli rayonu, Kərimbəyli kəndi) sayğac qısa-qapanma zamanı yanaraq sıradan çıxmışdır. Sayğacın yenisi ilə əvəz edilməsi qeyd edilmişdir. AZ-İ № 733455 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə ölmüşdür. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən elektrik enerjisiniə görə X1 adına (kod:**********2) 400 manat məbləğ hesablanmışdır. Füzuli rayon İHB-nin Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 1664 saylı arayışından görünür ki, mərhum X1 Füzuli rayonu, Kərimbəyli kəndində qalan miras əmlakını İddiaçı qəbul etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Z.Mərdəliyev iddiaya qarşı etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, X3 əməkdaşları xidməti ərazidə reyd keçirərkən xx.xx.2022-ci il tarixində X5 məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı iddiaçının sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməsi faktı aşkar olunmuşdur. Bu isə EEİQ-nin 8.17-ci, həmçinin EQQQ-nin İ-V bəndlərinin iddiaçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə iddiaçı barəsində xx.xx.2022-ci il tarixli, 276131 saylı akt tərtib edilmiş və hesabat aparılmışdır. Bununla da, cəmi 296,51 manat məbləğində əlavə ödəniş hesablanmaqla, müəssisəyə vurduğu ziyan kimi 2927 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyəri bərpa olunmuşdur. Həmin akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. Abunə haqqında məlumatda və təqdim olunmuş sənədlərdən göründüyü kimi iddiaçının debitor borcu 400 manat deyil, 678,85 manat məbləğindədir. Həmin məbləğin yalnız 296,51 manatı akt tərtib edilməklə, qalan 382,34 manatı isə sayğac göstəricisinə əsasən yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Azərbaycan Respubliaksı Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın: 7.13-cü bəndinə əsasən, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. 8.32-ci bəndinə görə, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktların bir nüsxəsini məişət abonentinə təqdim verir. Akt energi təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktların məzmumu barədə öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında müəyyən edildi ki, Füzuli rayonu, Kərimbəyli kəndində İddiaçı istifadəsində olan fərdi yaşayış evində quraşdırılmış (kod:**********9) sayğaca xx.xx.2021-cı il tarixində baxış keçirilmişdir. Baxış zamanı sayğacdan kənar kənar elektrik enerjisindən istifadə edilməsi müəyyən olunaraq AKT R № 276131 saylı akt tərtib edilmişdir. Həmin akta əsasən vurulmuş ziyan 296,51 manat məbləğində hesablanmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara, yuxarıda qeyd olunan hüquq normalarına qiymət verərək belə hesab edir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş AKT R № 276131 akt öz-özlüyündə etibarsızdırlar. Qeyd olunan akt sayğacdan kənar elektrik enerjisinin iddiaçı tərəfindən istifadə edildiyini təsdiq etmir. Belə ki, xx.xx.2022-ci il tarixli, AKT R № 276131 saylı akt qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilmədiyindən özözlüyündə etibarsız olduğundan abonentlə həmin sənədə əsasən yenidən hesablaşma aparıla bilməzdi. Digər tərəfdən, qeyd olunan elektrik naqilindən keçən cərəyan yükünün hansı texniki vasitələrdən istifadə edilərək ölçülməsi barədə qeyd olunmamış və həmin akt hal şahidlərinin iştirakı olmadan tərtib edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC Füzuli EŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 276131 saylı akta əsasən hesablanmış 296,51 manat borc əsassız sayılaraq hesabdan silinməlidir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin olunsun. "xxxx" ASC tərəfindən tərtib edilmiş (kod **********00402) xx.xx.2022-ci il tarixli, 276131 saylı akt əsasında qanunsuz hesablanmış 296,51 manat borc hesabdan silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar