Məhkəmə qərarları › İş №2(064)-1783/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1783/2023

11.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1783/2023 11.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onun döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakılara əsasən ərizə və ona əlavə olunmuş sənədlər icraata götürülmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçiyə “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.2-ci bəndinə qeyd olunur ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.6-cı bəndində qeyd olunur ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-in 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 14-cü bəndində deyilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1 maddələrinin tələbinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçi ərizəsindən görünür ki, ərizəçi orada qeyd olunan faktın məhkəmə qaydasında müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu qeyd etməmişdir. Digər tərəfdən ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçiyə “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Odur ki, qeyd olunanları yekunlaşdıraraq bu qənaətə gəlirəm ki, Ərizəçi ərizəsi icraata götürülmədən ona geri qaytarılmalı, ərizədə göstərilən xüsusatlarla bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün xüsusi icraat qaydasında ümumi məhkəməyə deyil, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı inzibati icraat qaydasında Bakı İnzibati Məhkəməsinə müraciət etməsi izah olunmalıdır. Beləliklə də, yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM:

1. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə ona qaytarılsın.

2. Ərizəçi ərizəsində göstərdiyi xüsusatlarla bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün xüsusi icraat qaydasında ümumi məhkəməyə deyil, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı inzibati icraat qaydasında Bakı İnzibati Məhkəməsinə müraciət etməsi izah olunsun.

3. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar