Məhkəmə qərarları › İş №2(064)-186/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-186/2024

25.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-186/2024 25.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Həşimov Yaşar Xanoğlan oğlu, İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən qanunsuz olaraq ondan tələb olunan 777,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonu, Qayıdış-4 qəsəbəsi 191 saylı evdə yaşayır. Məcburi köçkündür. Ona məxsus olan qaz sayğacı evdən kənar hissədə quraşdırılmışdır və həmin sayğaca yalnız qaz idarəsinin əməkdaşları baxaraq cari qaz sərfiyyatnı müəyyənləşdirirlər. O, bir abonent olaraq həmişə işlətdiyi təbii qaza görə vaxtlı- vaxtında ödəniş edir. Bir müddət əvvəl yəni 14 avqust 2023-cü il tarixdə qaz idarəsinin işçiləri yaşadığı evə gəlmişlər. Orada qaz sayğacına baxış keçirərkən sayğacın göstəricisi ekranının yerindən qopması müəyyən etdilər. Lakin hadisənin kim tərəfindən törədilməsini müəyyən edə bilmədilər. Bundan sonra, yəni cavabdeh təşkilatın nümayəndələri 3 avqust 2023-cü il tarixdə guya onun istifadə etdiyi qaz sayğacına onun tərəfindən müdaxilə olunduğunu müəyyən etməklə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib etmişlər. Hansı ki, qaz sayğacına nəzarət, onun təhlükəsizliyi, o cümlədən kənar müdaxilələrin yol verilməməsi istehlakçısı olaraq onun vəzifəsi deyil. O, abonent olaraq yalnız vizual, yəni adi gözlə aşkar etdiyi hallar barədə qaz paylayıcısna məlumat verə bilər. Lakin qaz idarəsinin əməkdaşları nəinki vəziyyətin əsl səbəbini araşdırmağa görə göstərməmişlər, hətta onun onlara müraciətlərinə ümumiyyətlə əhəmiyyət istəməmişlər. Beləliklə də, 2023-ci ilin 31 avqust tarixində cavabdeh təşkilatın nümayəndələri qeyd olunan yaşadığı evə gələrək, istifadəsində olan qaz sayğacına müdaxilə edərək qaz sayğacı çıxarıb aparmışlar və sonradan həmin qaz sayğacının yenisi ilə əvəz olunması ona izah olunmuş, o, sayğacın yenisi ilə əvəz olunması üçün cavabdeh təşkilata pul ödənişi də etmişdir. Lakin, sonradan cavabdehin nümayəndələri tətəfindən ona akt təqdim olunduqda məlum oldu ki, guya ki, onun tərəfindən qaz sayğacına müdaxilə olunmaqla qaz sayğacı zədələnmiş, bu səbəbdən cavabdehin nümayəndələri tərəfindən xx.xx.2023-ci il tarixli, ******* saylı akt tərtib edilməklə 777.60 manat ziyan hesablanmışdır. Həmin cərimə borcunu qəbul etmir və əsassız hesab edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İB ilə istehlakçı arasında qazdan istifadəyə görə müqavilə bağlanmış, qaz sayğacı evdən kənar hissədə quraşdırılmışdır və qaz sayğacı işlək vəziyyətdə istehlakçıya təhvil verilmişdir. Həmin sayğaca yalnız qaz idarəsinin əməkdaşları baxaraq cari qaz sərfiyyatını müəyyənləşdirirmişlər. İddiaçı bir abonent olaraq həmişə işlətdiyi təbii qaza görə vaxtlı-vaxtında ödəniş etmişdir. Lakin, cavabdeh təşkilatın nümayəndələri sayğaca ümumi baxış keçirmişlər və qaz sayğacına müdaxilə edildiyini müəyyən etmişlər və iddiaçıya akt göndərərək 777,60 manat cərimə borcunun olunduğunu bildirmişlər. Belə ki, xx.xx.2023-cü il tarixli aktda sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilməsi qeyd edilmişdir. İddiaçı qaz sayğacına hər hansı bir müdaxilə etmədiyini, sayğaca hər hansı bir müdaxilə varsa belə o bundan məlumatsız olduğunu bildirmişdir. Cavabdeh təşkilat isə bu müdaxilənin məhz iddiaçı tərəfindən olunduğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.1-ci bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə DK (bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara, yuxarıda qeyd olunan hüquq normalarına qiymət verərək hesab edir ki, Cavabdeh İB Tərtər Regional Qİİ üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli ******* saylı akt özü-özlüyündə etibarsızdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə qeyd olunan aktın surətindən başqa iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən hər hansı başqa sübutlar təqdim edilməmişdir. Həmin aktlar isə sayğaca müdaxilənin məhz iddiaçı tərəfindən edildiyini təsdiq etmir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin həyətində deyil, ondan kənarda yolda yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının müdaxilə etdiyi bildirilən sayğacın iddiaçının yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən yolda quraşdırılmış olması və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxiləyə nəzarət etməsi qeyri-mümkündür. Bunu nəzərə alınaraq müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Beləliklə, qeyd olunmalıdır ki, fiziki şəxs olan istehlakçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək vəzifəsi olan qaz paylayıcısı istehlakçının təqsirini sübuta yetirməklə ondan qaz sərfinə görə pul tələb edə bilər. Bu səbəbdən, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İB-nin İddiaçı yuxarıda göstərilən səbəblərə görə qaz sərfiyyatına görə cərimə borcu hesablaması əsassızdır. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia təmin olunsun. İddiaçı xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanmış 777,60 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar