Məhkəmə qərarları › İş №2(064)-1881/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-1881/2024

26.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-1881/2024 26.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı evdən pay hüququnun verilməsi və ya kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh) qarşı evdən pay hüququnun verilməsi və ya kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək Füzuli rayonu, Mollaməhərrəmli kəndində yerləşən evdən pay hüququnun təmin edilməsi, əks təqdirdə 10000 manat məbləğində kompensasiyanın, həmçinin ödənilmiş mediasiya və məhkəmə xərclərinin əvəzinin Cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Füzuli rayonu işğal olunana qədər Füzuli rayonu, Mollaməhərrəmli kəndində yerləşən ata evi - 3 otaqlı evdə yaşamışdır. Füzuli rayonu işğal olunduqdan sonra o, məcburi köçkün kimi ünvan 1 ünvanında yaşayır. Hazırda Cavabdeh tərəfindən ata yurdundan pay hüququnun təmin edilməsi və ya 10000 manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir. Cavabdeh iddia tələbinə cavab ərizəsi ilə Məhkəməyə müraciət edərək iddianın əsassız olduğunu bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh cavab ərizəsini onunla əsaslandırdı ki, iddia predmeti olan Füzuli rayonu, Mollaməhərrəmli kəndində yerləşən 3 otaqlı ata evi mərhum anası X2 tərəfindən nəvəsi (Cavabdehin oğlu) X3 bağışlanmışdır. Hazırda sözügedən ev onun oğlunun mülkiyyətindədir. Belə olan halda İddiaçının tələbi əsassızdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, iclasa gəlməmiş və gəlməməsinin səbələri barədə Məhkəməyə məlumat verməmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Məhkəmənin 2(064)-1139/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə eyni məzmunlu iddia ərizəsi rədd edilmiş və qətnamə onunla əsaslandırılmışdır ki, iddia predmeti olan Füzuli rayonu, Mollaməhərrəmli kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə İddiaçının mərhum anası G.Hüseynovanın şəxsi mülkiyyətində olmuş, xx.xx.2013-cü il tarixdə isə nəvəsi E.Məmmədova bağışlanmış və xx.xx.2013-cü il tarixdən Cavabdehin oğlu X1 mülkiyyətindədir. Məhkəmə lazımi qaydada məlumatlandırılmış tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Füzuli Rayon Məhkəməsinin 2(064)-1139/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən müəyyən edir ki, İddiaçının Cavabdehə qarşı evdən pay hüququnun verilməsi və çəkilmiş məhkəmə xərclərinin əvəzinin ödənilməsi tələbi rədd edilmişdir. Həmin qətnamənin məzmunundan görünür ki, iddia predmeti olan Füzuli rayonu, Mollaməhərrəmli kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə İddiaçının mərhum anası G.Hüseynovanın şəxsi mülkiyyətində olmuş, xx.xx.2013-cü il tarixdə isə nəvəsi E.Məmmədova bağışlanmış və xx.xx.2013-cü il tarixdən Cavabdehin oğlu X1 mülkiyyətindədir. Yəni İddiaçının tələb etdiyi əmlak – ev xx.xx.2013-cü il tarixdən miras əmlak hesab edilmir. Bunula yanaşı İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş miras əmlakın qəbul edilməsi müdddətini buraxmışdır. Yəni iddiaçı Füzuli Rayon Məhkəməsinin 2(064)-1139/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək hüququndan vaxtında istifadə etmək əvəzinə, yenidən eyni iddia ilə Məhkəməyə müraciət etmiş, iş üzrə nə tərəflər, nə mübahisənin predmeti, nə də ki, iddianın əsasları dəyişməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 262.4-ci maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262, 263-264, 266-269-cu maddələrinə əsasən QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı evdən pay hüququnun verilməsi və ya kompensasiya ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Füzuli Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar