Məhkəmə qərarları › İş №2(064)-19/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-19/2024

20.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-19/2024 20.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, Ərizəçi iştirakları ilə, Ərizəçi Füzuli Rayon İH-nin Qəyyumçuluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1978-ci il təvəllüdlü qızı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, bacısı X3 xx.xx.1978-ci ildə Füzuli rayon, Bala Bəhmənli kəndində doğulub, doğuşdan aldığı travma nəticəsində oliqofreniyanın imbesillik diaqnozu ilə 2-ci qrup müddətsiz əlildir. Ərizəçi bacısının özünün qəyyumluğuna verilməsi ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına müraciət etmişdir, lakin ona məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Bu faktın müəyyən olunması ona bacısı X2 dövlət tərəfindən verilən imtiyaz və güzəştlərdən istifadə etməsi və ailə üçün hər hansı sənədləşmənin aparılması üçün lazımdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizəsinə oxşar məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək, ərizəçini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AZE seriyalı, 15871007 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1978-ci il tarixdə Füzuli rayonu, Bala Bəhmənli kəndində doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş müayinəyə dair məlumatdan aydın olur ki, X2 doğuş travmasından sonra oliqofrenlyanın imbesillik dərəcəsi müəyyən edilmişdir və əmək qabiliyyətsizdir. AZ-İ seriyalı, 832468 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 atası X4 xx.xx.2016-cı il tarixdə Füzuli rayonu, Qayıdış-1 qəsəbəsində ürək çatışmamazlığı səbəbilə vəfat etmişdir. AZ-İİ seriyalı, 024830 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 anası X5 xx.xx.2019-cu il tarixdə Füzuli rayonunda bəd xassəli şiş səbəbilə vəfat etmişdir. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2024-cü il tarixli, 1518 saylı rəyindən görünür ki, X3 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarına malik deyil. Buna görə də X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsində göstərilir ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanlarının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.1-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə də, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə təyin olunaraq keçirilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə müəyyən edilir ki, Ərizəçi xx.xx.1978-ci il təvəllüdlü bacısı X3 fəaliyyət qabliyyəti olmayan şəxsdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216-220, 227, 233, 317, 321, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1978-ci il təvəllüdlü X3 fəaliyyət qabliyyəti olmayan hesab edilsin. Bu qətnamə xx.xx.1978-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin etmək üçün əsas hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar