Məhkəmə qərarları › İş №2(064)-271/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-271/2023

27.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-271/2023 27.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı 1036,80 manat məbləğində hesablanmış borcun silinməsi tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində məhkəmədən cavabdehin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında onun barəsində hesabladığı 1036,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən, yaşadığı fərdi ev üçün qaz sayğacı həyətindən çöldə quraşdırılmışdır. Cavabdehin işçiləri həmin sayğaca onun xəbəri olmadan baxış keçirmiş, guya onun təbii qazdan istifadə qaydalarını pozması barədə qanunsuz olaraq 18 oktyabr 2022-ci il tarixli akt tərtib etmiş, bunun əsasında barəsində əsassız borc hesablamışdır. Çünki o, sayğaca müdaxilə etməmiş, həyətindən çöldə quraşdırılmasına görə nəzarət edə bilməzdi. Buna görə də onun sayğacın yararsız vəziyyətə düşməsinə görə təqsiri yoxdur. İddia ərizəsinə əlavə edilmiş, cavabdeh tərəfindən tərtib edilmiş: - “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 28 sentyabr 2022-ci il tarixli, ******* nömrəli aktın surətində göstərilmişdir ki, İddiaçı Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən, yaşadığı ev üçün onun adına əvvəllər quraşdırılmış qaz sayğacı giriş hissəsi deşildiyinə görə yeni qaz sayğacı ilə əvəz edilmişdir. - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 oktyabr 2022-ci il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, həmin qaz sayğacına baxış keçirilərkən çıxış plastmas borusunun deşilməsinə görə hesablama mexanizminin qaz sərfini qeyd etmədiyi müəyyən edilmişdir. - “Dəymiş ziyanın bərpasına dair” 21 oktyabr 2022-ci il tarixli tələbnamənin surəti və 29 dekabr 2022-ci il tarixli “Abonentin saldosu”nda göstərilmişdir ki, 18 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında İddiaçı barəsində itirilmiş qazın bərpası üçün 8640 m3 qaz sərfiyyatına görə 1036,80 manat məbləğində borc hesablanmışdır. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. - 560.1-ci və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsirindən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə DK tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. - 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən məhkəmə baxışı keçirmədən və tərəfləri çağırmadan, iddiaçının təqdim etdiyi sənədlər və öz tələbinin əsası kimi istinad etdiyi hallar, eləcə də cavabdehin bu hallara etiraz etməməsi əsasında müəyyən etmişdir ki, qaz paylayıcısı olan cavabdeh fiziki şəxs kimi istehlakçı olan iddiaçıya yaşadığı ev üçün quraşdırdığı qaz sayğacını işlək vəziyyətdə təhvil versə də, sayğacı evin həyətindən çöldə quraşdırmaqla, faktiki olaraq başqa şəxs tərəfindən sayğaca iddiaçının iradəsinə zidd müdaxilə edilməsi təhlükəsini aradan qaldırmamış və iddiaçıya bu təhlükənin qarşısını almağa şərait yaratmamışdır. Cavabdeh məhkəməyə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsinə dair sübut təqdim etməmişdir. Məhkəmə yuxarıda göstərilmiş işin faktiki halları və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddiaçının yaşadığı ev üçün quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə məsuliyyəti iddiaçı deyil, cavabdeh daşımışdır. Bu səbəbdən qaz sayğacında yaranmış zədənin iddiaçının təqsirindən yarandığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh bu halı sübut edə bilmədiyinə görə sayğacda yaranmış zədəyə görə iddiaçı barəsində borc hesablaya bilməzdi. Bu hallara görə cavabdehin qanunsuz olaraq tərtib etdiyi 18 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddələrinə əsasən özü-özlüyündə etibarsız, nəticədə cavabdehin həmin akt əsasında iddiaçıya borc hesablaması qanunsuz və əsassız olmuşdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-in 14.2 və 217.4-cü maddələrinin tələblərinə riayət etməklə, qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə nəticəyə gəlir ki, iddia qanuni və əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin olunsun. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında İddiaçı barəsində hesablanmış 1036,80 manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar