Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-281/2024 26.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı 172,80 manat məbləğində hesablanmış borcun silinməsi tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində məhkəmədən cavabdehin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında onun barəsində qanunsuz olaraq hesablanmış172,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Füzuli rayonu, Qayıdış-4 qəsəbəsində yerləşən fərdi yaşayış evinin qaz sayğacı evdən kənar hissədə quraşdırılmışdır. Cavabdehin işçiləri həmin sayğaca söküb aparmışlar, guya həmin qaz sayğacına müdaxilə olunmuşdur, bu barədə qanunsuz olaraq xx.xx.2023-cü il tarixli akt tərtib etmiş, bunun əsasında onun barəsində əsassız olaraq 172,80 manat məbləğində borc hesablamışdır. Qaz sayğacına nəzarət, onun təhlükəsizliyi, o cümlədən kənar müdaxilələrin yol verilməməsi istehlakçı olaraq onun vəzifəsi olmadığını qeyd edir. O, sayğaca müdaxilə etmədiyini bildirmişdir. İş materiallarında olan: - “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətində göstərilmişdir ki, İddiaçı Füzuli rayonu, Qayıdış-4 qəsəbəsində yerləşən fərdi yaşayış evi üçün onun adına əvvəllər quraşdırılmış qaz sayğacından qaz keçir, hesabat aparmır. - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, həmin qaz sayğacına baxış keçirilərkən sayğac istismara yarasız olduğuna görə hesablama mexanizminin qaz sərfini qeyd etmədiyi müəyyən edilmişdir. - “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamənin surətində göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında İddiaçı barəsində itirilmiş qazın bərpası üçün 1440 m3 qaz sərfiyyatına görə 172,80 manat məbləğində borc hesablanmışdır. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. - 560.1-ci və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: - 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə DK tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. - 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən məhkəmə baxışı keçirmədən və tərəfləri çağırmadan, iddiaçının təqdim etdiyi sənədlər və öz tələbinin əsası kimi istinad etdiyi hallar, eləcə də cavabdehin bu hallara etiraz etməməsi əsasında müəyyən etmişdir ki, qaz paylayıcısı olan cavabdeh fiziki şəxs kimi istehlakçı olan iddiaçıya yaşadığı ev üçün quraşdırdığı qaz sayğacını işlək vəziyyətdə təhvil versə də, sayğacı evin həyətindən çöldə quraşdırmaqla, faktiki olaraq başqa şəxs tərəfindən sayğaca iddiaçının iradəsinə zidd müdaxilə edilməsi təhlükəsini aradan qaldırmamış və iddiaçıya bu təhlükənin qarşısını almağa şərait yaratmamışdır. Cavabdeh, həmçinin məhkəməyə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsinə dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə yuxarıda göstərilmiş işin faktiki halları və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddiaçının yaşadığı ev üçün quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə məsuliyyəti iddiaçı deyil, cavabdeh daşımışdır. Bu səbəbdən qaz sayğacında yaranmış zədənin iddiaçının təqsirindən yarandığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh bu halı sübut edə bilmədiyinə görə sayğacda yaranmış zədəyə görə iddiaçı barəsində borc hesablaya bilməzdi. Bu hallara görə cavabdehin qanunsuz olaraq tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən öz-özlüyündə etibarsız, nəticədə cavabdehin həmin akt əsasında iddiaçıya borc hesablaması qanunsuz və əsassız olmuşdur. Digər tərəfdən, dəymiş ziyana görə hesabat müddəti məhz 30 günün hansı səbəbdən qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması barədə sübut təqdim olunmadığından, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borc silinməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-in 14.2 və 217.4-cü maddələrinin tələblərinə riayət etməklə, qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə nəticəyə gəlir ki, iddia qanuni və əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin olunsun. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında İddiaçı barəsində hesablanmış 172,80 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(064)-281/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-281/2024
26.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver