Məhkəmə qərarları › İş №2(064)-310/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-310/2023

10.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-310/2023 10.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2, onların vəkilləri X3 iştirakları ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN:0071 seriyalı, 60606038 kod nömrəli dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizələrini onunla əsaslandırmışlar ki, Füzuli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 65 nömrəli qərarına əsasən mülkiyyət hüququ əsasında ailə üzvləri daxil olmaqla JN 0071, KOD 60606038 seriyalı dövlət aktı ilə 1.70 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Lakin həmin dövlət aktında, müəyyən səhvlər buraxılaraq yazılmışdır. Belə ki, onların soyadı, adı və ata adı Ərizəçi1 olduğu halda həmin dövlət aktında səhvən X1 və Ərizəçi2 olduğu halda həmin dövlət aktında səhvən X2 yazılmışdır. Rəsmi sənədlərdə, yəni doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və digər sənədlərdə onların soyadları, adları və ata adları qeyd etdikləri kimidir. Dövlət aktında qeyd etdikləri səhvlərin buraxılması qeydiyyat aparan şəxslərin səhlənkarlığı ilə bağlıdır. Hazırda həmin dövlət aktında səhvlərin olması sənədləşmə işi ilə əlaqədar olaraq müəyyən problemlər yaradır. Bu məsələnin həlli üçün onlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, lakin göstərilən məsələyə hər hansısa köməklik etmək səlahiyyətinə malik olmadıqlarını bildirərək, məhkəməyə müraciət etmələrini tövsiyə etmişlər. Ona görə də, məsələnin məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizədə göstərilənlərlə oxşar məzmunlu izahat verdilər və ərizənin təmin ounmasını xahiş etdilər. Ərizəçilərin vəkilləri X5 ərizədə göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin ounmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Seriya AZE № 0******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1961-ci il tarixində Füzuli rayonu, Mahmudlu-2 kəndində doğulmuşdur. Yaşayış yeri Füzuli rayonu, Mahmudlu-2 kəndidir. Seriya AA № ******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1988-ci il tarixində Füzuli rayonu, Mahmudlu-2 kəndində doğulmuşdur. Yaşayış yeri Füzuli rayonu, Mahmudlu-2 kəndidir. “Torpağa mülkiyyət hüququna dair” JN 0071, KOD 60606038 seriyalı dövlət aktının surətindən görünür ki, Füzuli rayonu, İİ Mahmudlu kənd sakinləri X4, X6 və digər ailə üzvlərinə 1.70 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Füzuli rayon İH Əhmədbəyli kəndi üzrə nümayəndəsi F.Qənbərov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 024 saylı arayışda qeyd edilir ki, torpağa mülkiyyət hüququna dair JN 0071, KOD 60606038 seriyalı dövlət aktında texniki səhv olaraq Ərizəçi1 adı “Şirmayə” kimi və Ərizəçi2 adı “Ramin” kimi yazılmışdır. Həqiqətən də onların adları Şirmayı və Ramiqdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 0071, KOD 60606038 seriyalı dövlət aktındakı düzəlişin edilməsindən imtina edilmiş və məhkəməyə müraciət olunması izah edilmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 6.1-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. 6.3-cü bəndinə qeyd olunur ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, ərizəçilərə və digər ailə üzvlərinə Füzuli rayonu, İİ Mahmudlu kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.70 hektar torpaq sahəsi verilmişdir. Onlar həmin torpaq sahəsinin mülkiyyətini təsdiq edən JN 0071, KOD 60606038 saylı dövlət aktı almışlar. Lakin dövlət aktını alındıqdan sonra məlum olmuşdur ki, ərizəçilərin adları Ərizəçi1 olduğu halda səhvən X1 və Ərizəçi2 olduğu halda həmin dövlət aktında səhvən X2 yazılmışdır. Rəsmi sənədlərə əsasən adları müvafiq olaraq Ərizəçi1 və Ərizəçi2 kimidir. Hazırda həmin sənəddə qeyd olunan səhvlərin olması sənədləşdirmə ilə əlaqədar olaraq onlar üçün müəyyən problemlər yaradır. Onlar həmin səhvlərin düzəliş olunması üçün, maraqlı şəxsə müraciət etmiş, lakin imtina məktubu verərək məhkəməyə müraciət etmələrini onlara məsləhət görmüşlər. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla həmçinin müəyyən edildi ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və o, həmin faktı təsdiq edən lazımi sənədləri məhkəmədən kənar başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Müki-Prosessual Məcəlləsinin: 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305-309 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. Füzuli rayonu, İİ Mahmudlu kənd sakinləri X4, X6 və digər ailə üzvlərinin adlarına verilmiş JN:0071, KOD 60606038 torpağa mülkiyyət hüququna dair dövlət aktının əslində Ərizəçi1, Ərizəçi2 və digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar