Məhkəmə qərarları › İş №2(064)-362/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-362/2023

06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-362/2023 06.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı verdiyi “sənədin şəxsə məxsus olması” tələbi barədə ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (bundan sonra - ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə (bundan sonra – maraqlı şəxs) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN - 386 KOD 60606038 nömrəli Dövlət Aktında onun adının müəyyən texniki səhvə yol verilməklə göstərildiyinə görə həmin hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəsində və məhkəmənin hazırlıq iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışlar ki, barəsində olan rəsmi sənədlərdə onun soyadı, adı və ata adı düzgün qeyd edilmişdir. Lakin Füzuli rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il tarixli, 65 nömrəli Sərəncamı əsasında 0,42 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə onun mülkiyyətinə verilməsinə dair “Torpağa mülkiyyət hüququna dair” JN - 386 KOD 60606038 nömrəli Dövlət Aktında qeydiyyatı aparan şəxslərin səhlənkarlığı ucbatından onun soyadı “Səfərova”, ata adı “Yusif qızı” olaraq səhv yazılmışdır. Bu hal ona həmin torpaq sahəsi ilə bağlı digər sənədləşmə işlərinin aparılmasında problem yaradır. Bunun məhkəmədən kənar qaydada həlli mümkün deyildir. Ərizəçi 15 fevral 2023-cü il tarixli məhkəmə iclasında təqdim etdiyi yazılı ərizəsində iş üzrə məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Buna görə də məhkəmə iş üzrə məhkəmə baxışı iclasının ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması növündə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında müəyyən etmişdir ki,: - Ərizəçi xx xxxxxx 1971-ci il tarixdə doğulmuş (AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti əsasında), hazırda Füzuli rayonu, Əhmədbəyli kəndində yaşayır (Füzuli RİHB-nın Əhmədbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 yanvar 2023-cü il tarixli arayışa əsasən). - “Torpağa mülkiyyət hüququna dair” JN - 386 KOD 60606038 nömrəli X4 rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il tarixli, 65 nömrəli Sərəncamı əsasında 0,42 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X1 mülkiyyətinə verildiyi göstərilmişdir. - İş üzrə maraqlı şəxsin 16 dekabr 2022-ci il tarixli məktubunda ərizəçinin “Torpağa mülkiyyət hüququna dair” JN - 386 KOD 60606038 nömrəli Dövlət Aktında məhkəməyə müraciət etdiyi ərizədə göstərdiyi səhvlərin aradan qaldırılmasından imtina edilmiş və ərizəçiyə məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə göstərilənlər əsasında işin faktiki hallarını ümumi şəkildə belə müəyyən etmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” JN - 386 KOD 60606038 nömrəli X4 rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il tarixli, 65 nömrəli Sərəncamı əsasında 0,42 hektar torpaq sahəsinin mülkiyyətinə verildiyi şəxs kimi rəsmi sənədlər əsasında Ərizəçi olan şəxsin adı və ata adı “Səfərov” və “Yusif qızı” olaraq səhv göstərilmişdir. İş üzrə maraqlı şəxsin həmin hüquqmüəyyənedici sənəddə yol verilmiş səhvləri aradan qaldırmaqdan imtina etməsi ərizəçiyə münasibətdə Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində nəzərdə tutulmuş prosessual əsası yaratmışdır. Ərizəçi göstərilən torpaq sahəsinə dair digər əmlak hüquqlarının əmələ gəlməsinin asılı olduğu, ərizəsində göstərdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini məhkəmədən ona görə xahiş etmişdir ki, həmin faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada alması mümkün deyildir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, tam, hərtərəfli və qərəzsiz qiymət verərək, eləcə də yuxarıda göstərilən, bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 358.0.1, 307, 308, 311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Füzuli rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il tarixli, 65 nömrəli Sərəncamı əsasında 0,42 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Füzuli rayonu, Əhmədbəyli kənd sakini X1 mülkiyyətinə verilməsi barədə olan “Torpağa mülkiyyət hüququna dair” JN - 386 KOD 60606038 nömrəli Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar