Məhkəmə qərarları › İş №2(064)-370/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-370/2024

20.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-370/2024 20.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 301072 saylı akta əsasən hesablanmış 669 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Araz Dilağarda kəndində yaşayır. O, abonent olaraq istifadə etdiyi elektrik enerjisinə görə vaxtlı-vaxtında ödəniş edir. İşıq idarəsindən 3 nəfər əməkdaş xx.xx.2023cü il tarixdə iddiaçının yaşadığı evə gələrək işıq sayğacına baxış keçirmiş və guya onun sayğaca müdaxilə etdiyini və sayğacdan kənar xətdən istifadə etdiyini müəyyən etmişlər. Bu barədə həmin tarixli, 031836 saylı akt tərtib edərək iddiaçıya 845,93 manat məbləğində əsassız borc yazılmışdır.Lakin iddiaçının həmin aktdan xəbəri olmamışdır. Beləliklə, iddiaçı hesab edir ki, xx.xx.2023-cü il tarixli, 301072 saylı akta əsasən hesablanmış 669 manat borc məbləği əsassızdır və silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 301072 nömrəli aktın surətindən görünür ki, abonent kodu **********4 olan İddiaçı kənar xətdən istifadə edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli elektrik enerjisindən istifadə haqqının ödənilməsi barədə xəbərdarlıqdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixə istifadə olunmuş elektrik enerjisi üçün 669 manat borcu vardır. Eyni zamanda, cavabdeh "xxxx" ASC iddiaya qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 301072 nömrəli aktın etibarsız edilməsi tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin təsviri hissəsində və xahiş hissəsində göstərilənlər bir-birinə uyğun olmayan rəqəm və tələblərdir. Belə ki, Cavabdeh ASC əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydalarına və “X1 Qaydaları’’na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən xx.xx.2023-ci il tarixdə İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı həmin ünvanda sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməsi faktı aşkar olunmuşdur. Bu isə “EEİQ-nın 8.17-ci, həmçinin “EQQQ-nın ı-v bəndlərinin iddiaçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə iddiaçı barəsində xx.xx.2023-ci il tarixli, 301072 saylı akt tərtib edilmiş və hesabat aşağıdakı qaydada aparılmışdır: (1,1 kvt x 24 saat x (0,7) x 240 gün) = 4435 kvts x 0,13m = 576,55 manat Cəmi 576,55 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 4435 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyərini bərpa olunmuşdur. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. Belə ki, EEİQ-nın 8.17-1 -ci bəndində göstərilir ki, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1 -ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17- 1 -ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17- ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunduğu kimi, qüvvədə olan EEİQ-nın tələbinə görə, enerji təchizatı müəssisəsi onun hesabatını apararkən heç bir haldan asılı olmayaraq sutkanın 24 saatını və on iki aydan çox olmayan müddəti əsas götürə bilər. Bunun üçün yol verilmiş həmin pozuntu faktının aşkarlanmasının özü belə kifayət edir. Ona görə də aşkar edilmiş fakt üzrə yenidən hesablaşma aparılması qaydası tam qanunamüvafiqdir. Çünki, qüvvədə olan “EEİQ”-nın 8.17-ci bəndindən görünür ki, məişət abonenti (o cümlədən iddiaçı) tərəfindən həmin bənddə nəzərədə tutulmuş pozuntu hallarına yol verildikdə onu şəbəkədən açmaq elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən 24 saatı nəzərə alınmaqla buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə onunla yenidən hesablaşmaq enerji təchizatı müəssisəsinin hüququdur. İddiaçının mülki hüquq pozuntusuna yol verməsi faktı xx.xx.2023-ci il tarixli, 301072 saylı akt ilə rəsmiləşdirilmişdir. Bu halda yenidən hesablaşma aparmaq enerji təchizatı müəssisəsinin nəinki hüququdur, hətta borcudur. Lakin iddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi və aktın qanunsuz tərtib edildiyini əsaslandıra bilməmiş, iddia ərizəsində göstərmişdir ki, guya onun həmin pozuntudan xəbəri olmamışdır. Əslində həmin vaxt iddiaçı nümayəndələrimizlə birlikdə pozuntunu viziual izləmişdir. İddiaçı öz ərizəsində aktı əsassız hesab etdiyi üçün imzalamaqdan imtina etdiyini bildirir. Bu bir daha onun qeyri-səmimi olduğunu göstərir. Məlumdur ki, enerji daşıyıcıları strateji təyinatlı məhsullardır və ondan düzgün istifadə edilməsi dövlət maraqları ilə bilavasitə bağlıdır. Beləliklə, qeyd edilənlər İddiaçı iddia tələbinin əsassız olduğunu, buna görə də barəsində əməkdaşlarımız tərəfindən tərtib edilmiş müvafiq aktın qanuni və əsaslı olduğunu təsdiq etdiyindən həmin tələblərə etiraz edir və hesab edirik ki, tələb məhkəmə tərəfindən təmin olunmamalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində 669 manat borcun silinməsini xahiş etsə də, özünün məhkəməyə təqdim etdiyi aktdan görünür ki, xx.xx.2023-cü il tarixə istifadə olunmuş elektrik enerjisi üçün 669 manat borc hesablanmışdır. Eyni zamanda iddiaçı iddia ərizəsində aktın etibarsız hesab edilməsini xahiş etsə də, ərizəni bu hissədə, ümumiyyətlə, əsaslandırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə müvafiq olaraq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsində göstərilir ki, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respubliaksı Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın: 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. 8.14-cü bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Bununla yanaşı, məhkəmə cavabdehin iddia müddətinin tətbiq olunmaqla iddia tələbinin rədd olunmasına dair mülahizələrini də qəbul edib nəzərə alaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hər hansı hüquq pozuntusuna yol vermə halı öz əksini tapmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar