Məhkəmə qərarları › İş №2(064)-435/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-435/2023

04.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-435/2023 04.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 və Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (bundan sonra - ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – maraqlı şəxs) qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1982-ci ildən 1994-cü ilə kimi Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində fəaliyyət göstərmiş “Engels” adına sovxozda “üzümçü fəhlə” ştatı üzrə işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində, eləcə də məhkəmə iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, 23 avqust 1993-cü il tarixdə erməni silahlı qüvvələri tərəfindən Füzuli rayonunun işğal edilməsinə kimi Füzuli rayonu, Şükürbəyli kəndində yaşamışdır. 1982-ci ildən Füzuli rayonunun işğal edilməsinə kimi Füzuli rayonunun Şükürbəyli kəndinin qonşuluğunda yerləşən Aşağı Seyidəhmədli kəndində fəaliyyət göstərmiş “Engels” adına sovxozda “üzümçü fəhlə” ştatı üzrə işləmişdir. Sinif yoldaşı olmuş X5 ilə həmin sovxozda işə eyni tarixdə qəbul edilmişdir. Füzuli rayonunu məcburi köçkün kimi tərk edərkən bütün sənədləri, o cümlədən əmək kitabçasını özü ilə götürməmiş, həmin sənədləri Füzuli rayonu, Şükürbəyli kəndində yaşadıqları evdə qalmışdır. Həmçinin, Füzuli rayonunun işğal edilməsindən sonra “Engels” adına sovxoza dair sənədlər məhv edilmişdir. Bu səbəblərdən 1982-ci ildən 1994-cü ilə kimi həmin sovxozda işləməsinə dair sənədləri əldə edə bilmir. Bu hal ona yaşa görə əmək pensiyasının təyin edilməsində problem yaratmışdır. Belə ki, iş üzrə maraqlı şəxsə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etsə də, maraqlı şəxs onun “Engels” adına sovxozda işlədiyi dövrə dair əmək fəaliyyətini təsdiq edən sənədi təqdim edə bilməməsini səbəb kimi göstərməklə müraciətini təmin etməmişdir. Buna görə də hesab edir ki, göstərdiyi hüquqi faktla bağlı məsələnin məhkəmədən kənar qaydada həlli mümkün deyildir. Həmin hüquqi fakt “Engels” adına sovxozda onunla birlikdə işləmiş X3 və X2 məhkəmə iclasında şahid qismində verdikləri izahatlar və təqdim etdikləri əmək kitabçaları əsasında təsdiqini tapır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəməyə göndərdiyi yazılı etirazında iş üzrə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi hüquqi faktın bununla bağlı əmək kitabçasını və arxiv sənədlərini təqdim edə bilməməsinə görə məhkəmə qaydasında müəyyən edilməsi üçün onunla birlikdə “Engels” adına sovxozda işləmiş, bu barədə əmək kitabçası olan ən azı iki nəfər şəxsin şahid qismində verəcəyi ifadələrlə təsdiq edilməli olduğunu göstərərək, iş üzrə ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, o, 01 iyul 1967-ci il tarixdə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində fəaliyyət göstərmiş “Engels” adına sovxozda “traktorçu” ştatı üzrə işə qəbul edilmiş, 1970-1972-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra 01 yanvar 1973-cü il tarixdə yenidən həmin sovxozda “traktorçu” ştatı üzrə işə qəbul edilmiş, 02 may 1992-ci il tarixdə Füzuli rayonu, Şükürbəyli kəndində fəaliyyət göstərmiş Q.Həsənov adına kolxozda “traktor briqadiri” ştatı üzrə işə qəbul edilənə kimi “Engels” adına sovxozda “traktorçu” işləmişdir. Buna görə də həmkəndlisi Ərizəçi 1982-ci ildən 02 may 1992-ci il tarixədək “Engels” adına sovxozda “üzümçü fəhlə” ştatı üzrə işləməsinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, o, 09 avqust 1982-ci il tarixdə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində fəaliyyət göstərmiş “Engels” adına sovxozda “fəhlə” ştatı üzrə işə qəbul edilmiş, 02 yanvar 1992-ci il tarixdə Füzuli rayonu, Şükürbəyli kəndində fəaliyyət göstərmiş Qaçay Əsədov adına kolxozda “V dərəcəli maşinist” ştatı üzrə işə qəbul edilənə kimi “Engels” adına sovxozda müxtəlif ştatlar, o cümlədən “maşinist” və “traktorçu” ştatları üzrə işləmişdir. Həmkəndlisi və sinif yoldaşı olmuş Ərizəçi onunla eyni tarixdə “Engels” adına sovxozda işə qəbul edilmişdir. Buna görə də sonuncunun 09 avqust 1982-ci il tarixdən 02 yanvar 1992-ci il tarixədək “Engels” adına sovxozda “üzümçü fəhlə” ştatı üzrə işləməsinin şahidi olmuşdur. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında müəyyən etmişdir ki,: - Ərizəçi xx xxxxx 1965-ci il tarixdə doğulmuş (AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən), hazırda Füzuli rayonu, Şükürbəyli kəndində yaşayır (Füzuli RİHB-nın Aşağı Seyidəhmədli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 dekabr 2022-ci il tarixli arayışa əsasən), məcburi köçkündür (AA 312235 nömrəli məcburi köçkün vəsiqəsinin surətinə əsasən). - “Engels” adına sovxoz 23 avqust 1993-cü il tarixə kimi Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində fəaliyyət göstərmişdir (Füzuli RİHB-nın Aşağı Seyidəhmədli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 mart 2023-cü il tarixli arayışa əsasən). - Füzuli rayonunun əvvəllər erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi səbəbindən Milli Arxiv İdarəsində Füzuli rayon inzibati ərazi vahidi çərçivəsində dövlət mühavizəsində olan arxiv sənədləri barədə məlumat yoxdur (Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 22 avqust 2022-ci il tarixli məktubuna əsasən). - Ərizəçi əvvəllər işlədiyi, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində fəaliyyət göstərmiş “Engels” adına sovxozun 1982-1985-ci illərə aid sənədləri 23 avqust 1993-cü il tarixdə erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi zamanı Horadiz qəsəbəsində tamamilə yandırılaraq məhv edilmiş, 1986-1994-cü illərə aid sənədləri isə X7 filialına təhvil verilməmişdir (Azərbaycan Respublikası Dövlət Arxivinin 23 fevral 2022-ci il tarixli məktubuna əsasən). - İş üzrə maraqlı şəxs tərəfindən Ərizəçi “Engels” adına sovxozda işlədiyi müddətin əmək stajına hesablanması və yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir (İş üzrə maraqlı şəxsin 24 oktyabr 2022-ci il tarixli **********6 nömrəli məktubuna əsasən). - X3 01 iyul 1967-ci il tarixdə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində fəaliyyət göstərmiş “Engels” adına sovxozda “traktorçu” ştatı üzrə işə qəbul edilmiş, 1970-1972-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra 01 yanvar 1973-cü il tarixdə yenidən həmin sovxozda “traktorçu” ştatı üzrə işə qəbul edilmiş, 02 may 1992-ci il tarixdə Füzuli rayonu, Şükürbəyli kəndində fəaliyyət göstərmiş Q.Həsənov adına kolxozda “traktor briqadiri” ştatı üzrə işə qəbul edilənə kimi “Engels” adına sovxozda “traktorçu” işləmişdir (X1 adına 1967-ci ildən tərtib edilmiş əmək kitabçasının surətinə əsasən). - X5 09 avqust 1982-ci il tarixdə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində fəaliyyət göstərmiş “Engels” adına sovxozda “fəhlə” ştatı üzrə işə qəbul edilmiş, 02 yanvar 1992-ci il tarixdə Füzuli rayonu, Şükürbəyli kəndində fəaliyyət göstərmiş Qaçay Əsədov adına kolxozda “V dərəcəli maşinist” ştatı üzrə işə qəbul edilənə kimi “Engels” adına sovxozda müxtəlif ştatlar, o cümlədən “maşinist” və “traktorçu” ştatları üzrə işləmişdir (X2 adına 1968-ci ildən tərtib edilmiş əmək kitabçasının surətinə əsasən). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndində göstərilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: 16-cı bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydaları”nın 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən sənədlər əsasında işin faktiki hallarını ümumi şəkildə belə müəyyən etmişdir ki, ərizəçi “Engels” adına sovxozda işlədiyi müddətin əmək stajına hesablanmaqla ona yaşa görə əmək pensiyasının təyin olunmasından ötrü maraqlı şəxsə müraciət etmiş, maraqlı şəxs 24 oktyabr 2022-ci il tarixli məktubla ərizəçinin müraciətini təmin etməkdən imtina etmişdir. Bu hal ərizəçiyə münasibətdə Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində nəzərdə tutulmuş prosessual əsası yaratmışdır. Ərizəçi ona yaşa görə əmək pensiyasının təyin olunmasına dair əmlak hüququnun əmələ gəlməsinin asılı olduğu, ərizəsində göstərdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini məhkəmədən ona görə xahiş etmişdir ki, həmin faktı təsdiq edən lazımi sənədləri məhkəmədən kənar başqa qaydada alması və ya əldə etməsi mümkün olmamışdır. Çünki ərizəçi Füzuli rayonunu məcburi köçkün kimi tərk edərkən bütün sənədləri, o cümlədən əmək kitabçasını özü ilə götürməmiş, həmin sənədləri yaşadıqları evdə qalmış, eləcə də, “Engels” adına sovxozun 1982-1985-ci illərə aid sənədləri 23 avqust 1993-cü il tarixdə erməni silahlı qüvvələri tərəfindən işğal zamanı Horadiz qəsəbəsində tamamilə yandırılaraq məhv edilmiş, 1986-1994-cü illərə aid sənədləri isə X7 filialına təhvil verilməmişdir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə hesab edir ki, iş üzrə ərizəçinin verdiyi ərizəsində müəyyən edilməsini xahiş etdiyi, bununla bağlı sənədləri olmadığına görə ona pensiya təyin edilməsi üçün lazım olan, çatışmayan iş stajı onu müvafiq iş yerində işlədikləri müddətdən tanıyan və həmin müddətdə müvafiq yerdə işləməsini təsdiq edən əmək kitabçası olan azı iki nəfər şəxsin şahid qismində verdikləri ifadələr və təqdim etdikləri əmək kitabçalarındakı məlumatlar əsasında müəyyən edilə bilər. Ərizəçi ərizəsində onun Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində fəaliyyət göstərmiş “Engels” adına sovxozda 1982-ci ildən 1994-cü ilə kimi “üzümçü fəhlə” ştatı üzrə işləməsi faktının müəyyən edilməsini xahiş etsə də, Azərbaycan Respublikası MPMin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan və sübuta ehtiyacı olmayan fakt kimi Füzuli rayonunun 23 avqust 1993-cü il tarixdə erməni silahlı üzvvələri tərəfindən işğal edilməsi və həmin tarixdən Füzuli rayon sakinlərinin, o cümlədən ərizəçinin məcburi köçkün olması, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X2 verdikləri ifadələr, adlarına tərtib edilmiş əmək kitabçaları əsasında isə sonuncuların “Engels” adına sovxozda müvafiq olaraq 01 iyul 1967-ci il tarixdən 02 may 1992-ci il tarixədək və 09 avqust 1982-ci il tarixdən 02 yanvar 1992-ci il tarixədək işləmələri, ərizəçinin izahatı və X2 şahid qismində verdiyi ifadəsi ilə sonuncu ilə ərizəçinin həmin sovxoza eyni tarixdə, yəni 09 avqust 1982ci il tarixdə işə qəbul edilmələri müəyyən edildiyinə, ərizəçi Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən məhkəməyə həmin sovxozda 02 may 1992-ci il tarixdən 23 avqust 1993-cü il tarixədək işləməsinə dair sübut təqdim etmədiyinə görə ərizə qismən təmin edilməli, ərizəçinin 09 avqust 1982-ci il tarixdən 02 may 1992-ci il tarixədək Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində fəaliyyət göstərmiş “Engels” adına sovxozda “üzümçü fəhlə” ştatı üzrə işləməsi faktı müəyyən edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 227, 233.1, 306, 307, 308, 311, 358.0.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi 09 avqust 1982-ci il tarixdən 02 may 1992-ci il tarixədək Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində fəaliyyət göstərmiş “Engels” adına sovxozda “üzümçü fəhlə” ştatı üzrə işləməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar