Məhkəmə qərarları › İş №2(064)-445/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-445/2023

30.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-445/2023 30.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 və Ərizəçi1 iştirakları ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı verdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (bundan sonra - ərizəçilər) maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə (bundan sonra – maraqlı şəxs) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onların və digər ailə üzvlərinin adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN - 0127 KOD 60605028 nömrəli Dövlət Aktında onların adı, soyadı və ata adlarının müəyyən texniki səhvlərə yol verilməklə göstərildiyinə görə həmin hüquqmüəyyənedici sənədin onlara və digər ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər ərizələrində, eləcə də Ərizəçi1 məhkəmə iclasında verdiyi izahatında tələblərini onunla əsaslandırmışlar ki, barələrində olan rəsmi sənədlərdə onların soyadı, adı və ata adları düzgün qeyd edilmişdir. Lakin Füzuli rayon Aqrar İslahat Komissiyasının 19 sentyabr 2003-cü il tarixli, 100/7 nömrəli qərarı əsasında 1,00 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə onların və digər ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair “Torpağa mülkiyyət hüququna dair” JN - 0127 KOD 60605028 nömrəli Dövlət Aktında qeydiyyatı aparan şəxslərin səhlənkarlığı ucbatından onların soyadları “Abbasov” olaraq səhv yazılmışdır. Bu hal onlara həmin torpaq sahəsi ilə bağlı digər sənədləşmə işlərinin aparılmasında problem yaradır. Bunun məhkəmədən kənar qaydada həlli mümkün deyildir. Məhkəmə iclasında Ərizəçi1 verdikləri ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər Ərizəçi2 məhkəməyə daxil olmuş müraciətində iş üzrə məhkəmə iclasında iştirak edə bilməcəyini göstərmişdir. İş üzrə maraqlı şəxs keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə işə Ərizəçi2 və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması növündə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş aşağıda göstərilən sənədlər əsasında müəyyən etmişdir ki,: - Ərizəçi1 xx xxx 1994-cü il tarixdə Sabirabad rayonu, Qalaqayın kəndində, Ərizəçi2 22 avqust 1992-ci il tarixdə Füzuli rayonu, Qazaxlar kəndində doğulmuşlar (müvafiq olaraq AA09674080 və AA******* nömrəli şəxsiyyət vəsiqələri, XVİİ-ЖГ 482834 və XVİİ-ЖГ 320226 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən), hazırda Füzuli rayonu, qazaxlar kəndində yaşayırlar (Füzuli RİHB-nın Əhmədalılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli arayışlara əsasən). - “Torpağa mülkiyyət hüququna dair” JN - 0127 KOD 60605028 nömrəli X6 rayon Aqrar İslahat Komissiyasının 19 sentyabr 2003-cü il tarixli, 100/7 nömrəli qərarı əsasında 1,00 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X4, X1, X5 və X2 ümumi birgə mülkiyyətinə verildiyi göstərilmişdir. - Füzuli RİHB-nın Əhmədalılarkənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli arayışlarda göstərilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” JN - 0127 KOD 60605028 nömrəli Dövlət Aktında ümumi birgə mükiyyətçilərdən Ərizəçi1 və Ərizəçi2 soyadları “Abbasov” kimi səhv göstərilmişdir. - İş üzrə maraqlı şəxsin 26 dekabr 2022 və 12 yanvar 2023-cü il tarixli məktublarında ərizəçilərin “Torpağa mülkiyyət hüququna dair” JN - 0127 KOD 60605028 nömrəli Dövlət Aktında məhkəməyə müraciət etdikləri ərizədə göstərdikləri səhvlərin aradan qaldırılmasından imtina edilmiş və ərizəçilərə məhkəməyə müraciət etmələri izah edilmişdir. Məhkəmə göstərilənlər əsasında işin faktiki hallarını ümumi şəkildə belə müəyyən edir ki, “Torpağa mülkiyyət hüququna dair” JN - 0127 KOD 60605028 nömrəli X6 rayon Aqrar İslahat Komissiyasının 19 sentyabr 2003-cü il tarixli, 100/7 nömrəli qərarı ilə 1,00 hektar torpaq sahəsinin ümumi birgə mülkiyyətlərinə verilmiş şəxslərdən rəsmi sənədlər əsasında Ərizəçi1 və Ərizəçi2 soyadları “Abbasov” olaraq səhv göstərilmişdir. İş üzrə maraqlı şəxsin həmin hüquqmüəyyənedici sənəddə yol verilmiş səhvləri aradan qaldırmaqdan imtina etməsi ərizəçilərə münasibətdə Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində nəzərdə tutulmuş prosessual əsası yaratmışdır. Ərizəçilər göstərilən torpaq sahəsinə dair digər əmlak hüquqlarının əmələ gəlməsinin asılı olduğu, ərizələrində göstərdikləri hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini məhkəmədən ona görə xahiş etmişlər ki, həmin faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada almaları mümkün deyildir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, tam, hərtərəfli və qərəzsiz qiymət verərək, eləcə də yuxarıda göstərilən, bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 358.0.1, 307, 308, 311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Füzuli rayon Aqrar İslahat Komissiyasının 19 sentyabr 2003-cü il tarixli, 100/7 nömrəli qərarı əsasında 1,00 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Füzuli rayonu, Qazaxlar kənd sakinləri X4, X1, X5 və X2 ümumi birgə mülkiyyətinə verilməsi barədə olan “Torpağa mülkiyyət hüququna dair” JN - 0127 KOD 60605028 nömrəli Dövlət Aktının müvafiq olaraq X4, X1, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar