Məhkəmə qərarları › İş №2(064)-536/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-536/2023

27.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-536/2023 27.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı 243,2 manat məbləğində hesablanmış borcun silinməsi tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində məhkəmədən cavabdehin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt əsasında onun barəsində hesabladığı 243,2 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Füzuli rayonu, Əhmədalılar kəndində yerləşən, yaşadığı fərdi ev üçün qaz sayğacı həyətindən çöldə quraşdırılmışdır. Cavabdehin işçiləri həmin sayğaca onun xəbəri olmadan baxış keçirmiş, guya onun təbii qazdan istifadə qaydalarını pozması barədə qanunsuz olaraq 23 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt tərtib etmiş, bunun əsasında barəsində əsassız borc hesablamışdır. Çünki o, sayğaca müdaxilə etməmiş, həyətindən çöldə quraşdırılmasına görə nəzarət edə bilməzdi. Buna görə də onun sayğacın yararsız vəziyyətə düşməsinə görə təqsiri yoxdur. İddia ərizəsinə əlavə edilmiş, cavabdeh tərəfindən tərtib edilmiş: - “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 05 iyul 2022-ci il tarixli, ******* nömrəli aktın surətində göstərilmişdir ki, İddiaçı Füzuli rayonu, Əhmədalılar kəndində yerləşən, yaşadığı ev üçün onun adına əvvəllər quraşdırılmış qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmişdir. - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, həmin qaz sayğacına baxış keçirilərkən sayğacdan qazın keçməsi, hesab mexanizmindən keçən qazın ölçüsünün qeyd olunmaması, sayğacın hesablama mexanizminin plastmas qapağın üzərindəki qulaqcığın qırıq olması müəyyən edilmişdir. - “Dəymiş ziyanın bərpasına dair” 27 yanvar 2023-cü il tarixli tələbnamənin surəti və “Abonentin saldosu”nda göstərilmişdir ki, 23 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt əsasında İddiaçı barəsində itirilmiş qazın bərpası üçün 1440 m3 qaz sərfiyyatına görə 172,80 manat məbləğində borc hesablanmışdır. Bundan əlavə, sonuncunun istehlak etdiyi təbii qaza görə həmin aktın tərtib edilməsinə qədər 2023-cü ilin yanvar ayına 49,08 manat məbləğində debitor borcu olmuşdur. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. - 560.1-ci və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsirindən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə DK tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. - 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən məhkəmə baxışı keçirmədən və tərəfləri çağırmadan, iddiaçının təqdim etdiyi sənədlər və öz tələbinin əsası kimi istinad etdiyi hallar, eləcə də cavabdehin bu hallara etiraz etməməsi əsasında müəyyən etmişdir ki, qaz paylayıcısı olan cavabdeh fiziki şəxs kimi istehlakçı olan iddiaçıya yaşadığı ev üçün quraşdırdığı qaz sayğacını işlək vəziyyətdə təhvil versə də, sayğacı evin həyətindən çöldə quraşdırmaqla, faktiki olaraq başqa şəxs tərəfindən sayğaca iddiaçının iradəsinə zidd müdaxilə edilməsi təhlükəsini aradan qaldırmamış və iddiaçıya bu təhlükənin qarşısını almağa şərait yaratmamışdır. Cavabdeh məhkəməyə iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsinə dair sübut təqdim etməmişdir. Məhkəmə yuxarıda göstərilmiş işin faktiki halları və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddiaçının yaşadığı ev üçün quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə məsuliyyəti iddiaçı deyil, cavabdeh daşımışdır. Bu səbəbdən qaz sayğacında yaranmış zədənin iddiaçının təqsirindən yarandığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh bu halı sübut edə bilmədiyinə görə sayğacda yaranmış zədəyə görə iddiaçı barəsində borc hesablaya bilməzdi. Bu hallara görə cavabdehin qanunsuz olaraq tərtib etdiyi 23 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddələrinə əsasən özü-özlüyündə etibarsız, nəticədə cavabdehin həmin akt əsasında iddiaçıya 172,80 manat məbləğində borc hesablaması qanunsuz və əsassız olmuşdur. Beləliklə, məhkəmə iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçının ərizəsində silinməsini tələb etdiyi 243,2 manat məbləğində borcun yalnız 172,80 manat hissəsi əsassız olaraq tərtib edilmiş 23 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt, qalan hissəsi isə iddiaçının həmin aktın tərtib edilməsinə qədər istehlak etdiyi təbii qaza görə debitor borc üzrə hesablanma əsasında yaranmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 14.2 və 217.4-cü maddələrinin tələblərinə riayət etməklə, qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi yuxarıda göstərilən dəlillərlə və təqdim edilən sübutlarla əsaslandıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin olunsun. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt əsasında İddiaçı barəsində hesablanmış 172,80 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar