Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-594/2023 16.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi məhkəmə iclasının katibi X1, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə (bundan sonra – cavabdehin nümayəndəsi) iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik enerjisindən istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsasında hesablanmış əlavə ödənişin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Nəzarət Departamenti Satışı Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş 22 fevral 2023-cü il tarixli, 031837 nömrəli akt əsasında 883,29 manat məbləğində hesablanmış əlavə ödənişin silinməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində və məhkəmədə verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, 22 fevral 2023-cü il tarixdə cavabdehin əməkdaşları onun ünvan 1 ünvanında yerləşən, yaşadığı evə quraşdırılmış hesablaşma elektrik sayğacına (bundan sonra – elektrik sayğacı) baxış keçirərkən, ona guya sayğaca müdaxilə etdiyini və yaşadığı evə sayğacdan kənar elektrik xətti çəkdiyini demiş, sonradan onun iştirakı olmadan barəsində guya elektrik enerjisindən istifadə qaydalarını pozması haqqında tərtib etdikləri 22 fevral 2023-cü il tarixli, 031837 nömrəli akt əsasında 883,29 manat məbləğində əlavə ödəniş hesablamışlar. Sonradan həmin akt ona təqdim ediləndə orada göstərilənlərlə razı olmadığına görə akta imza etməkdən imtina etmişdir. Çünki o, həmin sayğaca müdaxilə etməmiş, alt qapaq möhürünün simini qırmamış, yaşadığı evə sayğacdan kənar elektrik xətti çəkməmişdir. Həmin sayğac yaşadığı evin həyətindən çöldə, hasara bərkidilmiş vəziyyətdə quraşdırıldığına, sayğacın daxil edildiyi dəmir qutunun qapısı əvvəldən açıq vəziyyətdə olduğuna və həmin qutunun açarı ona cavabdeh olan enerji təchizatı müəssisəsi tərəfindən təhvil verilmədiyinə görə sayğacla bağlı yaranmış xətaya görə o deyil, cavabdeh məsuliyyət daşıyır. Göstərdiklərinə əsasən cavabdehin əməkdaşları tərəfindən onun barəsində tərtib edilmiş 22 fevral 2023-cü il tarixli, 031837 nömrəli aktı və hesablanmış əlavə ödənişi qanunsuz hesab edir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə verdiyi yazılı etirazında göstərmişdir ki, 22 fevral 2023-cü il tarixdə cavabdehin əməkdaşları iddiaçının yaşadığı evə quraşdırılmış elektrik sayğacına baxış keçirərkən sonuncunun sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməsini aşkar etdiklərinə görə iddiaçı barəsində “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-ci bəndinə əsasən 031837 nömrəli akt tərtib etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verdiyi izahatında əlavə olaraq göstərmişdir ki, 22 fevral 2023-cü il tarixdə cavabdehin əməkdaşları iddiaçının yaşadığı evə quraşdırılmış elektrik sayğacına baxış keçirərkən faza və “0” xətləri arasında 12 Amper fərqin olması, beləliklə də sayğacın qoşulma sxemində səhv olmasını müəyyən etmişlər. İddia ərizəsinə dair yazılı etirazına əlavə etdiyi 1-ci diskin yaddaşına yazılmış, iddiaçının yaşadığı evə quraşdırılmış 03787799 nömrəli elektrik sayğacına cavabdehin əməkdaşları tərəfindən baxış keçirilməsinə dair videogörüntüdə həmin sayğacın alt qapaq möhürünün siminin qırılmadığı, bütöv olduğu görünür, iddiaçının elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsilə istifadə etməsi isə görünmür. İddiaçının həmin sayğacın alt qapaq möhürünün simini qırmadan sayğaca müdaxilə etməsi və sayğacın qoşulma sxemini pozmasının hansı qaydada mümkün olmasını izah edə bilmir. İddia ərizəsinə dair yazılı etirazına əlavə etdiyi 2-ci diskin yaddaşına yazılmış vieogörüntü isə 22 fevral 2023cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçının deyil, qonşuluğunda yaşayan abonentin evinə quraşdırılmış 03589257 nömrəli elektrik sayğacına baxış keçirilməsinə aiddir. Həmin videogörüntünü cavabdehin əməkdaşları tərəfindən iddiaçı barəsində tərtib edilmiş 22 fevral 2023-cü il tarixli, 031837 nömrəli aktda 03589257 nömrəli elektrik sayğacının abonenti tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasının göstərilməsi səbəbindən məhkəməyə təqdim etmişdir. Lakin həmin videogörüntünün hazırki işlə əlaqəsinin nədən ibarət olmasını və 031837 nömrəli aktda cavabdehin əməkdaşlarının 03589257 nömrəli elektrik sayğacının abonenti tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasının göstərilməsinin səbəbini izah edə bilmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə işə tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2018-ci il tarixli, 326 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın: - 1.2.2-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi – icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxsdir. - 3.1-ci maddəsinə əsasən tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən enerji təchizatı şəbəkəsinə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini enerji təchizatı müəssisəsi həyata keçirir. - 4.1-cü maddəsinə əsasən bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulmuş işlər yerinə yetirildikdən sonra 2 (iki) gün müddətində sifarişçinin və enerji təchizatı müəssisəsinin nümayəndələrinin iştirakı ilə görülən işlərə baxış keçirilir və bunun nəticəsi olaraq həmin gün enerji təchizatı müəssisəsi ilə sifarişçi arasında iki nüsxədə qoşulma aktı imzalanır, elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır və enerji təchizatı müəssisəsi elektrik enerjisinin verilməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: - 1.1-ci bəndinə əsasən sayğacın qoşulma sxemi - sayğacın normal işini təmin edən, bir-biri ilə əlaqələndirilmiş elektrik komponentlərinin (ölçü transformatorları və naqillər) qoşulma ardıcıllığıdır. - 1.1-ci bəndinə əsasən elektrik qurğuları - elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililərdir. - 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. - 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. - 8.17-2-ci bəndinə əsasən məişət abonenti tərəfindən bu Qaydaların 8.17-ci və 8.17- 1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə (məsələn, müvafiq olaraq məişət abonenti hesablaşma elektrik sayğacını zədələdikdə və ya plombu qopardıqda, yaxud hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda), enerji təchizatı müəssisəsinin nümayəndəsi məişət abonentinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə təqdim etməlidir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və məişət abonenti tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki,: - məişət abonentinin yaşadığı evdən enerji təchizatı şəbəkəsinə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsini, tikinti-quraşdırma işlərini və yaşayış evinə elektrik sayğacının quraşdırılmasını enerji təchizatı müəssisəsi həyata keçirdiyinə, - həmin işlərin yerinə yetirilməsindən və enerji təchizatı müəssisəsinin nümayəndələri tərəfindən baxış keçirilməsindən sonra enerji təchizatı müəssisəsi ilə məişət abonenti arasında qoşulma aktı imzalandığına və elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlandığına, yalnız bundan sonra enerji təchizatı müəssisəsi məişət abonentini elektrik enerjisinin verilməsi ilə təmin etdiyinə, - yaşayış evlərinin hasarının xarici tərəfində quraşdırılmış mənzillər üzrə elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıdığına, - bu səbəblərdən hazırki iş üzrə iddiaçının yaşadığı evə 03787799 nömrəli elektrik sayğacının quraşdırılması, həmin evdən enerji təchizatı şəbəkəsinə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işlərini məhz enerji təchizatı müəssisəsi olan cavabdeh tərəfindən həyata keçirildiyinə, - cavabdeh həmin sayğacı iddiaçının yaşadığı evin həyətindən çöldə, hasara bərkidilmiş vəziyyətdə quraşdırdığına, sayğacın daxil edildiyi dəmir qutunun qapısı əvvəldən açıq vəziyyətdə olduğuna və cavabdehin əməkdaşları həmin qutunun açarını iddiaçıya təhvil vermədiyinə, - eləcə də enerji təchizatı müəssisəsi məişət abonenti tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci və ya 8.17-1-ci bəndlərində nəzərdə tutulmuş hallara yol verildiyini aşkar etdikdə və məişət abonenti enerji təchizatı müəssisəsinin bu barədə tərtib etdiyi aktı imzalamaqdan imtina etdikdə, enerji təchizatı müəssisəsi məişət abonentinin yol verdiyi pozuntunu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə almalı olduğuna, - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə uyğun olaraq, məişət abonenti yalnız onun təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlindən (hərəkət və ya hərəkətsizliyindən) yaranmış zərərə görə enerji təchizatı müəssisəsi qarşısında mülki hüquqi məsuliyyəti daşıdığına görə iddiaçının yaşadığı evə 03787799 nömrəli elektrik sayğacının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli, 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”na uyğun quraşdırılmasına münasibətdə iddiaçı deyil, cavabdeh məsuliyyət daşıyır və sonuncu “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci və ya 8.17-1-ci bəndlərində nəzərdə tutulmuş elektrik enerjisindən istifadə qaydalarının pozulması, bunun məişət abonentinin təqsirli əməli nəticəsində baş verməsini foto və ya videoçəkiliş aparmaqla sübut etməlidir. İş materiallarında olan, cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş 22 fevral 2023-cü il tarixli, 031837 nömrəli aktın surətindən görünür ki, cavabdeh iddiaçının Füzuli rayonu, Qayıdış-8 qəsəbəsində yaşadığı evə quraşdırılmış 03787799 nömrəli elektrik sayğacına baxış keçirilərkən sayğacın faza və “0” xətləri arasında 12 Amper fərqin olmasından ibarət müəyyən edilmiş halın iddiaçının yaşadığı evə sayğacdan kənar faza xətti çəkməsi, iddiaçının qonşuluğunda yaşayan digər abonentin yaşadığı evə quraşdırılmış 03589257 nömrəli elektrik sayğacının şəbəkəyə qoşulma sxeminin səhv olması və alt qapaq möhürünün siminin qırıq olması nəticəsində baş verməsi ilə izah etmişdir. Məhkəmə bununla bağlı ilk olaraq qeyd edir ki, cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş 22 fevral 2023-cü il tarixli, 031837 nömrəli aktda iddiaçının qonşuluğunda yaşayan digər abonentin yaşadığı evə quraşdırılmış 03589257 nömrəli elektrik sayğacının şəbəkəyə qoşulma sxeminin səhv olması və alt qapaq möhürünün siminin qırıq olmasından ibarət olan halların iddiaçının yaşadığı evə quraşdırılmış elektrik sayğacı ilə hər hansı əlaqəsinin olmasının göstərilməsi özü-özlüyündə absurd və mümkünsüzdür. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında həmin halların bir-biri ilə hər hansı əlaqəsinin olmasını izah edə bilməmişdir. Digər tərəfdən, cavabdehin nümayəndəsinin iddia ərizəsinə dair yazılı etirazına əlavə etdiyi 1-ci diskin yaddaşına yazılmış, iddiaçının yaşadığı evə quraşdırılmış 03787799 nömrəli elektrik sayğacına 22 fevral 2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən baxış keçirilməsinə dair videogörüntü məhkəmə iclasında tədqiq edilərkən həmin sayğacın alt qapaq möhürünün siminin qırılmadığı, bütöv olduğu, iddiaçının elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsilə istifadə etməsi halının aşkar edilmədiyi müəyyən edilmişdir. Cavabdehin nümayəndəsinin iddia ərizəsinə dair yazılı etirazına əlavə etdiyi 2-ci diskin yaddaşına yazılmış videogörüntü məhkəmə iclasında tədqiq edilərkən 22 fevral 2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçının deyil, qonşuluğunda yaşayan abonentin evinə quraşdırılmış 03589257 nömrəli elektrik sayğacına baxış keçirilməsinə aid olduğu, beləliklə də hazırki işə aid olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən iddiaçının yaşadığı evə quraşdırılmış elektrik sayğacının alt qapaq möhürünün simini qırmadan sayğacın qoşulma sxeminə müdaxilə etməsi, sayğacın faza və “0” xətləri arasında fərq yaratmasını tamamilə absurd hesab edir və cavabdehin iddiaçı tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasını sübut edə bilmədiyi barədə nəticəyə gəlir. Məhkəmə bu nəticəyə gələrkən cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında iddiaçının yaşadığı evə quraşdırılmış elektrik sayğacının alt qapaq möhürünün simini qırmadan sayğaca müdaxilə etməsi və sayğacın qoşulma sxemini pozmasının hansı qaydada mümkün olmasını izah edə bilmədiyini də nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdehin iddiaçı barəsində tərtib etdiyi 22 fevral 2023-cü il tarixli, 031837 nömrəli akt öz-özlüyündə etibarsızdır, həmin akt əsasında 853,56 manat məbləğində əlavə ödəniş ödəniş hesablaması (cavabdehin tərtib etdiyi 02 mart 2023-cü il tarixli aktın surəti və iddiaçının adına tərtib edilmiş abonentin saldosu üzrə) əsassızdır. Həm buna, həm də iddiaçı 883,29 manat məbləğində hesablanmış əlavə ödənişin silinməsini tələb etdiyinə görə iddia qismən təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin Nəzarət Departamenti Satışı Nəzarət İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş 22 fevral 2023-cü il tarixli, 031837 nömrəli akt əsasında əsassız olaraq hesablanmış 853,56 manat məbləğində əlavə ödəniş silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-594/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-594/2023
16.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver