Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-63/2025 08.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh4 və onun nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Füzuli Rayonu İcra Hakimiyyətinə, Cavabdeh2na, Cavabdeh3 Məhdud Məsuliyyəti Cəmiyyətinə (Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini Daşınmaz Əmlakın Dövlət Kadasatrı və Reysteri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi) qarşı “icarə hüququnun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh4, Füzuli Rayonu İcra Hakimiyyətinə, Beyləqan 1 saylı Notariat kontoruna, Cavabdeh3 Məhdud Məsuliyyəti Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini Daşınmaz Əmlakın Dövlət Kadasatrı və Reysteri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi) qarşı “icarə hüququnun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh4, Füzuli Rayon İcra Hakimiyyəti və Cavabdeh3 MMC arasında Beyləqan 1 saylı Notariat Kontorunda bağlanılmış 26 oktyabr 2023-cü il tarixli torpağın icarə hüququndan kompensasiya qarşılığında boşaldılması müqaviləsinin etibarsız hesab edilərək həmin müqavilədən əmələ gələn bütün hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan 92 ha torpaq sahəsi Füzuli rayon İcra Hakimiyyətinin mülkiyyətindədir, həmin torpaq sahəsi 18 iyun 2014-cü il tarixli icarə müqaviləsinə əsasən qardaşı Cavabdeh4 adına qeydiyyata alınmış və bununla bağlı ona 15 aprel 2019-cu il tarixdə icarə hüququnun qeydiyyata alınmasına dair çıxarış verilmişdir. İstər 2014-cü ilədək, istərsə də 2014-cü ildən mübahisəli müqavilə bağlananadək həmin torpaq sahəsi onun istifadəsində olmuşdur. Bunu istər İcra Hakimiyyəti, istərsə də qardaşı Cavabdeh4 da bilmişdir. Əgər həmin torpaq sahəsindən o, qanunsuz istifadə etsə idi, bu vaxtadək onun barəsində zəbtetmə ilə bağlı müvafiq araşdırma mövcud olardı. Hər bir tərəf həmin torpaq sahəsinin onun sahibliyində və istifadəsində olmasını qəbul etmişdir. 2023-cü ilədək həmin torpaq sahəsi ilə bağlı heç bir mübahisə olmamışdır. Lakin 2023-cü il tarixdə ortalığa mübahisəli müqavilə meydana çıxdı. Məlum oldu ki, Azərşəkər firması icra hakimiyyəti ilə 1049 ha torpaq sahəsi üzərindən icarə müqaviləsi bağlamış və həmin vaxt məlum olmuşdur ki, iddia predmeti olan torpaq sahəsi 92 ha hissədə həmin torpaq sahəsinin hüdudlarındadır. Həmin vaxt tərəflər 2014-cü il tarixli icarə müqaviləsi qüvvədə ola-ola yeni müqavilə bağlamalarında səhvə yol verdiklərini anlayaraq qardaşından torpağın icarə müqaviləsindən kompensasiya məbləği qarşılığında imtina etməsi barədə yeni 26 oktyabr 2023-cü il tarixdə 3 tərəfli müqavilə bağlamışlar. Yəni qanunsuz əqdi pərdələmək məqsədilə yeni müqavilə bağlanılmışdır. Halbuki qardaşı Cavabdeh4 birtərəfli qaydada müqavilənin vaxından əvvəl ləğvini tələb etsə idi, torpaq sahəsi İcra Hakimiyyətinin balansına qayıtmalı və yenidən yeni icarədarın ərizəsi əsasında yeni sərəncamla yeni icarə götürənə icarəyə verilməli idi. Bütün bu qanunsuzluqların səbəbi həmin torpaq sahəsinin 20 ildən artıq müddətdir onun istifadəsində olması, hamı tərəfindən bilinməsi, əgər yeni icarə müqaviləsi bağlanarsa bundan onun xəbərinin olacağını, onun icarəyə götürən zaman üstün mövqeyə malik olmağı səbəb olmuşdur. Yəni 1049 ha torpaq sahəsinə bağlanmış müqavilənin 92 ha hissəsinə münasibətdə kompensasiya müqaviləsi etibarsız hesab edilməli və həmin hissə icra hakimiyyətinin balansına qayıtdıqdan sonra onunla yeni icarə müqaviləsi bağlanılmalıdır. Bundan sonra o, hazırki tələblə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Torpaq İcarəsi haqqında qanunun 9-cu maddəsində torpağın icarəyə verilməsi şərtlərində göstərilir ki, ərazinin təbii-coğrafi şəraitinin, torpaqdan istifadənin müddətinin və xüsusiyyətlərinin, qonşu torpaqların mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafelərinin nəzərə alınması zəruridir. Göründüyü kimi o, həmin torpaq sahəsinin 20 ildən artıq istifadəçisidir. Qanunsuz istifadəçi olsa idi barəsində şikayət verilər və onun məsuliyyətə cəlb edilməyi barədə araşdırma aparıla bilərdi. Torpaq yeni icarəyə götürənə verildikdə istifadəçilərin hüquqları qorunmalı imiş. Həmin Qanunun 10-cu maddəsində göstərilir ki, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət və bələdiyyə torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin rəyi əsasında qəbul olunur və icarəyə verənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Görünüdüyü kimi üç tərəfli qaydada bağlanılmış torpağın icarə hüququndan kompensasiya qarşılığında imtina edilməsi barədə müqavilənin bağlaılması dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlarda istisna təşkil etsə də tərəflər qanunu pozaraq etibarsız müqavilə bağlamışlar. Cavabdeh3 Məhdud Məsuliyyəti Cəmiyyəti qanunu pozmaqla etibarsız müqavilə bağlamağa cəhd etmiş, yəni 92 ha hissəyə Cavabdeh3 Məhdud Məsuliyyəti Cəmiyyətinin bağladığı müqavilə tam qanunsuz yolla başqa müqaviləni pərdələmək xarakteri ilə icra edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Füzuli Rayon İH başçısının xx.xx.2014-cü il tarixli 74 saylı sərəncamı əsasında 92 ha torpağın icarəsi ilə əlaqədar xx.xx.2014-cü il tarixində 15 il müddətinə onunla Füzuli Rayon İcra Hakimiyyəti arasında rəsmi qaydada icarə müqaviləsi bağlanmışdır. O, torpaq sahəsindən mütəmadi olaraq istifadə etmişdir. Daha sonra onun notariat qaydasında imzaladığı 26 oktyabr 2023-cü il tarixli kompensasiya müqaviləsi və Füzuli RİH-nə ünvanladığı ərizəsinə əsasən onun icarəsində olan 92 ha torpaq sahəsindən öz razılığı ilə imtinası rəsmiləşdirilmiş və icarə münasibətlərinə xitam verilmişdir. Cavabdeh3 MMC-nin iştirak etdiyi kompensasiya müqaviləsinə əsasən şirkət tərəfindən ona tərəflərin razılaşması əsasında kompensasiya ödənişi icra edilmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək atası Cavabdeh4 ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh3 Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəməyə etiraz ərizəsi verərək qeyd etmişdir ki, iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, Füzuli rayonunda 15 aprel 2019-cu ildə 92 ha torpaq sahəsi üzrə icarə hüququ Cavabdeh4 adına dövlət qeydiyyatına alınsa da, torpağın faktiki istifadəçisi özü olduğunu bildirmişdir, daha sonra bildirir ki, bu torpaq sahəsi üzərində icarə hüquqları qüvvədə olduğu müddətdə Cavabdeh4 iştirakı ilə Füzuli RİH və Cavabdeh3 MMC arasında kompensasiya müqaviləsi bağlanmışdır. İddiaçı qeyd edir ki, torpaq sahəsi üzərində icarə hüquqları ləğv olunduğu təqdirdə İddiaçı faktiki istifadəçi olduğundan üstünlük hüququ vardır. Bildirir ki, Cavabdeh4, Füzuli RİH və Cavabdeh3 MMC arasında tərəflərin müstəqil şəkildə iradə ifadələri əsasında notariat qaydasında kompensasiya müqaviləsi rəsmiləşdirilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh4 öz iradəsi ilə həmin torpaq sahəsindən imtina etmiş və əvəzində kompensasiya vəsaiti əldə etmişdir. Cavabdeh4 notarial qaydada verdiyi ərizələri əsasında Füzuli RİH və Beyləqan ərazi idarəsində Sabir Abdullayevin ona icarə əsasında məxsus 92 ha torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilmiş və çıxarış, plan-ölçü sənədləri ləğv edilmişdir. Burada torpaq icarəçisinin ərizələri əsas götürülməklə mülkiyyətçi adından sərəncam hüququ ilə çıxış edən Füzuli RİH tərəfindən verilmiş ləğv sərəncamı əsasında dövlət reyestrində rəsmi qaydada ləğv edilmişdir. Həmçinin qeyd edir ki, iddiaçının hüquqmüəyyənedici sənədləri olmadan faktiki qaydada torpağı zəbt etməsi ona hər hansı hüquq qazandırmır. Qayıdış inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi arayış və qonşularla imzalanmış aktla İddiaçı rəsmi torpaq istifadəçisi ola bilməz və hər hansı hüquq əldə edə bilməz, bu kimi hərəkətlərlə iddiaçı özünün qanunsuz əməllərinə hüquqi “don” geyindirməyə çalışmışdır. Həmin arayış və aktı əsassız hesab edir. Çünki həmin akt yaxud arayışın dövlət mülkiyyətində olan torpaqla bağlı hüquqmüəyyənedici sənəd qüvvəsi yoxdur, əhəmiyyətsizdir və torpaq sahələrinin istifadəçilərinin olub-olmaması baxımından həlledici əhəmiyyəti yoxdur. Əks halda mülkiyyətçi hüquqları məhdudlaşdırılmış olardı. İddiaçının qeydlərindən göründüyü kimi o bu torpaq sahəsində 20 ildən artıq istifadəçisi olduğunu bildirir, lakin mübahisələndirilən torpaq sahəsi ilə bağlı tərəflər arasında yazılı müqavilə bağlanmamış, rayon icra hakimiyyətindən yazılı razılıq əldə etməmiş, sərəncam verilməmiş və hər hansı rəsmiləşdirmə işləri aparılmamışdır. Aydın olur ki, iddiaçı bu torpaq sahəsindən faktiki əsaslarla qeyri-qanuni istifadə etmiş, özünün dediyinə görə əkinçilik işləri görmüşdür. Məlum olduğu kimi örüş torpaqlarında əkinçilik fəaliyyəti məhdudlaşdırılmışdır. O da məlumdur ki, iddiaçı uzun müddət polis sistemində rəhbər vəzifələrdə çalışmış və təqaüd yaşına çatana qədər öz iddiasına əsasən torpaqda hüquqmüəyyənedici sənədləri və icazəsi olmadan əkinçilik fəaliyyətini həyata keçirmişdir. Halbuki sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq polisdə xidmətlə bir araya sığmayan fəaliyyət hesab olunur. Göründüyü kimi xidmətdən xaric edilməmək üçün həmin müddətdə hər hansı iddia irəli sürməmiş, yalnız təqaüd yaşına çatdıqda əsassız iddia ilə çıxış etmişdir. Bu hal iddiaçının qərəzli olduğuna və xoşniyyətli olmadığına dəlalət edir. Bundan başqa iddiaçı müqavilənin etibarsızlığını iddia edərək həmin müqavilənin ləğv edilməli olduğunu tələb etmişdir. Halbuki müqavilənin etibarsızlığına dair iddiasının əsaslarını sübut edə bilməmişdir. İddiaçı 92 ha hissəyə münasibətdə uydurma əqd bağlandığını iddia etmişdir. Halbuki uydurma əqd sırf görünüş üçün bağlanan və həqiqətdə heç bir hüquqi nəticə (haqq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan edilən iradə ifadəsi nəticəsində bağlanan əqddir. Bunun əksinə olaraq bildirir ki, tərəflər arasında imzalanan notarial təsdiqli mülki müqavilə kompensasiya müqabilində icarəçinin torpağa olan icarə hüququndan imtinası əsasında torpağın mülkiyyətçi adından çıxış edən yerli icra hakimiyyətinə geri təhvil verilməsi və son nəticədə kompensasiya ödəyən şəxsin adına torpağın icarəsinə dair rəsmiləşdirmə işlərinə başlanması üçün əsasdır. Burada iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri əsasında razılaşdırmaqla icarəçinin müqavilə üzrə nəyə razılıq verdiyini və nədən imtina etdiyi aşkar bilirdi. İddiaçının qeydlərindən göründüyü kimi iddiaçının sözügedən torpaq sahəsinə subyektiv hüququ olmamış, bununla yanaşı kompensasiya müqaviləsinin tərəfi və hüquq sahibi olmadığına görə belə bir tələb irəli sürməsi əsassızdır. Sözügedən kompensasiya müqaviləsinin şərtlərindən göründüyü kimi Cavabdeh4 icarəsində olmuş torpaq sahəsi müqabilində razılaşdırma əsasında Cavabdeh3 MMC tərəfindən təzminat ödənilmişdir. Bu müqavilənin əsasında torpaq istifadəçi kompensasiya almaqla torpağa olan hüququndan Füzuli RİH xeyrinə imtina edir və Füzuli RİH sifarişçi Cavabdeh3 MMC üçün dövlət proqramının icrası çərçivəsində torpağın məqsədli təyinatını dəyişdirərək sonuncu xeyrində icarə müqaviləsi bağlayır. Bunun üçün ilk növbədə cari torpaq istifadəçiləri ilə qanuni qaydada razılaşdırılır və onun torpaqdan rəsmi imtinası almır. Təqdim edilən sənədlərdən aydın olur ki, üzərində süni mübahisə yaradılan torpaq sahəsi ilə əlaqədar bütün əməliyyatlar qanunvericiliyin tələbinə uyğun aparılmışdır. Lakin iddiaçı kompensasiya müqaviləsinin etibarsız hesab edilməsinin faktiki və hüquqi əsaslarını tam və ətraflı izah etməmiş, nəticə etibarı ilə iddiaçının belə tələbləri irəli sürməsi üçün hüquqi əsaslarının nədən ibarət olduğunu aydın və dəqiq göstərməmişdir. Göründüyü kimi Füzuli Rayon İH başçısının xx.xx.2014-cü il tarixli 74 saylı sərəncamı əsasında 92 ha torpağın icarəsi ilə əlaqədar xx.xx.2014-cü il tarixində 15 il müddətinə Cavabdeh4 ilə Füzuli Rayon İcra Hakimiyyəti arasında rəsmi qaydada icarə müqaviləsi bağlanmışdır. Cavabdeh4 notariat qaydasında imzaladığı 26 oktyabr 2023-cü il tarixli kompensasiya müqaviləsi və Füzuli RİH-nə ünvanladığı **********663 nömrəli ərizəsinə əsasən onun icarəsində olan 92 ha torpaq sahəsindən öz razılığı ilə imtinası rəsmiləşdirilmiş və icarə münasibətlərinə xitam verilmişdir. Cavabdeh3 MMC-nin iştirak etdiyi kompensasiya müqaviləsinə əsasən şirkət tərəfindən Cavabdeh4 tərəflərin razılaşması əsasında kompensasiya ödənişi icra edilmişdir. Aydın olur ki, Füzuli Rayon İcra Hakimiyyəti, Cavabdeh4 və Cavabdeh3 MMC arasında müqavilə münasibətləri tərəflərin qarşılıqlı notarial qaydada razılaşmasına və qanunvericilik tələblərinə uyğun qaydada rəsmiləşdirilmişdir. Hesab edir ki, müqavilənin etibarlılığına dair qanunverciliklə nəzərdə tutulan tələblərə riayət edilmişdir. Əqddə iradə ifadəsinin səlahiyyətli və fəaliyyət qabiliyyəti olan, o cümlədən sərəncam hüququ olan şəxs tərəfindən yazılı olması və notariat qaydasında imzalanması müqavilənin etibarlı olmasını şərtləndirir. Həmçinin tərəflərin müqaviləni şəxsən özünün imzalaması ilə kompensasiyaya dair qarşılıqlı razılaşması və bu halın notariat ofisində təsdiq edilməsi əqdin etibarlılığını şərtləndirən hallardandır. Yekun olaraq, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, formal mülahizələrdən çıxış etmişdir. Göründüyü kimi iddia tələbinin heç bir hüquqi əsası yoxdur və aşkar olaraq qanunvericliyin tələblərinə ziddir. Yuxarıda qeyd olunanlara əsasən, hazırki iddia əsassız olduğu üçün iddia ərizəsinə etiraz edir və iddianın rədd edilməsi barədə qətnamə çıxarmalısını xahiş etmişdir. Əlavə olaraq Cavabdeh3 Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəməyə çıxışını yazılı şəkildə ünvanlayaraq bildirmişdir ki, iddiaçı iddia ərizəsi üzrə aparılmış mülki məhkəmə icraatında aydın oldu ki, iddiaçının sözügedən torpaq sahəsinə hər hansı hüququ olmamış və torpağa dair hüquq-müəyyənedici sənəd və ya faktları dəlillərlə təsdiq edəcək hər hansı sübut təqdim edə bilməmişdir. Belə çıxır ki, iddiaçı həqiqətə uyğun gəlməyən uydurma dəlillərlə bu iddianı irəli sürməklə verməklə məhkəməni əlavə yükləndirməsinə, dolayısıyla məhkəmə prosesinin əsassız və qanunsuz tələblər, ifadələr və arayışlarla ləngiməsinə səbəb olmuşdur. Çünki onun iddiasını dəstəkləyən heç bir hüquqi dəlil olmamışdır. Müqavilə tərəflərinin yalnız icarə hüququ olan şəxs, sərəncam hüququ olan Füzuli RİH və Azərşəkər MMC olduğu halda, iddiaçının bu tələblə heç bir hüquqi əlaqəsi və əsası olmamışdır. İddiaçı təqdim etdiyi “sübutlar”la qanunu pozan hər hansı faktın mövcudluğunu sübut edə bilməmişdir, başqa sözlə iddiasının əsaslarını sübut edə bilmək üçün hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Ona görə də Azərşəkər MMC olaraq iddianın təmin edilməməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Füzuli Rayonu İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə3 iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini Daşınmaz Əmlakın Dövlət Kadasatrı və Reysteri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə və Beyləqan 1 saylı Notariat kontoruna lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümaydəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 ifadəsində bildirmişdir ki, onun Füzuli rayonu Qayıdış qəsəbəsində 30 ha torpaq sahəsi var. 5 il müddətində Füzuli rayonunda 92 ha torpaq sahəsi üzrə icarə hüququ Cavabdeh4 adına dövlət qeydiyyatına alınsa da, həmin torpaq sahəsində həmişə İddiaçı görmüş,sonuncu orada həmişə əkin-biçinlə məşğul olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 ifadəsində bildirmişdir ki, İddiaçı 12- 13 il olar ki tanıyır. Cavabdeh4 isə tanımır. İddiaçı torpaq sahəsi ilə qonşuluqda onun yonca sahəsi var. O, özünəməxsus torpaq sahəsində artezian quyusu qazdıran zaman ona daş lazım olduğundan qonşuluqda İddiaçı məxsus torpaq sahəsindən sonuncunun razılığı ilə daş götürmüş, bundan sonra onunla tanışlığı başlamış və həmişə sonuncunun o sahəyə gəlib orada təsərrüfatla, əkin-biçinlə məşğul olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 ifadəsində bildirmişdir ki, o, həm İddiaçı, həm də Cavabdeh4 tanıyır. Onlar əvvəllər Qarabağ kolxozunda qonşu olmuşlar, 2003cü ildən isə Füzuli rayonu Qayıdış qəsəbəsinə köçmüşlər. O, 2005-ci ildən təsərrüfatla məşğul olur. 2011-ci ildən İddiaçıla razılaşaraq ona məxsus olan torpaq sahəsində qoyun-quzu saxlamışdır. Onun özünə də məxsus orada İddiaçı məxsus torpaq sahəsi ilə yan-yana 40 ha torpaq sahəsi var. İddiaçı torpaq sahəsi əvəllər 100 ha idi, sonradan 92 ha oldu, o, həmin torpaq sahəsində təsərrüfatla və əkin-biçinlə məşğul olmuşdur. Həmin vaxt İddiaçı hüquq mühafizə orqanlarında işlədiyindən torpaq sahəsini özünün deyil, qardaşı Cavabdeh4 adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, İddiaçı və Cavabdeh4 onun qardaşlarıdır. Mübahisəli torpaq sahəsi onun atasının adına verilmişdir. Daha sonra o torpaq sahəsindən qardaşı Kamandar istifadə etmiş, lakin o, hüquq mühafizə orqanlarında işlədiyindən torpaq sahəsini özünün deyil, qardaşı Cavabdeh4 adına rəsmiləşdirmişdir. Hazırda Həmin torpaq sahəsinin icarə müqaviləsinin müddəti bitmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində bildirmişdir ki, İddiaçı və Cavabdeh4 onun qardaşlarıdır. Mübahisəli torpaq sahəsi Kamandarındır. Torpağı Kamandar alıb, daha sonra Sabirin adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 ifadəsində bildirmişdir ki, onun İddiaçıla qonşuluqda 30 ha torpaq sahəsi var. Mübahisəli torpaq sahəsi İddiaçı rəhmətlik atasına ayrılmışdır. Daha sonra İddiaçı həmin torpaq sahəsindən istifadə edərək orada əkinbiçinlə məşğul olmağa başlamışdır. Cavabdeh4 tanımır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikasının Füzuli rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Qaydış qəsəbə İnizbati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı verilmiş arayışdan görünür ki, Füzuli Rayonu İcra Hakimiyyətinin sərəncamı ilə qardaşı Cavabdeh4 adına sənədləşdirilmiş 92 kehtar torpaq sahəsi Füzuli rayonu Qayıdış-2 qəsəbəsinin torpaq sahəsi ilə həmsərhəddir. Həmin torpaq sahəsinin daimi istifadəçisi və sahibi İddiaçı olmuşdur. Çünki nə Cavabdeh4, nə də başqa hər-hansı şirkətin həmin torpaqdan istifadə etməsini görməmişlər. Hal-hazırda həmin torpaq sahəsində İddiaçı 200 baş xırda buynuzlu heyvanları saxlanılır. -xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “Füzuli rayon Haramı sahəsi dövlət qış otlaq fondunun 18 h nömrəli ərazisində biz aşağıda akta imza edənlər: Füzuli rayon Yuxarı Veysəlli kənd sakini hazırda məcburi köçkün kimi Qarabağ kəndində müvəqqəti məskunlaşıb yaşayan İddiaçı, 40 ha torpaq sahəsinin icraçısı xx.xx.1967-ci il təvəllüdlü Füzuli rayon Yuxarı Seyidəhmədli kənd sakini məcburi köçkün kimi Qayıdış-1 qəsəbəsi, ev 119-da yaşayan X10, 30 ha torpaq sahəsinin icraçısı xx.xx.1953-cü il təvəllüdlü Beyləqan şəhəri, Təbriz küçəsi, ev 12-də yaşayan X2, 17 ha torpaq sahəsinin Rahil kənd Fermer təsərüfatının icraçısı X8, 117 ha torpaq sahəsinin icraçısı xx.xx.1977-ci il təvəllüdlü Seyidmahmudlu kənd sakini X11, torpaq sahəsində icraçı Füzuli rayon Qorqan kənd sakini X13 həmin aktda imza edərək təsdiqləmişlər ki, Füzuli rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Qayıdış qəsəbə İnizbati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş arayışdan görünür ki, Füzuli Rayon İcra Hakimiyyətinin sərəncamı ilə qardaşı Cavabdeh4 adına sənədləşdirilmiş 92 ha torpaq sahəsi Füzuli rayonu Qayıdış-2 qəsəbəsinin torpaq sahəsi ilə həmsərhəddir. Həmin torpaq sahəsinin daimi istifadəçisi və sahibi İddiaçı olmuşdur. Çünki nə Cavabdeh4, nə də başqa hər-hansı şirkətin həmin torpaqdan istifadə etməsini görməmişlər. Hal-hazırda həmin torpaq sahəsində İddiaçı 200 baş xırda buynuzlu heyvanları saxlanılır. Onlar nə Cavabdeh4, nə də digər hər hansısa bir şirkətin oradan istifadə etdiklərini görməmişlər. -Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Füzuli rayon Statistika idarəsi tərəfindən İddiaçı verilmiş arayışdan görünür ki, o, ona məxsus 92 ha qış otlaq sahəsində 200 baş xırda buynuzlu, 2 baş iribuynuzlu heyvanlarını həmin torpaq sahəsində saxlayır. Veysəlli KİN-nin Təsərrüfatbaşına kitabında uçota alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 15 aprel 2019-cu il tarixli çıxarışdan görünür ki, Füzuli rayonunda 90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə icarə hüququ əsasında Cavabdeh4 adına dövlət qeydiyyatına alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Füzuli rayonu ərazisində 90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icarə hüququ əsasında Cavabdeh4 məxsusdur. -Füzuli Rayon İH başçısının xx.xx.2014-cü il tarixli 74 saylı sərəncamı əsasında 92 ha torpağın icarəsi ilə əlaqədar xx.xx.2014-cü il tarixində 15 il müddətinə Cavabdeh4 ilə Füzuli Rayon İcra Hakimiyyəti arasında rəsmi qaydada icarə müqaviləsi bağlanmışdır. -Cavabdeh4 notariat qaydasında imzaladığı 26 oktyabr 2023-cü il tarixli kompensasiya müqaviləsi və Füzuli RİH-nə ünvanladığı **********663 nömrəli ərizəsinə əsasən onun icarəsində olan 92 ha torpaq sahəsindən öz razılığı ilə imtinası rəsmiləşdirilmiş və icarə münasibətlərinə xitam verilmişdir. Cavabdeh3 MMC-nin iştirak etdiyi kompensasiya müqaviləsinə əsasən şirkət tərəfindən Cavabdeh4 tərəflərin razılaşması əsasında kompensasiya ödənişi icra edilmişdir. -Cavabdeh4 tərəfindən Cavabdeh1 mülkiyyətində olan 1049 ha torpaq sahəsinin ona məxsus hissəsindən imtina etmiş və icarə hüquqlarının xitamına etiraz etməmişdir. -Füzuli rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2024-cü il tarixli sərəncamından çıxarışdan görünür ki, Cavabdeh4 icarəyə verilmiş 92 ha torpaq sahəsinin icarə müqaviləsinə könüllü qaydada xitam verilməsi və torpaq sahəsinin geri götürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləinin 158.1-ci maddəsinə əsasən girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəlləinin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş üzrə iddiaçı, cavavbdehlər Cavabdeh4, Füzuli Rayon İcra Hakimiyyəti və Cavabdeh3 MMC arasında Cavabdeh2 bağlanılmış 26 oktyabr 2023-cü il tarixli torpağın icarə hüququndan kompensasiya qarşılığında boşaldılması müqaviləsinin etibarsız hesab edilərək həmin müqavilədən əmələ gələn bütün hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi barədə tələb irəli sürsə də, həmin torpaq sahəsinə dair onun hüquqlarının olmasını təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. İşin hallarından isə görünür ki, mübahisə predmeti olan torpaq sahəsinə dair Cavabdeh4 adına çıxarış mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə, iddiaçının hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh4, Füzuli Rayon İcra Hakimiyyəti və Cavabdeh3 MMC-nin aralarında Beyləqan 1 saylı Notariat Kontorunda bağlanılmış 26 oktyabr 2023-cü il tarixli torpağın icarə hüquqdan konpensasiya qarşılığında boşaldılması müqaviləsinin etibarsız hesab edilərək həmin müqavilədən əmələ gələn bütün hüquqmüəyyənedici sənədlər ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-63/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-63/2025
08.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver