Məhkəmə qərarları › İş №2(064)-699/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-699/2023

28.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-699/2023 28.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Həşimov Yaşar Xanoğlan oğlu, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı himayədə olma faktının müəyyən olunmasına dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı himayədə olma faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1953-cü il təvəllüdlü X2 onun himayəsində olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə hesab edirəm ki, aşağıdakılara əsasən ərizə iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə qaytarılmalıdır. Belə ki, AR MPM-in 305.1-ci maddəsində qeyd edilir ki, məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.2. şəxsin öhdədə olması faktının. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında aşağıdakılar göstərilmişdir: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3.Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

3. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. 3.1. Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Ərizəyə əlavə edilmiş Salyan rayonu İH Başçısı S.Hətəmovun xx.xx.2016-cı il tarixli, 114 saylı sərəncamından çıxarışdan görünür ki, xx.xx.1953-cü il təvəllüdlü X1 rayonu, Arbatan kənd sakini Ərizəçi himayəsinə verilmişdir. Göründüyü kimi, ərizəçinin məhkəmə qaydasında müəyyən edilməsini istədiyi himayədə olma faktı artıq məhkəmədən kənar qaydada öz həllini tapmışdır. Belə olan halda, bu faktın məhkəmə qaydasında müəyyən edilməsinə lüzum qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRAR VERDİ :

Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı himayədə olma faktının müəyyən olunmasına dair ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin. Ərizəçi izah edilsin ki, məhkəmə qaydasında müəyyən edilməsini istədiyi anasının onun himayəsində olma faktı artıq məhkəmədən kənar qaydada, yəni Salyan rayonu İH Başçısı S.Hətəmovun xx.xx.2016-cı il tarixli, 114 saylı sərəncamı ilə öz həllini tapmışdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar