Məhkəmə qərarları › İş №2(064)-737/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-737/2023

24.05.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-737/2023 24.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, iddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASCnin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00402- 16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023cü il tarixinə ödənilməmiş 3.388,06 manat əsas borcun, iddia qaldırılması üçün ödənilmiş 54 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, RPF-00402-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 6.707,79 manat krediti illik 1 (bir) faizlə 12 (on iki) ay güzəşt müddəti tətbiq etməklə 60 (altmış) ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermiş, Cavabdeh1 isə həmin kreditdən iddiaçı ilə bağlanmış RP-00009- 05/15A saylı, 14 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 29 iyun 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00402-16/19A saylı 29 iyun 2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh2 xx.xx.2019-cu il tarixdə iddiaçıyla RPFZ-00402-16/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dləfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqavilələrin müvafiq olaraq 3.1-ci və 7.4-cü maddələrinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında: İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00402-16/19A saylı kredit müqaviləsinə əsasən, iddiaçı 6.707,79 manat məbləğində krediti illik 1 (bir) faizlə 12 (on iki) ay güzəşt müddəti tətbiq etməklə 60 (altmış) ay müddətinə cavabdehə vermiş, cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış RP-00009- 05/15A saylı 14 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 29 iyun 2024-cü il tarixinədək faiz ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Digər Cavabdeh2 xx.xx.2019-cu il tarixdə iddiaçı ilə zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuş və onunla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə ödənilməmiş əsas borc üzrə 3388.06 manat borcu var. Göründüyü kimi, cavabdehlər müqavilə üzrə üzərlərinə düşən öhdəliklərini lazımınca yerinə yetirməmiş və bununla da ödənilməmiş kredit borcu qalmışdır. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Odur ki, məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada ümumilikdə 3388.06 manat manat pul iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, MPM-in 107-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 54,4 manat dövlət rüsumunun da cavabdehlərdən tutulmasını əsaslı hesab edir. İddia tələbinin tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsini rədd edərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İddia ərizəsinə əlavə edilmiş cavabdehlərə ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehlər tərəfindən kredit borcunun ödənilməsində gecikmələr yarandığına görə iddiaçı tərəfindən kredit müqaviləsinin ləğv edilməsi barədə cavabdehə məlumat verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini yazılı şəkildə cavabdehə bildirmiş və bununla da müqavilə artıq ləğv olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, kredit müqaviləsinin ləğv edilməsi məhkəmədən kənar qaydada öz həllini tapdığından iddia tələbi bu hissədə rədd olunmalıdır. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə 3.388,06 manat və ödənilmiş dövlət rüsumu və bank xidməti haqqına görə 54,40 manat tutulsun. İddia tələbi kredit müqaviləsinin ləğv edilməsi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar