Məhkəmə qərarları › İş №2(064)-76/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-76/2025

23.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-76/2025 23.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən qanunsuz olaraq ondan tələb olunan 561,68 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonunun Kərimbəyli kəndində yaşayır. Yaşadığı evdə elektrik sayğacı onun adına qeydiyyata alınmışdır. Bir müddət əvvəl İddiaçının istifadəsində olan elektrik sayğacı bloka düşüb. Bununla bağlı İddiaçı işıq idarəsinə müraciət etsə də, faydası olmayıb və evə gələn işıq xəttini İddiaçının oğluna məxsus dükanın işıq xəttinə qoşub. Dükan sahibkarlıq qiymətləri ilə hesablandığı üçün bu müddət ərzində evdə istifadə edilən işıq baha qiymətə işlədilib. Həmin xətt sayğaca heç bir müdaxilə edilmədən qoşulub. Bundan başqa yazılmış cərimə dükana məxsus sayğaca deyil, bloklanmış sayğaca yazılıb. Evin sayğacı həyətdən kənarda quraşdırılıb və ona heç bir şəkildə müdaxilə olunmayıb. Qeyd olunan akt İddiaçının iştirakı olmadan tərtib edilib və aktın surəti ona təqdim edilməyib. Sonradan özü müraciət edərək əldə edib. İddiaçı xx.xx.2025-ci il tarixli dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 339923 saylı aktın ləğv edilməsi və barəsində hesablanmış 568,61 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanlarla oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayyəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan: "xxxx" ASC-nin “Aran” RETS İdarəsinin rəisi tərəfindən tərtib tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 339923 saylı akt əsasında müəyyən edilir ki, aktda abonentin kənardan “0” xətti götürərək sayğacdan kənar xətdən istifadə etməsi qeyd olunub. AR EN X1 X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatda qeyd edilir ki: “Fərdi yaşayış evinizdə (abunə kodu-**********00559) elektrik enerjisinə görə yaranmış borcun araşdırılmasına köməklik göstərilməsi barədə Energetika Nazirliyinə daxil olmuş müraciətiniz X2 Agentliyinin İmişli filialında araşdırılmışdır. Məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixində enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən fərdi yaşayış evinizin hesablaşma elektrik sayğacına baxış keçirilərkən kənardan “0” xətti götürülməklə sayğacdan kənar elektrik enerjisindən istifadə olunması əsas götürülərək 339923 nömrəli akt tərtib edilmişdir. Tərtib olunmuş akta əsasən güc 4,5 kVt (aktda faktiki güc 0,7 kVt göstərilib) götürülməklə 60 günlük hesabat aparılaraq dəyəri 561,68 manat olmaqla 4536 kVts elektrik enerjisi sərfiyyatı abonent hesabınıza əlavə olunmuşdur. Məsələ ilə bağlı tərəfimizdən "xxxx" ASC-nin X4 Təchizatı və Satışı İdarəsinə göndərilmiş sorğuya əsasən təqdim olunmuş videoçəkilişdən fərdi yaşayış evində kənar xətdən istifadə edilməsi və ya sayğac sxeminə hər hansı müdaxilənin olunması halı görünmür.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci maddəsinə əsasən, abonent (əsas istehlakçı) - elektrik qurğuları enerji təchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerji təchizatı müəssisəsi ilə bağlayan istehlakçı; subabonent - elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı; məişət abonenti (əhali) isə, yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.4-cü maddəsinə görə, abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerji təchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqısatqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir. Həmin Qaydaların 7.6.-cı maddəsinə müvafiq olaraq, enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən isə, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2015-ci il tarixli, 190 №-li Qərarı ilə təsdiq edilmiş "xxxx" ASCnin Nizamnaməsinin 1.2-ci bəndindən görünür ki, Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunan prosessual hüquq normalarının məzmunundan göründüyü kimi, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində hər bir tərəfin öz tələbinin əsası kimi istinad etdiyi halı sübut etmək vəzifəsi müəyyən edilsə də, həmin maddənin 2-ci bəndində tərəflərdən birinin dövlət orqanı və müəssisəsi olması və həmin orqanın qəbul etdiyi qərarın mübahisələndirilməsi zamanı prosessual statusundan asılı olmayan sübutetmə vəzifəsini dövlət müəssisə, idarə və ya təşkilatının üzərinə qoyulması müəyyən edilmişdir. Belə olan halda hazırki iş üzrə iddiaçının cavabdeh hüquqi şəxs tərəfindən hesablanmış borcun silinməsini tələb etməsinə baxmayaraq, bu halda sübut etmə vəzifəsi iddiaçının deyil, cavabdeh "xxxx" ASC-nin üzərinə düşür, lakin cavabdeh borcun mövcudluğunun qanuniliyini əsaslandıra bilməmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçının iştirakı olmadan akt tərtib olunduğundan, eyni zamanda aktda göstərilən halların mövcudluğu ilə bağlı Məhkəməyə həmin halları təsdiq edən heç bir sübut təqdim olumadığından həmin akt ləğv edilməli və onun əsasında hesablanmış borc silinməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı sayılaraq təmin edilməli, "xxxx" ASC-nin X4 Təchizatı və Satışı İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 339923 saylı akt ləğv edilməli və İddiaçı qanunsuz hesablanmış 561,68 manat borc silinməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Odur ki, Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin olunsun. "xxxx" ASC-nin X4 Təchizatı və Satışı İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 339923 saylı akt ləğv edilsin və İddiaçı (abonent kodu:**********00559) qanunsuz hesablanmış 561,68 manat borc silinsin. "xxxx" ASC-dən dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar