Məhkəmə qərarları › İş №2(064)-987/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-987/2023

13.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-987/2023 13.06.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Həşimov Yaşar Xanoğlan oğlu, İddiaçı Allahverdi oğlunun Cavabdehnə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Allahverdi oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən qanunsuz olaraq ondan tələb olunan 1.555,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonu, Horadiz şəhəri, Azadlıq küçəsi, ev 82-də məcburi köçkün kimi məskunlaşıb yaşayır, müharibə veteranı, qazidir. Ona məxsus olan qaz sayğacı evdən kənar hissədə quraşdırılmışdır və həmin sayğaca yalnız qaz idarəsinin əməkdaşları baxaraq cari qaz sərfiyyatını müəyyənləşdirirlər. O, bir abonent olaraq həmişə işlətdiyi təbii qaza görə vaxtlı-vaxtında ödəniş edir. 2023-cü ilin mart ayının 31-də qaz sayğacının dəyişdirilməsi ilə əlaqədar sayğacı söküb aparmışlar, hətta həmin vaxt o, orada iştirak etməmiş, heç bir akta imza etməmişdir. Sonradan ona məlum olmuşdur ki, guya o, qaz sayğacına müdaxilə etmişdir, buna görə də, ona 1.555,20 manat cərimə borcu yazılmışdır. Onun qaz sayğacı həmin müddətədək heç bir problem olmadan işləmiş, nəzarətçilər tərəfindən heç nə deyilməmişdir. O, xx.xx.2023-cü il tarixli, ******* saylı aktı Füzuli rayon qaz paylaıcı idarəsindən almışdır. Həmin vaxt sayğac dəyişdirilib, yenisi ilə əvəz olunub, lakin sonradan ondan 1.555,20 manat cərimə olunmağı barədə məlumat vermişlər, guya qaz sayğacında zədələr aşkar olunmuş və akt tərtib olunmuş və əsassız olaraq cərimə yazmışlar ödəniş edilməsi tələb olunmuşdur. Qaz sayğacına nəzarət, onun təhlükəsizliyi, o cümlədən kənar müdaxilələrin yol verilməməsi istehlakçısı olaraq onun vəzifəsi deyil. O, abonent olaraq yalnız vizual, yəni adi gözlə aşkar etdiyi hallar barədə qaz paylayıcısma məlumat verə bilər. O, Cavabdeh Tərtər Regional Qaz İstismarı idarəsinin Füzuli Xidmət Sahəsinin əməkdaşları ilə əlaqə saxlayarq onlara müraciət edərək, həmin sayğaca onun tərəfindən müdaxilə olunmadığını bildirsə də heç bir nəticəsi olmamışdır. Həmin cərimə borcunu qəbul etmir və əsassız hesab edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İB ilə istehlakçı arasında qazdan istifadəyə görə müqavilə bağlanmış, qaz sayğacı evdən kənar hissədə quraşdırılmışdır və qaz sayğacı işlək vəziyyətdə istehlakçıya təhvil verilmişdir. Həmin sayğaca yalnız qaz idarəsinin əməkdaşları baxaraq cari qaz sərfiyyatını müəyyənləşdirirmişlər. İddiaçı bir abonent olaraq həmişə işlətdiyi təbii qaza görə vaxtlı-vaxtında ödəniş etmişdir. Lakin, cavabdeh təşkilatın nümayəndələri sayğaca ümumi baxış keçirmişlər və qaz sayğacına müdaxilə edildiyini müəyyən etmişlər və iddiaçıya akt göndərərək 1.555,20 manat cərimə borcunun olunduğunu bildirmişlər. Belə ki, xx.xx.2023-cü il tarixli, ******* saylı aktda sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. İddiaçı qaz sayğacına hər hansı bir müdaxilə etmədiyini, sayğaca hər hansı bir müdaxilə varsa belə bundan məlumatsız olduğunu bildirmişdir. Cavabdeh təşkilat isə bu müdaxilənin məhz iddiaçı tərəfindən olunduğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.1-ci bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə DK (bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara, yuxarıda qeyd olunan hüquq normalarına qiymət verərək hesab edir ki, Cavabdeh İB Tərtər Regional Qİİ üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» akt özü-özlüyündə etibarsızdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə qeyd olunan aktın surətindən başqa iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən hər hansı başqa sübutlar təqdim edilməmişdir. Həmin aktlar isə sayğaca müdaxilənin məhz iddiaçı tərəfindən edildiyini təsdiq etmir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin həyətində deyil, ondan kənarda yolda yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının müdaxilə etdiyi bildirilən sayğacın iddiaçının yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən yolda quraşdırılması və bu səbəbdən iddiaçının sayğacına kənar müdaxiləyə nəzarət etməsi qeyri-mümkündür. Bunu nəzərə alınaraq müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Bu səbəbdən, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İB-nin İddiaçı yuxarıda göstərilən səbəblərə görə qaz sərfiyyatına görə cərimə borcu hesablaması əsassızdır və ona görə də silinməlidir. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia təmin olunsun. İddiaçı Allahverdi oğluna Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanmış 1.555,20 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov İş № 2(064)-987/2023 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR PROSESSUAL HƏRƏKƏTİN APARİLMASİ BARƏDƏ PROTOKOL Füzuli Rayon Məhkəməsi 13 iyun 2023-cü il Füzuli rayonu, Horadiz şəhəri Mən, hakim Həşimov Yaşar Xanoğlan oğlu, İddiaçı Allahverdi oğlunın Cavabdehnə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasından kənar qaydada baxdım. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri, eləcə də cavabdehə göndərilmiş məhkəmə bildirişini nəzərdən keçirdikdən sonra qətnaməni qəbul etdim. S ə d r l i k e d ə n:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar