Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1194/2024 30.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, ərizəçilər Ərizəçi1, Arslan (Qəribova) Sehran Qinyaz qızının, Ərizəçi3 və Ərizəçi4 “nikahın qeyd edilməsi faktının müəyyən edilməsinə və vətəndaşlıq vəziyyəti haqqında aktlarında düzəliş edilməsinə” dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə məhkəmə iclasında kənar, tərəflərin iştirakı olmadan baxaraq, müəyyənetdim: Ərizəçilər Ərizəçi1, Arslan (Qəribova) Sehran Qinyaz qızı, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi1 X2 ilə 09 noyabr 1969-cu ildə keçmiş Ermənistan SSR-in Amasiya rayonunun Quzukənd kənd Sovetliyində nikahlarının qeyd olunması faktının müəyyən olunmasına, X1 ölümünə dair verilmiş ölüm haqqında şəhadətnamədə adının “Qiyaz” kimi edilmiş qeydin “Knyaz” kimi düzəliş edilməsinə və ərizəçilərdən Arslan (Qəribova) Sehranın və Ərizəçi3 doğum haqqında şəhadətnamələrində ata qrafasında olan “Qinyaz” qeydinin “Knyaz” kimi düzəliş edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəni və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, ölüm haqqında şəhadətnamədə və doğum haqqında şəhadətnamələrdə düzəliş edilməsi xüsusi icraat qaydasında baxılmalı olmadığından ərizənin həmin hissəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Eyni zamanda həmin plenum qərarında qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Ərizə və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Ərizəçi1 ərinin ölüm haqqında şəhadətnaməsində və ərizəçilərdən Arslan (Qəribova) Sehranın və Ərizəçi3 doğum haqqında şəhadətnamələrində ata adı olan qrafalarda düzgün qeydiyyat aparılmamışdır. Maraqlı şəxs Ərizəçi4 ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-Q/1- 92/2024 nömrəli məktubda Maraqlı şəxs arxivində saxlanılan akt qeydlərində və təqdim olunan sənədlərdə ziddiyyətlər aşkar edildiyindən müraciətin təmin edilə bilməməsi göstərilmişdir. Göründüyü kimi, ərizədə və ona əlavə edilmiş sənədlərdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlərin mövcud olmaması göstərilməmiş, sadəcə həmin qeydlərdə düzəliş edilməsi səlahiyyətlərinə aid olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310.1.-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçilərin diqqətinə çatdırır ki, ərizədə göstərilən fakt o halda məhkəmə qaydasında müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir. Hazırda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər mövcud olduğundan, dövlət qeydiyyatı kitabında olan yanlışlıq və ya uyğunsuzluq vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən aradan qaldırıla bilər. Həmçinin izah olunur ki, ərizəçi həmin yanlışın aradan qaldırılması üçün müvafiq icra hakimiyyətinə müraciət etməli, əgər həmin orqan yalnışlığın aradan qaldırılmasından imtina etsə, həmin orqanın qərarından və hərəkətlərindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə isə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. Bundan başqa ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, tələbin nikahın qeyd olunma faktının müəyyən edilməsi hissəsi məhkəmənin icraatına qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizəçi lazımi sənədləri alması üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, Qeydiyyat Şöbəsinə və ya aidiyyəti təşkilatlara müraciət etməsinə dair heç bir sənədi ərizəsinə əlavə etməmiş, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları əlavə etməmişdir. Məhkəmə ərizəçilərin diqqətinə çatdırır ki, Ərizəçi1 X2 ilə 09 noyabr 1969-cu ildə keçmiş Ermənistan SSR-in Amasiya rayonunun Quzukənd kənd Sovetliyində nikahlarının qeyd olunması faktının müəyyən edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin hüquqi əhəmiyyətli faktı təsdiq edən sənədləri ala bilmədiyi tədqirdə müvafiq iddia növünə uyğun olaraq aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6.-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizənin “ölüm haqqında şəhadətnamədə və doğum haqqında şəhadətnamələrdə düzəliş edilməsinə” aid hissədə icraatına qəbul edilməsindən imtina olunmalı, “nikahın qeyd edilməsi faktının müəyyən edilməsinə” aid hissədə isə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldım: Ərizəçilər Ərizəçi1, Arslan (Qəribova) Sehran Qinyaz qızının, Ərizəçi3 və Ərizəçi4 “nikahın qeyd edilməsi faktının müəyyən edilməsinə və vətəndaşlıq vəziyyəti haqqında aktlarda düzəliş edilməsinə” dair ərizənin “ölüm haqqında şəhadətnamədə və doğum haqqında şəhadətnamələrdə düzəliş edilməsinə” aid hissədə icraata qəbul edilməsindən imtina olunsun. Ərizəçiyə izah edilir ki, ölüm haqqında şəhadətnamədə və doğum haqqında şəhadətnamələrdə düzəliş edilməsinə dair tələblə inzibati orqana müraciət etməli, əgər həmin orqan xahişini təmin etməkdən imtina edərsə, inzibati icraat qaydasında baxılması üçün iddia tələbi ilə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət edə bilər. Ərizəçilər Ərizəçi1, Arslan (Qəribova) Sehran Qinyaz qızının, Ərizəçi3 və Ərizəçi4 “nikahın qeyd edilməsi faktının müəyyən edilməsinə və vətəndaşlıq vəziyyəti haqqında aktlarda düzəliş edilməsinə” dair ərizənin “nikahın qeyd edilməsi faktının müəyyən edilməsinə” aid hissədə geri qaytarılsın. Həmçinin ərizəçiyə izah edilir ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra “nikahın qeyd edilməsi faktının müəyyən edilməsinə” dair ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-1194/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1194/2024
30.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver