Məhkəmə qərarları › İş №2(066)-1343/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1343/2024

10.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1343/2024 10.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Ərizəçi “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə” dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə məhkəmə iclasında kənar, tərəflərin iştirakı olmadan baxaraq, müəyyənetdim: Ərizəçi “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il tarixdə verilmiş A3 №255099 nömrəli doğum haqqında şəhadətnamədə qeyd edilmiş “X2” yazısının “X1”, xx.xx.2023-cü ildə Qeydiyyat Şöbəsi tərəfindən 341 nömrə ilə qeydə alınmış ölüm haqqında şəhadətnamədə “X2” yazısının “X1”, nikah haqqında 20 yanvar 1987-ci il tarixli 19 nömrəli akt qeydiyyatında yazılmış “X2” yazısının “X1” məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, ölüm haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə və doğum haqqında şəhadətnamələrdə düzəliş edilməsi xüsusi icraat qaydasında baxılmalı olmadığından ərizənin həmin hissəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Eyni zamanda həmin plenum qərarında qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Ərizə və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Ərizəçi ərinin doğum haqqında şəhadətnaməsində, nikah haqqında şəhadətnaməsində və ölüm haqqında şəhadətnamələrində ata adı olan qrafalarda düzgün qeydiyyat aparılmamışdır. Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-77/2024 nömrəli məktubda kifayət qədər əsaslar olmadığına görə onun müraciətinin tərəflərindən təmin edilə bilmədiyi göstərilmişdir. Lakin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamaması və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün olmaması göstərilməmişdir. Göründüyü kimi, ərizədə və ona əlavə edilmiş sənədlərdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlərin mövcud olmaması göstərilməmiş, sadəcə kifayət qədər əsaslar olmadığına görə təmin edilə bilməməsi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310.1.-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin diqqətinə çatdırır ki, ərizədə göstərilən fakt o halda məhkəmə qaydasında müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir. Hazırda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər mövcud olduğundan, dövlət qeydiyyatı kitabında olan yanlışlıq və ya uyğunsuzluq vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən aradan qaldırıla bilər. Həmçinin izah olunur ki, ərizəçi həmin yanlışın aradan qaldırılması üçün müvafiq icra hakimiyyətinə müraciət etməli, əgər həmin orqan yalnışlığın aradan qaldırılmasından imtina etsə, həmin orqanın qərarından və hərəkətlərindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə isə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizənin yolverilməzliyinə görə məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldım: Ərizəçi “səndəin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə” dair ərizənin qəbul edilməsindən imtina olunsun. Ərizəçiyə izah edilir ki, ölüm haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə və doğum haqqında şəhadətnamələrdə düzəliş edilməsinə dair tələblə inzibati orqana müraciət etməli, əgər həmin orqan xahişini təmin etməkdən imtina edərsə, inzibati icraat qaydasında baxılması üçün iddia tələbi ilə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Rəşad Mustafayev İş № 2(066)-1343/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL 10 oktyabr 2024-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən məhkəmənin inzibati binasında iş üzrə tərəflərin iştirakı olmadan Ərizəçi “səndəin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə” dair ərizənin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxılır. Prosessual hərəkət saat 14:15-də başladım. İşə baxan hakim olaraq ərizə və ona əlavə olunmuş sənədləri yoxlayaraq ərizənin icraata qəbul edilməsindən imtina olunması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 14:25-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar