Məhkəmə qərarları › İş №2(066)-1413/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1413/2024

04.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1413/2024 04.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc məbləğinin, Təzəgül Abdullayevanın (İddiaçı) **********00000 abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Göygöl rayonunun Yeni Zod kəndində yerləşən ev ona məxsusdur. Həmin evi 2005-ci ildə alqı-satqı müqaviləsinə əsasən Təzəgül Abdullayeva adlı şəxsdən almışdır. Özü Gəncə şəhərində yaşadığına görə Yeni Zod kəndində hərdənbir qalmışdır. Yaşayış evinə quraşdırılmış təbii qazdan evdə qaldığı müddətdə istifadə etmiş və istifadə etdiyi təbbi qazın dəyərini vaxtında ödəmişdir. Onun Göygöl rayonunun Yeni Zod kəndində yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı quraşdırılarkən sayğac o, evdə olmadığına görə evinin keçmiş sahibi Təzəgül Abdullayevanın adına qeyd olunmuşdur. Bu yaxınlarda ona məlum olmuşdur ki, il ərzində 1-2 gün qaldığı evin sayğacına Cavabdeh İB-nin əməkdaşları qanunsuz vǝ sassız olaraq **********00000 nömrəli abunə hesabına 1555.20 manat məbləğində cərimə yazmışdır. Bu şişirdilmiş cərimə barədə o, Azəriqazın əməkdaşlarına məlumat verəndə onlar ona bildirmişlər ki, onlar da bilirlər ki, o orda qalmır amma yenə də heç bir köməklik edə bilmirlər, get məhkəməyə müraciət et silinsin. Azəriqazın əməkdaşları yaşamadığı evin sayğacına əsassız olaraq bu qədər borc məbləği yükləmişlər. Həmçinin təbii qazın verilməsini dayandırmışlar ki, bu da onun hüquqlarını kobud surətdə pozmuşdur. Hazırda Cavabdeh İB-nin əməkdaşları həmin borcun ödənilməsini ondan tələb edirlər. O isə həmin borcun qanunsuz və əsassız olaraq yazıldığını və borcun silinməsini onlardan tələb etsə də heç bir nəticəsi olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh İB-nin əməkdaşları nəinki ona hətda Göygöl şəhərinin və ətraf kəndlərinin bir neçə sakininə bu kimi qanunsuz cərimə yazmışlar. Bu səbəbdən də məhkəmədə həmin iddianı qaldırmaq məcburiyyətində qalmışam. Məhkəmənin iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, o, səhvən Göygöl Rayon Məhkəməsində iddia qaldırıb. Gəncə şəhərində qeydiyyatda olduğu üçün mülki işin aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə əlavə olunmuş iddiaçıya aid şəxsi məlumatlar barədə elektron sorğulardan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda faktiki yaşayış yeri ünvan 1 ünvanıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1.-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2.-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.9.-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Məhkəmə iş üzrə iddiaçını dinləyib, məhkəmənin hazırki mərhələsini və ərzənin dəlillərini nəzərə alaraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli, mülki iş ərazi aidiyyəti üzrə iddiaçının yaşadığı yer üzrə məhkəməyə, yəni Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasənməhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263, 264, 403.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.1-407.3-cü maddələrinin tələblərinə riayət etməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar