Məhkəmə qərarları › İş №2(066)-1555/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1555/2025

21.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1555/2025 21.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:

1. Göygöl rayonu, Zurnabad kəndində İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evi vardır, həmin evə elektrik enerjisinin verilməsinə dair istehlakçı İddiaçı ilə "xxxx" ASC arasında müvafiq müqavilə mövcuddur. İstehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı abonentin sayğacın giriş xəttini zədələnərək birbaşa xətdən istifadə etməsi əsası ilə ona əsassız borc hesablandığını iddia edir.

Məhkəmədə icraat:

2. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 1200 manat işıq pulunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göygöl rayonu Zurnabad kəndində yerləşən evində olan sayğaca baxış keçirilmiş sayğaca müdaxilə edilməsi adı ilə ona 1200 manat cərimə yazılmışdır. Halbuki o, sayğaca heç bir müdaxilə etməmişdir. Sayğac başqa yerdən sökülüb onun evinə qoyulmuşdur. Sayğac başdan ayağa calaqlardan ibarətdir. Onlar ailəlikcə yay ayında 3 ay yaşayırlar. Sayğaca heç bir müdaxilə edilməyib. Necə quraşdırılıb eləcə də yerindədir. Sayğac quraşdırılarkən kabel çatmaması səbəbindən kabelə əlavə calaq veriblər. Onlar heç bir müdaxilə etməyiblər. Ona görə də məlum 1200 manat işıq pulu silinməlidir. Bu tamamilə əsassız hesablanmışdır.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, bildirmişdir ki, o, "xxxx" Şirkətində işləyir. Hava şəraiti ilə əlaqədar qışda Zurnabad kəndində qalmaq mümkün deyil, ancaq yay aylarında ora gedirlər. Göygöl rayonunda qalırlar. O, evə gələn zaman həyətdə iki nəfər şəxsin olduğunu görüb, onlar işığa müdaxilə olduğunu və baxmağa gəldiklərini bildiriblər. İşıq idarəsinin Nicat adlı əməkdaşı sayğacı dəyişib. Qoyduğu yeni sayğacda 700 manat borc çıxıb. O, bununla bağlı İşıq idarəsinə müraciət edib. Ona “Asan Xidmət”ə getməsini bildiriblər. Sayğacı dəyişmələrini bildirsə də dəyişməyiblər. Asan xidmətdə borcun 400 manatı silinib, 300 manatı qalıb. İndinin özündə belə yayda ora gedəndə, işığa pul vurur, onun yarısı o borca çıxır. Sayğacları dəyişəndə əlləri çatsın deyə özləri calaq verib, üstündən zalent vurmuşlar. İndi o, məhkəməyə verəndən sonra, gəliblər kabeli kəsib sayğacı yuxarıdan bağlayıblar. Qırığını da yerə atıb gediblər.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə çıxışında bildirmişdir ki, vətəndaş iddia ərizəsində qeyd edib ki, cərimə 1200 manatdı. Amma cərimə 1301 manatdır. Azərişıq əməkdaşları orda çəkilişlə iş görüblər. Əgər nəyisə kəsilib eləmiş olsaydı videoda düşərdi. Çəkiliş zamanı ya müəllimin özü, ya da atası məhlədə olub. Sentyabr ayında əməkdaşlar sayğaclara reyd zamanı bu halı aşkar ediblər. İddiaçı birbaşa sayğacın giriş hissəsinə müdaxilə edib. Habelə, aşkar edilmiş pozuntuya dair hər hansı inzibati icraat aparılmamış, buna dair protokol tərtib edilməmişdir. “Asan Xidmət” müraciət edilib silinən borc əvvəlki tarixədir, bu məbləğə aid deyildir.

6. Tərəflərin iştirakı ilə təqdim edilən video yazıya baxış keçirildi.

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

8.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın: 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir.

9.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın: 7.6-cı bəndinə göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur.

10. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır.

11.«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə:

12. Məhkəmə iş üzrə tərəfləri dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. 13.Belə ki, hazırki iş üzrə İddiaçı elektrik enerjisi istehlakçısıdır və onun Göygöl rayonu, Zurnabad kəndində fərdi yaşayış evi vardır. İstehlakçı ona qanuni əsas olmadan hesablanmış borcu hazırki halda mübahisələndirir.

14. İşdə olan xx.xx.2025-ci il tarixli, Akt R № 405543 nömrəli aktdan görünür ki, həmin tarixdə Göygöl rayonu, Zurnabad kəndində olan istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı abonentin sayğacın giriş xəttini zədələyərək birbaşa xətdən istifadə etməsi aşkar edilməsi qeyd edilmişdir. 15.İşdə olan xx.xx.2025-ci il tarixli "xxxx" ASC-nin “Qərb” RETSİ-nin icra vərəqinin surətindən görünür ki, İddiaçı yaşadığı Göygöl rayonu, Zurnabad kəndində yerləşən sayğacın giriş xəttini zədələyərək birbaşa xətdən istifadə etməsi aşkar olunmuşdur. "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən iddiaçı barəsində hesabat dövrü verilmiş sərfiyyatın dəyəri nəzərə alınmaqla W=2.75kvt×24 saat×0,7×180 gün=8316 kvt.s; W1=1200 kvt.s×0.084 manat; W2=600 kvt.s×0.10 manat; W3=6516 kvt.s×0.15 manat, dəyəri 1138,20 manat olmaqla itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır. 16.İşdə materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı xx.xx.2025ci il tarixdə 60 manat, 100,80 manat, 977,40 manat, cəmi 1138,2 manat məbləğində borc yazılmışdır. 17.Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Göygöl rayonunun Zurnabad kəndində fərdi yaşayış evi var və bu evdə ancaq yay aylarında yaşayır. Azərişıq ASC-nin X2 əməkdaşları abonent İddiaçı yaşadığı evə verilən elektirik enerjisinin sayğacına baxış keçirərkən sayğacdan kənar xəttdən istifadə etməsi aşkar edilməsi göstərilərək xx.xx.2025-ci il tarixli, Akt R № 405543 nömrəli akt tərtib edilmiş və akt onlar tərəfindən imzalanmış, lakin həmin vaxt abonent iştirak etmədiyindən akt onun tərəfindən imzalanmamışdır. "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən iddiaçı barəsində hesabat dövrü verilmiş sərfiyyatın dəyəri nəzərə alınmaqla W=2.75kvt×24 saat×0,7×180 gün=8316 kvt.s; W1=1200 kvt.s×0.084 manat; W2=600 kvt.s×0.10 manat; W3=6516 kvt.s×0.15 manat miqdarında itirilmiş enerjinin bərpası məqsədilə 1138.20 manat hesabat aparılmışdır. Həmçinin məhkəmə araşdırmaları zamanı istehlakçı tərəfindən abonentin sayğacın giriş xəttini zədələyərək birbaşa xətdən istifadə etməsi 405543 nömrəli aktda qeyd edilsə də, bu halları təsdiq edəcək hər hansı bir dəlillər cavabdeh tərəfindən irəli sürülməmiş və aktda göstərilən halları təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. 18.Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur (Qaydaların 8.33-cü bəndi). 19.Abonent saldosuna nəzər yetirildikdə 2015-ci il tarixdən istehlakçının aylıq ödənişləri sistematik etdiyini, ödəniş məbləğləri arasında kəskin fərqin olmaması müəyyən edilir. Habelə, xx.xx.2022-ci il tarixdə abonentin hesabından 419,88 manat borc məbləği əsassız hesablandığından silinmişdir. 20.Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən halları və qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır.

21. Zərər faktın həqiqətən aşkar olunmasını və məhz aşkar olunmuş fakt əsasında vurulmuş zərərin əvəzi qismində borc hesablanmasını sübut etmə vəzifəsi "xxxx" ASC-nə aiddir. Belə ki, hüquqpozuntusu və zərərvurulması ilə nəticələnən hərəkətin aşkar edilməsi zamanı sübutların toplanması və sonradan onların aidiyyəti üzrə təqdim edilməsi yükü həqiqətən ona zərər vurulmasını iddia edən tərəfin, xüsusilə bu sahədə ixtisaslaşmış və əmək funksiyaları məhz bundan ibarət olan əməkdaşlarla təmin edilmiş hüquqi şəxslər və təşkilatların üzərinə düşür. Lakin hazırki halda "xxxx" ASC tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.

22. Cavabdeh iddiaçı tərəfindən mübahisələndirilən hesablanmış pulun qanuni əsaslarla yarandığını sübuta yetirə bilməmiş, habelə hüquq pozuntusu baş verdiyi təqdirdə buna dair təqsirli şəxsin məsuliyyətə (inzibati və ya cinayət) cəlb edilməsi yönündə hərəkətlilik göstərməmişdir. Baş vermiş sayğaca qanunsuz qoşulma halı pozuntu kimi dəyərləndirildiyi təqdirdə, bunun hüquqazidd olması və şəxsin buna dair təqsiri pozuntunu aşkar edən dövlət orqanının vəzifəsidir.

23. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 1138,20 (min yüz otuz səkkiz manat iyirmi qəpik) manat borc məbləği İddiaçı abunə hesabından (abunə kodu: **********00287 olan) silinməlidir. 24.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

qətetdi: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1138,20 (min yüz otuz səkkiz manat iyirmi qəpik) manat borc məbləği abonent İddiaçı (**********00287) abonent hesabından silinsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar