Məhkəmə qərarları › İş №2(066)-551/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-551/2025

06.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-551/2025 06.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Ərizəçi “sənədin şəxsə məxsus olması və doğum faktının müəyyən edilməsinə” dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə məhkəmə iclasında kənar, tərəflərin iştirakı olmadan baxaraq, müəyyənetdim: Ərizəçi Hacıyeva (Əsgərova) Nübar Malik qızı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci ildə doğulmağını təsdiq edən ona məxsus olan xx.xx.1985-ci il tarixli, V-CL № 251550 saylı Ermənistan SSR Vardenis rayonu Zod kənd Soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə və atası X1 xx.xx.1961-ci il tarixdə Ermənistan SSR Vardenis rayonu Zod kəndində doğulmasına dair faktın müəyyən edilməsi barədə, doğum haqqında şəhadətnaməsinin ata qrafasında atasının X2 olmasına, qeyd olunmasına və ana qrafasında anasının X4 olmasına, qeyd olunmasına, doğum qeydinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizə onu vermiş şəxs tərəfindən imzalanmadan məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Əlavə olaraq məhkəmə izah edir ki, X1 xx.xx.1961-ci il tarixdə Ermənistan SSR Vardenis rayonu Zod kəndində doğulmasına dair faktın müəyyən edilməsi hissəsində ərizəyə məhkəmədə baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2.-ci bəndində qeyd olunur ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Belə ki, işdə olan Göygöl Rayon Məhkəməsinin 2(066)-1025/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, X1 20 oktyabr 1961-ci il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonu (Ermənistan SSR Vardenis rayonu) Zod kəndində anadan olması, onun atasının X3, anasının X5 olması faktı müəyyən edilmiş və həmin qətnamə qanunu qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə bir hissədə MPM-nin 152.1.2-ci maddəsinin tələbinə əsasən ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, bir hissədə isə icraata qəbul edilməsindən imtina edilməlidir. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq qəraraaldım: Ərizəçi “sənədin şəxsə məxsus olması və doğum faktının müəyyən edilməsinə” dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi “sənədin şəxsə məxsus olması və doğum faktının müəyyən edilməsinə” dair ərizəsi “doğum faktının müəyyən edilməsinə” aid hissədə icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev İş № 2(066)-551/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL 06 mart 2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən məhkəmənin inzibati binasında iş üzrə tərəflərin iştirakı olmadan Ərizəçi “sənədin şəxsə məxsus olması və doğum faktının müəyyən edilməsinə” dair ərizənin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxılır. Prosessual hərəkət saat 14:15-də başladım. İşə baxan hakim olaraq ərizə və ona əlavə olunmuş sənədləri yoxlayaraq ərizənin icraata qəbul edilməsindən imtina olunması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 14:25-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar