Məhkəmə qərarları › İş №2(066)-639/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-639/2025

11.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-639/2025 11.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynov Nicat Mübariz oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərişıq ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayaon Məhkəməsinə müraciət edərək, “X2” 15 yanvar 2025-ci il tarixli 358100 nömrəli AKT-ilə müəyyən edilmiş 662 manat elektirik borcunun silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Göygöl rayon Elektrik Şəbəkəsinin əməkdaşları-şəbəkənin aparıcı mühəndisi İ.M.Dəryagir və nəzarətçi mühəndis Q.Qasımov onun barəsində 15 yanvar 2025-ci il tarixdə 358100 saylı AKT tərtib etmişlər. Aktda göstərilmişdir ki, “yoxlama zamanı məlum oldu ki, abonent kənar xətdən istifadə edir. Qüsur aradan qaldırılsın, hesablanacaq məbləğ ödənilsin, əks halda şəbəkədən açılsın”. Tərtib edilmiş Akt özözlüyündə etibarsızdır. Belə ki, 10 yanvar 2025-ci ildə işıq idarəsinin əməkdaları gəlib yoxlama keçiriblər. Yoxlama zamanı məlum olmuşdur ki, tövləyə ayrıca elektrik xətti çəkilib, ancaq elektirik şəbəkəsinə qoşulmayıb və elektrikdən istifadə olunmayıb. Bundan sonra o, 13 yanvar 2025-ci il tarixdə "xxxx" ASC-nin qaynar xəttinə (199) və (050) ***-**-** nömrəli telefona zəng edib məlumat vermiş, ona “sən akta qol çəkməmisənsə, akt etibarsızdır” deyilmişdir. Şəxsən o, sayğacdan kənar elektrik enerjisindən istifadə etməmiş və sayğac üzrə 2024-cü ildə elektrik borcu olmamışdır. Gəncə şəhər İşıq İdarəsinə gedib elektrik borcu barədə məlumat almaq istəmiş və məlum olmuşdur ki, 662 manat elektrik borcu var. O, 204 manat pul ödəmişdir ki, elektirik xəttini kəsməsinlər. Qəbzin surətini iddia ərizəsinə əlavə edir. X3 Şəbəkəsinin sahə rəisi Elşən və şəbəkənin əməkdaşı Əziz gəlib evinə baxış keçirmiş və məlum olmuşdur ki, evində heç bir kənar elektirik xətti yoxdur. O, kənar elektrik xəttindən istifadə etməmiş, “X2 15 yanvar 2025-ci il tarixli 358100 nömrəli aktı qanunvericliyin təblərinə zidd olaraq tərtib edilmişdir. Ona görə də “X2” 15 yanvar 2025-ci il tarixli 358100 nömrəli aktı ilə müəyyən edilmiş 662 manat elektrik borcu silinməlidir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında bildirdi ki, 2023-cü ildən bu günə qədər evin qarşısında trasmarvator vardır. Onun qonşuluqda evi üçüncü alan adam görmüşdür ki, trasmarvatordan kənar xətt var və onu çağırıb ondan kənar xəttdən istifadə etməsini soruşduqda o, kənar xətt olmadığını bildirmiş, bundan sonra kənd üzrə sahə rəisi Elşən və başqa bir adam baxmış, həmçinin Kamran və Nadir baxmış və onda kənar xətt olmadığını, şunurun dirəyin başında ağacın üzündə olmasını görmüşlər. Bundan sonra 2024-cü ildə sahə rəsisi Elşən və Əziz adlı bir nəfər gəlmiş və onda kənar xətt olmasını bildirmişlər, o onlara kənar xətt varsa tapmalarını bildirmiş, onlar bütün məhləni gəzsələr də onda kənar xətt olmadığını bildirmişlər. Bundan sonra o həmin şunuru aşağı çəkmişdir ki, onun ucunu bağlasın. Həmin şunuru trasmarvatordan kəsmişlər. Əlavə olaraq bildirdi ki, həmin xətt təxminən 2015-ci ildə ev tikənin qardaşı çəkilmiş, ona torpaq isə 1980-ci illərdən verilmiş, onun ev tikdiyi yerdə qardaşı 2 sot torpaq satmış, həmin xətti isə torpağı alanın qardaşı çəkmişdir. Həmin xətt evdən 50 m aralıdır. Həmin xətti 2015-ci ildə Tahir adlı şəxs çəkmişdir. Video çəkilişdə olan dam ona məxsusdur, həmçinin məhlə və ev onundur. Tövlənin üstündən kənar xətt keçir. Onun tövləsinə gələn xətt evdən gəlir. Məhkəmədən imkanın olmamasını, kasıb olmasını və 1-ci qarabağ müharibəsinin iştirakçısı olmasını, xəstə olmaqla müalicə almasının nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə təmsil etdiyi hüquqi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı xx.xx.2025-ci il tarixdə reyd zamanı onların əməkdaşları tərəfindən müəyyən edilmişdir ki, abonet kənar xəttdən istifadə edir. Çəkilişdə də görsənir ki, vətandaş hasarın arxasından çəkiliş gedə-gedə oynadaraq xətti salır. Bu səbəbdən ona 1 il ərzində hesablama aparılaraq, 629.16 manat məbləğ hesablanmışdır. Əlavə olaraq bildirdi ki, akt üzrə 629.16 manat hesablama aparılmışdır. 2025-ci ilin fevral ayında akt yazılmış və çəkiliş olmuşdur. Həmin çəkilişdə açıq aydın kənar xətt olması görünür. Həmçinin inzibati məsuliyyətlə bağlı müraciət edilsə də vətandaş müddət bitdiyindən inzibati məsuliyyətə cəlb edilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş AA ******* seriyalı, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cİ ildə doğulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli, 358100 nömrəli aktdan görünür ki, həmin tarixdə Göygöl rayonu, Toğana kəndində yerləşən abonent İddiaçı məxsus ünvanda yoxlama zamanı məlum olmuşdur ki, abonet kənar xəttdən istifadə edir. 0.4 kvt elektrik yükünün olması müəyyən edilmiş, qüsurun aradan qaldırılması, hesablanacaq məbləğin ödənilməsi əks halda şəbəkədən açılması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli akt əsasında tərtib edilmiş icra vərəqində göstərilən hesabatdan görünür ki, W=1,0 kvt x 24saat x 0.7 x 365 gün=6132 kvt.s; W1=2400 kvt.s x 0,08 manat; W2=1200 kvt.s x 0,09 manat; W3=2532 kvt.s x 0,13 manat; olmaqla 629.16 manat vurulmuş ziyan olaraq hesabat aparılmışdır. İş materiallarına əlavə edilmiş “İnzibati xəta haqqında işin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Göygöl rayonu, Toğanalı kəndində yaşayan İddiaçı barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə Qərb RETSİdən daxil olmuş materiallar üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş CD diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilərkən müəyyən olundu ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Göygöl rayonu, Toğana kəndində yerləşən abonent İddiaçı məxsus ünvanda yoxlama zamanı məlum olmuşdur ki, trasvormatordan kənar xətt çəkməklə evin həyətində yerləşən tövlənin dam hissəsinə gətirilmiş və oradan ayrılmaqla tövləyə işıq xətti çəkilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Göygöl rayonu, Toğana kəndində yerləşən abonent İddiaçı məxsus ünvanda yoxlama zamanı məlum olmuşdur ki, trasvormatordan kənar xətt çəkməklə evin həyətində yerləşən tövlənin dam hissəsinə gətirilmiş və tövləyə işıq xətti çəkilməsi aşkar edilmiş, bu barədə akt tərtib edilərək 629.16 manat hesabat aparılmışdır. Məhkəmə iddiaçının dəlillərini əsassız hesab edərək qeyd edir ki, kənar xəttən istifadə etməməsi barədə iddiaçının dəlili inandırıcı deyildir. Belə ki, iş üzrə tərəflərin izahatlarından və məhkəməyə təqdim edilmiş cd diskdə olan video görüntüdən iddia tələbinin əsassız olması tam təsdiq etmişdir. Belə ki, iddiaçı olan ebonentə məxsus həyətyanı sahədə yerləşən tikiliyə (tövləyə) sayğacdan keçməklə elektirik xəttinin kəçilməsini müəyyən etmək mümkün olmamış, həmin tikiliyə sayğacdan kənar xəttin gəlməsi müəyyən edilmişdir. Həmçinin iddiaçı özü tələbinin əsaslı olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının: 8.17-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qərarın 7.17.-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinin hesablaşma uçotunun sxeminin dəyişdirilməsi, həmçinin uçot cihazlarını qidalandıran ölçü transformatorlarının yerlərinin dəyişdirilməsi və əvəz olunması müvafiq olaraq elektrik enerjisinin alqı-satqı münasibətlərində olan tərəfin rəsmi razılığı ilə yerinə yetirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qərarın 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.1-ci maddəsinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.3-ci maddəsinə əsasən Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün istehlakçı, o cümlədən subabonent aşağıdakıları yerinə yetirməlidir: 9.3.1-ci maddəsinə əsasən ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə; 9.3.2-ci maddəsinə əsasən qəza zamanı enerjisistemdə yük çıxarıldıqda məsul yükləri ayıraraq ehtiyatlandırılmış xarici təchizat elektrik xətlərinə qoşmaqla texnoloji və qəza bronlarının tələbatını təmin etmək üçün elektrik təchizatı sxemini təkmilləşdirməyə; 9.3.3-ci maddəsinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən rele mühafizələrinə, avtomat və qoruyucu qurğulara qoyulmuş işləmə hədlərinə (ustavka) riayət etməyə, ehtiyatın avtomatik qoşulması qurğularının quraşdırılmasını enerjitəchizatı müəssisəsilə razılaşdırmağa, onlarda müəyyən olunmuş müddətlərdə profilaktik sınaq və sazlama işlərini aparmağa; 9.3.4-ci maddəsinə əsasən enerjitəchizatı müəssisəsinin və X1 Agentliyinin tələbinə əsasən istehlakçının elektrik qurğularının işi ilə müəyyənləşdirilən elektrik enerjisinin keyfiyyətinə fasiləsiz, vaxtaşırı və epizodik nəzarət etməyə, balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa; 9.3.5-ci maddəsinə əsasən “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun olaraq, elektrik enerjisi istehlakının texniki-nəzarət uçotunu təşkil və istismar etməyə; 9.3.6-ci maddəsinə əsasən elektrik qurğularına xidmət üçün ixtisaslı elektrotexniki heyətlə təmin etməyə, elektrik qurğularına xidmət edən heyəti öyrətməyə, təlimatlandırmağa və onları avadanlıqlaşdırılmış iş yeri ilə, mühafizə vasitələri ilə, alətlərlə, lazımi materiallarla və təlimatlarla təmin etməyə; 9.3.7-ci maddəsinə əsasən qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə; 9.3.8-ci maddəsinə əsasən elektrik enerjisi istehlakı rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaət ilə istifadəsinə, elektrik təsərrüfatının texniki vəziyyətinə və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsitələri əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə; 9.3.9-ci maddəsinə əsasən elektrik enerjisindən səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların istismarında texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, elektrik qurğularının quraşdırılması qaydalarının və digər texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin rəsmi tələbnamələrini müəyyən olunmuş müddətlərdə yerinə yetirməyə. Həmçinin müəyyən olunur ki, Göygöl rayonu, Toğana kəndində yerləşən abonent İddiaçı məxsus ünvanda elektrik sayğacına baxış keçirilərkən sayğaca müdaxilə edildiyi müəyyən edilmiş, W=1,0 kvt x 24saat x 0.7 x 365 gün=6132 kvt.s; W1=2400 kvt.s x 0,08 manat; W2=1200 kvt.s x 0,09 manat; W3=2532 kvt.s x 0,13 manat aparılmaqla elektirik enejisindən istifadəyə görə 629.16 manat borc hesablanmış və borc hesablanarkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının tələblərinə riayət olunmuşdur. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar