Məhkəmə qərarları › İş №2(066)-66/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-66/2023

14.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-66/2023 14.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı, onun vəkili X17, Cavabdeh1 Hüseynqulu oğlunun, Cavabdeh2, Məmmədova (İmanova) Zibər Hüseynqulu qızının və Məmmədova (Həsənova) Zöhrə Hüseynqulu qızının etibarnamə üzrə nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Hüseynqulu oğluna,Cavabdeh2, Cavabdeh3, Məmmədova (İmanova) Zibər Hüseynqulu qızına, Məmmədova (Novruzova) Zərəngiz Hüseynqulu qızına, Məmmədova (Həsənova) Zöhrə Hüseynqulu qızına və Məmmədova (Xəlilova) Yaqut Hüseynqulu qızına qarşı vərəsəliyin açılması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair mülki işə 14 dekabr 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Hüseynqulu oğluna,Cavabdeh2, Cavabdeh3, Məmmədova (İmanova) Zibər Hüseynqulu qızına, Məmmədova (Novruzova) Zərəngiz Hüseynqulu qızına, Məmmədova (Həsənova) Zöhrə Hüseynqulu qızına və Məmmədova (Xəlilova) Yaqut Hüseynqulu qızına qarşı vərəsəliyin açılması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünün, yəni İddiaçı mərhum nənəsi X14 3-cü növbə qanun üzrə vərəsəsi olmaqla Göygöl rayonunun, Tülallar kəndində yerləşən ümumi sahəsi 51,6 kvm. olan yaşayış evinə dair mirası faktiki olaraq qəbul etməsi və vərəsəliyin açılması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada üçüncü şəxs Göygöl rayon Dövlət Notariat ofisinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum nənəsi X12 Göygöl rayonunun Tülallar kəndində ümumi sahəsi 51.6 kv.m olan yaşyış evi miras qalmışdır. Qeyd olunan mirası 3-cü növbə vərəsə kimi faktiki olaraq iddiaçı qəbul etmiş və hazırda da onun sahibliyində və istifadəsindədir. İddiaçı qeyd edir ki, miras qoyan Əsli Məmmədova onun anası Zəribənin anası olub. Nənəsi Əsli ilə mərhum babası Məmmədov Hüseynqulu Abbas oğlu mübahisəli yaşayış evini 1945-ci ildə tikmişlər və orada yaşamışlar. X25 04 yanvar 1971-ci il tarixdə vəfat etmişdir. Babasının vəfatından sonra mübahisəli miras nənəsi Əsliyə keçmişdir. Nənəsi isə həmin mənzildə 1984-cü il tarixədək yaşamış və həmin tarixdə Kirovabad (indiki Gəncə) şəhərinə köçmüş və evi iddiaçıya vermişdir. X41 29 may 1997-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Həmin vaxtdan da qeyd olunan yaşayış evi iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Xanlar rayonunda aparılan Aqrar İslahat zamanı qeyd olunan evin yerləşdiyi torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş və bu barədə şəhadətnamə də verilmişdir. Evin yerləşdiyi 0.07 ha torpaq sahəsi hazırda ¼ payla onun və ailə üzvlərinin mülkiyyətindədir. Onu da qeyd edir ki, nənəsi Əslinin vəfatından sonra onun 1-ci və 2-ci növbə vərəsələrindən heç kim nənəsindən qalmış mirası nə faktiki olaraq, nə də notariat orqanına müraciət edərək qəbul etməmişlər. 3-cü növbə vərəsə olaraq mirası faktiki olaraq iddiaçı qəbul etmişdir. Birinci növbə vərəsələrdən X8 2022-ci ildə notariat orqanına və məhkəməyə müraciət edərək mübahisəli evi 1-ci növbə vərəsə kimi qəbul etdiyini bildirmiş, nə notariat orqanı nədə ki məhkəmələr onun iddiasını təmin etməmişdir. Qeyd olunan mübahisə üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2022 ci il tarixli 2(104)-1970/2022 saylı qətnaməsindən görünür ki, mərhum X41dan qalmış mirası faktiki olaraq iddiaçı qəbul etmişdir. Bu səbəbdən də məcbur olub bu faktı təsdiq etdirmək üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh Xəlilova (Məmmədova) Yaqut Hüseynqulu qızı tərəfindən məhkəməyə vəsatət təqdim edilmişdir. Həmin vəsatətdə göstərmişdir ki, Tülallar kəndindəki ata mülklərini İddiaçı tərəfindən qeyri qanuni əsassız sənədlər sayəsində öz adına sənədləşdirməsi barədə iddia edir. Ata mülkləri Tülallar kəndində yerləşir və ailənin ən kiçik övladı özüdür. Ondan böyük qardaşı Cavabdeh1dir. İddiaçı kəndlərində meşəbəyi işləyən vaxtı müvəqqəti məskunlaşmaq üçün onların evində qalmışdır. Mülkləri atasının adına olmuş və atası dünyasını dəyişdikdən sonra anası X14 adına keçmişdir. Anası gözlərindən şikəst olduğu üçün 21 il özü anasına baxmışdır. O, ailə qurduqdan sonra ondan böyük bacısı X18 anasına baxmışdır. Cavabdeh İddiaçı onlara qarşı böhtan atır ki, evə pul verib almışdır. Bu haqda heç bir sənəd və sübut yoxdur. Onun dediyi yalandır. Halhazırda kənddə qızıl mədəni inşa olunur. Odur ki, evlərə kompensasiya verilir. Bu kompensasiya yalnız saxtakarlıqla Raufa hesab olunur. Odur ki, mülkün özlərinin adına olması barədə köməklik edilməsini xahiş etmişdir. Əlavə edir ki, kiçik qardaşı Cavabdeh1 Hüseynqulu oğlu orduda olmuşdur. Gedib-gəlirdi. O, döyüşdə olduğu vaxtı mülklərinə diqqət yetirə bilməmişdir. Ortancıl qardaşları kənddə müəllim olduğu üçün evlərinə o nəzarət edirdi. Həmin qardaşı qəflətən dünyasını dəyişdi və ona görə İddiaçı öz bildiyi kimi hərəkət edərək saxtakarlığa yol vermişdir. Özü vərəsə hüquqlarını nəzərə alıb, vəsatətinə hüquqi qiymət verilməsini xahiş edir. İddiaçı məhkəməyə verdiyi izahatında iddianı müdafiə edərək göstərdi ki, ailə üzvlərinin işirakı ilə nənəsi Əslinin sağlığında ona 2 paçka şirvan verərək evi ondan almışdır. Həmin vaxtdan da miras qalmış əmlak özünün sahibliyində və istifadəsindədir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X31 izahatında iddianı müdaifə edərək göstərdi ki, Göygol rayonunun Tülallar kəndində yerləşən torpaq sahəsi və ev iddiaçının X41dan miras qalmışdır. Həmin torpağı və evi X41 sağlığında Raufa satmışdır. İddiaçının nənəsi Əsli 1984-cü ilədək həmin miras mülkdə yaşayıb və sonra Gəncə şəhərinə köçmüşdür. Miras qalmış 0.07 ha torpaq sahəsində və evdə iddiaçı Rauf Haqvediyev ailə üzvləri Rəqsanə, Günay və Türanə ilə birgə yaşamışdır. Miras mülkü iddiaçının qəbul etməsinə baxmayaraq miras əmlakı adına keçirə bilmir. Həmçinin qarşı tərəf buna etirazını bildirir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Hüseynqulu oğlu izahatında iddianı qəbul etməyərək göstərdi ki, özü hərbiçi olmuşdur və bu səbəbdən öz işləri ilə əlaqədar miras əmlaka gəlib getməmişdir. Mübahisəli evin sənədləri mərhumun adına işlənməmişdir. Ali Məhkəmənin qərarında da bu göstərilmişdir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Məmmədova (İmanova) Zibər Hüseynqulu qızı izahatında iddianı qəbul etməyərək göstərdi ki, Əslinin övladı özləri olmuşdur. İddiaçı həmin evə sığınacaq kimi yerləşmişdir. O, miras qalan evə baba evi kimi həmçinin yaylaq evi kimi gəlib getmişdir. Əsli Məmmədova rəhmətə gedəndən sonra qeyd olunan evdə İddiaçı qalmışdır. Raufun özünün Gəncə şəhərində evi vardır. 9 uşaqdan iddiaçının da həmin evdə payı varsa 1 payda ona çatsın. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, bu sənədlərin hamısı saxtadır. Odur ki, Cavabdeh4 və digər cavabdehlərin izahatını təsdiq edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Məmmədova (Həsənova) Zöhrə Hüseynqulu qızının etibarnamə üzrə nümayəndəsi X19 izahatında iddianı qəbul etməməsini, belə ki, mübahisəli evdə heçkimin yaşamamasını, hamının özünün başqa yerdə evi olmasını bildirdi və göstərdiklərinə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib və iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışın surətindən görünür ki, Göygöl rayonu Tülallar kəndində 0.07 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyət növlü 51.6 kvadratmetr fərdi yaşayış evinin hüquq sahibləri kimi İddiaçı 0.07 ha torpaq sahəsinin ¼ hissəsi, X4 0.07 ha torpaq sahəsinin ¼ hissəsi, X9 0.07 ha torpaq sahəsinin ¼ hissəsi, X6 0.07 ha torpaq sahəsinin ¼ hissəsi və X14 51.6 kv.m tikili bütövlüklə daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə Xanlar (indiki Göygöl) rayonunun Tülallar kəndində anadan olmuş, Göygöl rayonunun Tülallar kəndində qeydiyyatdadır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1940-cı ildə Xanlar (indiki Göygöl) rayonunun Tülallar kəndində anadan olmuş, Gəncə şəhəri Qaçaq Nəbi küçəsi ev 26 da qeydiyyatdadır. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1950-ci ildə anadan olmuşdur. İşdə olan 25 oktyabr 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 29 may 1997-ci ildə ölmüşdür. İşdə olan 25 yanvar 2019-cu il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 23 yanvar 2019-cu ildə ölmüşdür. İşdə olan 03 may 1967-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 1967-ci ildə doğulmuş, atası X22, anası X1r. İşdə olan 1967-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 27 iyun 1938-ci ildə anadan olmuş, atası X16, anası X23r. İşdə olan 20 iyul 1957-ci ildə verilmiş evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X3 nikahları 20 iyul 1957-ci ildə bağlanmış, nikah bağlandıqdan sonra ərə Haxverdiyev, arvada Haxverdiyeva soyadları verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Tülallar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 sentyabr 2022-ci il tarixli məhkəməyə ünvanlanmış arayışından görünür ki, həqiqətən İddiaçı adında Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Tülallar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illərə dair 01 saylı təsərrüfatbaşına kitabın 29 nömrəli şəxsi hesabında 1953-cü ildə tikilmiş, ümumi sahəsi 51.6 kv.metr olan fərdi yaşayış evi və 0.07 hektar həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Tülallar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı 1995-ci ildən Göygöl rayonunun Tülallar kəndində yerləşən mərhum X20 məxsus evdə yaşayır. İş materiallarında olan 02 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Göygöl rayonunun Tülallar kəndində yaşayır. Lakin həmin kəndin elektrik enerji verilişi Daşkəsən EŞ-dən qidalandığı üçün o, abonent kimi Daşkəsən Elektrik şəbəkəsində qeydiyyatdadır. Hal-hazırda xx.xx.2021-ci il tarixə Daşkəsən EŞ-nə elektrik enerjisinə görə 180.46 manat borcu var. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional ASAN Xidməti Mərkəzində notariat ofisinin 08 sentyabr 2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, müraciətə cavab olaraq ona bildirilmişdir ki, öz ərizənizdə miras qoyan X14 qanun üzrə vərəsələri ilə Sizin aranızda miras payın bölünməsinə dair mübahisə mövcuddur. Odur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 01 avqust 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 Hüseynqulu oğlunun cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon Notariat Ofisinə, X13 və Cavabdeh2 Hüseyinqulu oğluna qarşı miras qalmış əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyə verilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (066)-281/2022 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (066)-281/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı Cavabdeh1 Hüseynqulu oğlunun cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon Notariat Ofisinə, X13 və Cavabdeh2 Hüseyinqulu oğluna qarşı miras qalmış əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyə verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Gəncə İnzibati Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Cavabdeh1 Hüseynqulu oğlu) Göygöl rayonu, Tülallar kəndində yerləşən JN-046F, KOD 50800048 saylı şəhadətnamə əsasında onun mülkiyyətində olan 0.03 hektar torpaq sahəsində yerləşən yaşayış evinə və digər tikililərə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməmişdir. İşdə olan Gəncə İnzibati Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, iddiaçılar Cavabdeh1 Hüseynqulu oğlunun və qeyrilərinin cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı qərarın qismən ləğv edilməsi və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, iddiaçılar iddiaçı 1 (Cavabdeh1), iddiaçı 2 (X13), iddiaçı 3 (Cavabdeh2 Hüseyinqulu oğlu) cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs) qərarın qismən ləğv edilməsi və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il tarixli 5 aprel tarixli, 2-1 (104)-278/2023 saylı qərardadından iddiaçı 1 (Cavabdeh1) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, iddiaçılar Cavabdeh1, X5 və Cavabdeh2 Hüseyinqulu oğlunun cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı qərarın qismən ləğv edilməsi və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il tarixli 5 aprel tarixli, 2-1(104)-278/2023 saylı qərardadından iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı bütün diqqətəlayiq hallara aydınlıq gətirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında işin faktik hallarından müəyyən edilir ki, Göygöl rayonu, Tülallar kəndində 0.07 ha torpaq sahəsində yerləşən 51.6 kvadratmetr fərdi yaşayış evi X12 miras qalmışdır. X28 xx.xx.1997-ci ildə ölmüşdür. X28 ölən günə kimi Göygöl rayonunun Tülallar kəndində qeydiyyatda olmaqla yaşamışdır. Onun ölümündən sonra İddiaçı, Cavabdeh1 Hüseynqulu oğlu, Cavabdeh2, Cavabdeh3, Məmmədova (İmanova) Zibər Hüseynqulu qızı, Məmmədova (Novruzova) Zərəngiz Hüseynqulu qızı, Məmmədova (Həsənova) Zöhrə Hüseynqulu qızı və Məmmədova (Xəlilova) Yaqut Hüseyinqulu qızı adlı ailə üzvləri qalmışdır. Göygöl rayonu, Tülallar kəndində 0.07 ha torpaq sahəsində yerləşən 51.6 kvadratmetr fərdi yaşayış evinin hüquq sahibləri kimi İddiaçı 0.07 ha torpaq sahəsinin 1/4 hissəsi, X4 0.07 ha torpaq sahəsinin 1/4 hissəsi, X9 0.07 ha torpaq sahəsinin 1/4 hissəsi, X6 0.07 ha torpaq sahəsinin 1/4 hissəsi və X14 51.6 kv.m tikili bütövlüklə daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış, bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarış verilmişdir. Mübahisəli 0.07 ha torpaq sahəsində yerləşən 51.6 kv.m olan fərdi yaşayış evini Əsli Məmmədova sağlığında nəvəsi, yəni İddiaçı vermiş və özü isə həmin evdə 1984cü ilə qədər yaşamışdır. Bundan sonra Ə.Məmmədova Gəncə şəhərinə köçmüş və 29 may 1997-ci ildə Gəncə şəhərində də vəfat etmişdir. Yuxarıda qeyd edildiyi kimi Göygöl rayonu Tülallar kəndində yerləşən 0.07 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli çıxarış əsasında ¼ payla İddiaçı və onun ailə üzvləri olan X4, X9 və X6 mülkiyyətinə və həmin evin yerləşdiyi fərdi yaşayış evi isə bütövlüklə X14 mülkiyyətinə verilmişdir. İddiaçı nənəsi Ə.Məmmədovanın sağlığında və nənəsinin Gəncə şəhərinə köçdüyü vaxtdan sözügedən miras evə sahiblik edir. Əsli Məmmədovanın digər ailə üzvləri olan cavabdehlər isə Ə.Məmmədovadan miras qalmış torpaq sahəsində yerləşən evi vərəsə kimi heçvaxt qəbul etməmişlər, nədə ki, bu barədə notariat orqanına müraciət etməmişlər. Göygöl rayonunun Tülallar kəndində yerləşən 0.07 ha torpaq sahəsi ¼ payla İddiaçı mülkiyyətində olsa da, həmin torpaqda yerləşən nənəsi Ə.Məmmədovadan miras qalan 51.6 kv.m olan fərdi yaşayış evini cavabdehlərlə aralarında mübahisə olduğu üçün öz adına keçirə bilmir. Odur ki, İddiaçı X41dan miras qalmış fərdi yaşayış evinə dair mirası faktiki olaraq qəbul etməsi və vərəsəliyin açılması faktının müəyyən edilməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Mirasın açılması (vərəsəlik hüquq münasibətinin yaranması) iki məsələ - mirasın açıldığı vaxt və mirasın açıldığı yerlə bağlıdır. Mirasın açıldığı vaxt vərəsələrin dairəsinin, vərəsələrin fəaliyyət qabiliyyətinin, miras əmlakın tərkibinin (həcminin), məcburi payın müəyyənləşdirilməsi, iddia müddətinin axımının keçməsi və bu kimi bir çox məsələlərin həlli üçün zəruridir. Bundan əlavə, mirası qəbul etmək və ondan imtina etmək üçün nəzərdə tutulan müddət mirasın açıldığı vaxtdan asılı olaraq müəyyən edilir. Həmçinin miras açıldığı vaxtdan qəbul edilmiş miras vərəsəyə məxsus hesab olunur, yəni vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin müəyyənləşdirilməsi də mirasın açıldığı vaxta bağlıdır (Mülki Məcəllənin 1322-ci maddəsi). Mülki qanunvericilik mirasın açıldığı yerin tənzimlənməsinə xüsusi diqqət yetirmişdir. Mülki Məcəllənin 1147-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsində isə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin dairəsi müəyyən edilmişdir. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər (Mülki Məcəllənin 1134.2-ci maddəsi). Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında miras bölgüsü həyata keçirilir. Mirasın vərəsələr arasında miras qoyan tərəfindən bölüşdürülməsi də mümkündür. Bu halda miras hələ miras qoyanın sağlığında qoyulmuş vəsiyyətnamə üzrə vərəsələr arasında bölüşdürülür. Belə ki, Mülki Məcəllənin 1275‐ci maddəsinə əsasən, miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyrimümkün olsun. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mərhum nənəsi X14 3-cü növbə qanun üzrə vərəsəsi olmaqla Göygöl rayonunun Tülallar kəndində yerləşən ümumi sahəsi 51.6 kv.m olan yaşayış evinə dair mirası qəbul etməsi və vərəsəliyin açılması faktı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı mərhum nənəsi X14 3-cü növbə qanun üzrə vərəsəsi olmaqla Göygöl rayonunun Tülallar kəndində yerləşən ümumi sahəsi 51.6 kv.m olan yaşayış evinə dair mirası qəbul etməsi və vərəsəliyin açılması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar