Məhkəmə qərarları › İş №2(066)-735/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-735/2025

29.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-735/2025 29.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək JN-018A KOD 50807018 nömrəli və JN 018G KOD 50807018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə JN-018A, KOD 50807018 nömrəli şəhadətnamə üzrə 0,08 hektar və JN-018G saylı, KOD 50807018 nömrəli şəhadətnamə üzrə 0,08 hektar torpaq sahələri ayrılaraq mərhum anası X3 adıa verilmişdir. Mərhum anasının şəxsiyyətini müəyyən edən sənədlərdə və ölüm haqqında şəhadətnaməsində soyadı Zeynalova, adı Ayna, atasının adı Qafil kimi göstərilməsinə baxmayaraq torpaq şöbəsi tərəfindən verilmiş JN-018A, KOD 50807018 nömrəli və JN- 018G saylı, KOD 50807018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə texniki səhv olaraq anasının ata adı Qafıl əvəzinə Qafil kimi yazılmışdır. X1 xx.xx.1986-cı ildə, anası X6 isə xx.xx.2019-cu ildə vəfat etmişdir. Şəhadətnamələrdə olan texniki səhvə dair Qızılca kənd İcra nümayəndəliyinin 28 yanvar 2025-ci il tarixli arayışı da var. Vərəsə kimi vərəsəlik haqqında şəhadətnamə almaq üçün Göygöl rayon Notariat Ofisinə müraciət etsə də, şəhadətnamələrdəki uyğunsuzluğa görə və mirasın qəbulu müddətini ötürdüyünə görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş və məhkəməyə müraciət etməyi ona tövsiyə olunmuşdur. Həmçinin şəhadətnamələrdəki uyğunsuzluğun aradan qaldırılmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsinin Göygöl rayon şöbəsinə də müraciət etmişdir. Lakin, vərəsəliyin müəyyən edilməməsinə və məhkəmə qətnaməsi təqdim edilmədiyinə görə ərizəsi qəbul edilməkdən imtina edilmişdir. Torpaq şöbəsinin səhlənkarlığından torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə olan səhvə görə vərəsə kimi torpaqlara dair rəsmiləşdirmə işləri apara bilmir. Ona görə də məcbur olub ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, şəhadətnamələrdə olan uyğunsuzluğun düzəldilməsi ilə bağlı rəsmi qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etməmişdir. Ona şihafi qaydada şəhadətnamələrdə olan uyğunsuzluğun düzəldilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi bildirildiyindən oda məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmiş, maraqlı şəxsə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatlar ərizəsində göstərilməmiş və əlavə edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Həmin qərarın 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310.1.-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçi məhkəməyə müracitə etmədən öncə mübahisənin məhkəmədən kənar pretenziya qaydasında həll edilməsinə riayət etməmiş və bununla da tərəflər arasında mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi imkanı itirilməmişdir. Bu səbəbdən ərizə baxılmamış saxlanılmalı, ərizəçi aidiyyatı orqanlara müraciət edilməli və müraciət müsbət həll olunmadıqda yenidən məhkəməyə müraciət edilməlidir. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.06, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar