Məhkəmə qərarları › İş №2(066)-748/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-748/2023

23.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-748/2023 23.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair mülki işə 23 iyun 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək özünün, yəni Ərizəçi qanun üzrə birinci növbə vərəsəsi olmaqla ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair mirası qəbul etməsi və vərəsəliyin açılması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada maraqlı şəxs Göygöl Rayon Notariat ofisinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum atası X4 Göygöl şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 62, mənzil 03-də ümumi sahəsi 69.5 kv.m olan yaşayış evi miras qalmışdır. Ərizəçinin atası Musa Əsədov 17 noyabr 2020-ci il tarixdə vəfat edib və onun vəfat etməsindən sonra onun birinci növbə yeganə varisi ərizəçi olmaqla mirası o, qəbul etmişdir. O, mirasın qəbul olunması üçün Notariat orqanına müraciət etmiş, mirasın qəbul müddətinin keçirilməsi əsas gətirilərək vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Hazırda ərizəçi vərəsəlik hüququnu həyata keçirərək mirası qəbul edə bilmir. Ona görə də məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə verdiyi izahatında iddianı müdafiə edərək ərizəçinin mərhum atasından miras ev qalmasını, mərhum Musa Əsədovun yeganə vərəsəsinin Ərizəçi olmasını, həmin miras qalmış əmlakı ərizəçinin özünün qəbul etməsini və mirasa sahiblik etməsini bildirdi və odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 izahatında Ərizəçi əmisi oğlu olmasını, əmisi Musanın Teymur adlı 1 nəfər oğlu olmasını, Musanın ölümündən sonra miras qalan evini oğlu Teymurun idarə etməsini, atasının dəfn xərcini də Teymurun çəkməsini və həmçinin evin bütün kommunal xərclərini də ərizəçinin ödəməsini qeyd etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 izahatında ərizəçinin bibisi olmasını, mərhum qardaşı X6 Teymur adlı 1 nəfər uşağının olmasını bildirdi və həmin miras qalmış əmlaka da atasının vəfatından sonra ərizəçinin sahiblik etməsini təsdiq etdi. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin və şahidlərin izahatını dinləyib və iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Göygöl şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 62, mənzil 3-də yerləşən ümumi sahəsi 69.5 kv.m olan yaşayış evi tam mülkiyyət hüququ üzrə Musa Əsədovun adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 17 oktyabr 2022-ci il tarixli ərizəçinin nümayəndəsinə ünvanlanmış məktubundan görünür ki, uyğunsuzluğun aradan qaldırılması barədə müraciətə baxılmış və aparılan araşdırma zamanı mərhum X6 vərəsəsi olması barədə müvafiq sənədin əlavə edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. İş materiallarına əlavə olunan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxx 1989-cu ildə doğulmuş, atası X8, anası X2. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 17 noyabr 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Göygöl rayonu İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Ərizəçi verilmiş arayışdan görünür ki, həqiqətən onun mərhum atası X8 ölən bir günə kimi Göygöl şəhəri X10 küçəsi bina 62, mənzil 03-də qeydiyyatda olmaqla yaşamış və 17 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra 1989-cu il təvəllüdlü Ərizəçi adlı ailə üzvü qalmışdır. Qeyd: Ərizəçi atasının sağlığında və ölümündən sonra hal-hazıra kimi atasına məxsus Göygöl şəhəri X10 küçəsi bina 62, mənzil 03 saylı evi idarə edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional ASAN Xidməti Mərkəzində notariat ofisinin 10 noyabr 2021-ci il tarixli Ərizəçi etibarnamə üzrə nümayəndəsi X1 ünvanlanmış məktubundan görünür ki, müraciətə cavab olaraq ona bildirilmişdir ki, təqdim edilmiş sənədlərdən müəyyən olundu ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən mirasın qəbul müddəti keçirilmişdir. Ona görə də mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı bütün diqqətəlayiq hallara aydınlıq gətirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarış əsasında verilmiş Göygöl şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 62, mənzil 03 Əsədov Musanın adına daşınmaz əmlakın dövlət reyestrində 06 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ərizəçinın mərhum atası X8 17 noyabr 2020-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra yeganə vərəsəsi ərizəçi qalmışdır. Ərizəçi miras açılandan sonra mirası qəbul edib istifadə etməsinə baxmayaraq qanunla müəyyən edilmiş müddətdə mərhum M.Əsədovdan qalan mirasın qəbulu ilə bağlı notariusa müraciət etməmişdir. Ərizəçi mülkiyyət hüququnun əmələ gəldiyi andan mərhum atası M.Əsədovdan miras qalmış Göygöl şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 62, mənzil 03-də yerləşən ümumi sahəsi 69.5 kvm olan yaşayış evinə sahiblik edir. Hazırda ərizəçi mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etsə də, mirasın qəbul müddətini keçirdiyinə görə ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Odur ki, Ərizəçi mərhum atası X4 miras qalmış yaşayış evinə dair mirası qəbul etməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Mirasın açılması (vərəsəlik hüquq münasibətinin yaranması) iki məsələ - mirasın açıldığı vaxt və mirasın açıldığı yerlə bağlıdır. Mirasın açıldığı vaxt vərəsələrin dairəsinin, vərəsələrin fəaliyyət qabiliyyətinin, miras əmlakın tərkibinin (həcminin), məcburi payın müəyyənləşdirilməsi, iddia müddətinin axımının keçməsi və bu kimi bir çox məsələlərin həlli üçün zəruridir. Bundan əlavə, mirası qəbul etmək və ondan imtina etmək üçün nəzərdə tutulan müddət mirasın açıldığı vaxtdan asılı olaraq müəyyən edilir. Həmçinin miras açıldığı vaxtdan qəbul edilmiş miras vərəsəyə məxsus hesab olunur, yəni vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin müəyyənləşdirilməsi də mirasın açıldığı vaxta bağlıdır (Mülki Məcəllənin 1322-ci maddəsi). Mülki qanunvericilik mirasın açıldığı yerin tənzimlənməsinə xüsusi diqqət yetirmişdir. Mülki Məcəllənin 1147-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsində isə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin dairəsi müəyyən edilmişdir. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər (Mülki Məcəllənin 1134.2-ci maddəsi). Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında miras bölgüsü həyata keçirilir. Mirasın vərəsələr arasında miras qoyan tərəfindən bölüşdürülməsi də mümkündür. Bu halda miras hələ miras qoyanın sağlığında qoyulmuş vəsiyyətnamə üzrə vərəsələr arasında bölüşdürülür. Belə ki, Mülki Məcəllənin 1275‐ci maddəsinə əsasən, miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyrimümkün olsun. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum X6 qanun üzrə birinci növbə vərəsəsi olmaqla Göygöl şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 62, mənzil 03-də yerləşən yaşayış evinə dair mirası Ərizəçi qəbul etməsi və vərəsəliyin açılması faktı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Ərizəçi mərhum X6 qanun üzrə birinci növbə vərəsəsi olmaqla Göygöl şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 62, mənzil 03-də yerləşən yaşayış evinə dair mirası Ərizəçi qəbul etməsi və vərəsəliyin açılması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HakimQələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar