Məhkəmə qərarları › İş №2(066)-936/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-936/2025

13.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-936/2025 13.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyyəddin qızı, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “şəxsin sənəddə göstərilən adının eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə dair məsələyə məhkəmə iclasında kənar, tərəflərin iştirakı olmadan baxaraq, müəyyənetdim: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə “şəxsin sənəddə göstərilən adın eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Göygöl rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 14 saylı qərarı ilə onlara verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0581 saylı, kod 50806028 nömrəli dövlət aktında adları qeyd olunmuş mülkiyyətçilərdən “X1” Ərizəçi1 ilə və “X2” X4 ilə eyni şəxs olmalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, müxtəlif sənədlərdə ad, soyad, ata adları qeyd edilmiş şəxslərin eyni şəxs olmalarının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməz olduğundan ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının: 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-H-0076-8/2025 nömrəli vətəndaş Nümayəndə ünvanlanmış məktubunda qeyd edilir ki, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,59 ha torpasq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli müraciətə baxılmış, aparılan araşdırma zamanı təqdim edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0581 saylı dövlət aktında mülkiyyətçilərdən birinin adında uyğunsuzluq olduğu, belə ki, Ərizəçi2 ilə dövlət aktında qeyd olunmuş “X2” eyni şəxs olmalarını təsdiq edən sənədin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı) təqdim edilmədiyi müəyyən edilmiş, bu səbəbdən müraciətin icrasından imtina etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsinin müraciətə ünvanlanmış cavab məktubunda “Torpağa mülkiyyət hüququna dair” JN-0581 saylı dövlət aktında yalnız Rzayeva (Hüseynova) Ayşən Həzi qızına münasibətdə olduğu qeyd edilmiş, eyni zamanda hüquqmüəyyənedici sənəddə uyğunsuzluğun aradan qaldırılmasının inzibati orqan tərəfindən mümkün olmaması əks edilməmişdir. Ərizəçilərin nümayəndəsi “Torpağa mülkiyyət hüququna dair” JN-0581 saylı, kod 50806028 nömrəli dövlət aktında adları qeyd olunmuş mülkiyyətçilərdən “X1” Ərizəçi1 ilə və “X2” X4 ilə eyni şəxs olmalarına dair ərizə ilə məhkəməyə müraciət etmiş, bu hal isə qeyd edilən Plenum Qərarının 6.2-ci bəndində əsasən hüquqi nəticə doğurmadığından yolverilməzdir. “Torpağa mülkiyyət hüququna dair” JN-0581 nömrəli dövlət aktını verən orqanda məlumatların olması, hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtinasının olmaması hazırki ərizənin icraata qəbulundan imtina üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçlərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmçinin ərizənin məzmunundan görünür ki, ərizəçi tərəf bu ərizə ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı dövlət aktında düzəlişin edilməsidir. Onun bu tələbi məhz inzibati orqana qarşı, inzibati orqanın publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə əlaqədardır. Ərizəçiyə izah edilməlidir ki, qeyd edilən tələblə inzibati orqana müraciət etməli, əgər həmin orqan xahişini təmin etməkdən imtina edərsə, inzibati icraat qaydasında baxılması üçün iddia tələbi ilə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə isə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizənin yolverilməzliyinə görə məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldım: Ərizəçi1 və Ərizəçi2 “şəxsin sənəddə göstərilən adının eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi” dair ərizəsinin qəbul edilməsindən imtina olunsun. Ərizə ona əlavə edilmiş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Ərizəçiyə izah edilir ki, qeyd edilən tələblə inzibati orqana müraciət etməli, əgər həmin orqan xahişini təmin etməkdən imtina edərsə, inzibati icraat qaydasında baxılması üçün iddia tələbi ilə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar