Məhkəmə qərarları › İş №2(067)-1015/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1015/2025

27.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1015/2025 27.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* №-li akta əsasən ona hesablanmış 795,60 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvandakı ev ona məxsusdur. Evinə Cavabdeh İB tərəfindən qaz sayğacı quraşdırılıb və o, qaz xəttinə qanuni şəkildə qoşularaq, təbii qazdan istifadə etmişdir. Onun iştirakı olmadan qaz idarəsinin əməkdaşları təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* №-li akt tərtib ediblər. Həmin aktda göstərilir ki, abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. Qeyd olunan akta əsasən ona xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə cəmi 7956 kub.metr qaz itkisinə görə 795,60 manat məbləğində ziyan hesablanıb. Bu hal adına tərtib olunmuş abonentin saldosunda da öz əksini tapıb. Aktla razı deyil. Ona görə ki, o, sayğacdan kənar xətdən heç vaxt istifadə etməmişdir. Evinə sayğacdan kənar xətt çəkməmişdir və evinə quraşdırılmış qurğulara təbii qaz sayğacdan keçməklə gəlir. Sayğac evinin küçə tərəfində quraşdırılıb. Onun istifadəsində olduğu müddətdə sayğaca nə o, nə də ailə üzvləri heç bir müdaxilə etməmişdir. Hər ay qaz idarəsinin işçiləri sayğaca baxış keçirir, eləcə də qaz sərfiyyatı haqda bildiriş tərtib edirlər və bu vaxt sayğaca hər hansı bir müdaxilə olsaydı, sayğacdan kənar qazdan istifadə halı olsaydı onlar bunu müşahidə etmiş olardı. Sayğac küçədə quraşdırıldığına görə o, sayğacın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət də daşımır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan X2 Agentliyinin Xaçmaz filialı məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, sayğaca müdaxilə olunduğunu bildirərək 795 manat cərimə yazıblar. Lakin sayğaca müdaxilə etməmişdir. O, həmin vaxt evdə olmaylb. Qızları köçüb, həyat yoldaşı bəzən gedib onlarda qalır. O, rəylə razı deyil. Gündəlik qazancı 10-15 manat olur. Çatdıra bilmir. Hesablanmış cəriməni əsassız hesab edir. Sayğac küçədə yerləşir. Kənar qoşulma olmayıb. Onun evində tək yoldaşı qalır. O, xaricdə olanda yoldaşı qızları ilə qalır. Evdə heç kim olmadığı üçün sərfiyyat çox olmayıb. Eyni zamanda qənaət edəndə təbii olaraq sərfiyyatda az olur. Cərimə əsassız yazılıb. Xahiş edir cərimə silinsin. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək göstərmişdir ki, kənar xətt olub, bu aktlaşdırılıb, fotoşəkil təqdim olunub. Həmin vaxt videoçəkiliş olmayıb. Saldoya baxanda da görünür ki, sərfiyyat artıq olub, aylar arasında kəskin uyğunsuzluq var. Belə ki, sərfiyyat 2020-ci ilin noyabr ayında 56,40 manat, dekabrda 61,80 manat, 2021-ci ilin fevral ayında - 52,40 manat, mart ayında 54,20 manat olduğu halda, 2021-ci ilin yanvar ayında sərfiyyat cəmi 38,30 manat olmuşdur. Bu da kənar qoşulmanın aşkar edildiyi 2021-ci ilin fevral ayından əvvəki, yəni yanvar ayında olduğunu bir daha təsdiq edir. Saldodan açıq şəkildə görünür ki, abonentin ödənişlərinə əsasən kənar qoşulma olub. Bundan başqa, X4 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli iltizamdan da göründüyü kimi, o, hesablanmış 795.60 manat dəyərində ziyanla tam razı olduğunu, bununla bağlı şikayəti olmadığını və dəymiş ziyanı hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, hazırki iddianın faktiki əsasları «delikt mübahisələri üzrə münasibətlərə» aid olduğundan bu kimi iddia ərizələri verilərkən pretenziya qaydalarına əməl edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacdan kənar qeyri-qanuni təbii qazdan abonentin istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan müəyyən olunur ki, iddiaçıya 795,60 manat cərimə (pul) hesablanmışdır. İşdə olan X2 Agentliyinin Xaçmaz filialının xx.xx.2025-ci il tarixli rəyindən müəyyən olunur ki, araşdırma zamanı tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktda vətəndaşa məxsus fərdi evdə istifadə olunan qaz cihazlarının adları və sayları abonent saldosunda qeyd edilən qaz cihazlarına uyğun gəlmir, qaz cihazlarının qeyd edilən fərdi evdə istifadə olunmağını sübut edən heç bir sənəd və yaxud videodisk təqdim olunmamışdır. Belə ki, tərtib edilmiş aktda 1 ədəd məişət tipli PQ-3 qaz plitəsi, 1 ədəd qızdırıcı dəmir soba, 1 ədəd axımlı su qızdırıcının istifadə olunduğu qeyd edilmiş və gündəlik 24 saat olmaqla 90 gün hesabat aparılmışdır. Lakin abonent saldosuna baxan zaman Xaçmaz RQİİ-nin kompüter qeydiyyatında isə 1 ədəd məişət tipli PQ-4 qaz plitəsi və 1 ədəd qızdırıcı radiator sobasının olduğu qeyd olunmuşdur. Tərtib edilmiş akt və aparılmış hesabat zamanı Cavabdeh İB-nin X5 İstismar İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci İl tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 6.5-3-cü bəndinin (istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qaz paylayıcısı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habekə məişət abonentlərinə münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır) tələbləri pozulmuşdur. Təhlil zamanı müəyyən edilmişdir ki, “Azəriqaz" İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə və qaz sayğacına texniki baxışın keçirilməsi haqqında (müayinə) heç bir sənəd təqdim olunmamışdır. Göründüyü kimi, ‘‘Azəriqaz'' İB-nin ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş ziyanın hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadə edilən qaz cihazlarının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınmamış və qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Aktda qeyd edilən qaz cihazlarının həqiqətən vətəndaşa məxsus fərdi evdə istifadə edildiyi müəyyən olunmadığı üçün abonent saldosunda qeydiyyatda olan cihazların hesabatının aşağıdakı kimi aparılması məqsədəuyğun hesab olunur. Məişət tipli PQ-4 qaz plitəsinin saatlıq qaz sərfiyyatı 1,2 m3 x 12 saat x 90 gün = 1296 m3 x 0,12 qəpik = 155,52 manat, 1 ədəd qızdırıcı radiator sobasının saatlıq qaz sərfiyyatı 0,8 m3 x 12 saat x 90 gün = 864 m3 x 0,12 qəpik = 103,68 manat, cəmi 259,2 manat təşkil edir. - Dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, 7956 m3 həcmində qaz itkisi olduğu göstərilmişdir. - İş materiallarından olan abonentin saldosundan görünür ki, akt əsasında 795.60 manat borc müəyyən edilmişdir. Saldodan görünür ki, sərfiyyat 2020-ci ilin noyabr ayında 56,40 manat, dekabrda 61,80 manat, 2021-ci ilin fevral ayında – 52,40 manat, mart ayında 54,20 manat olduğu halda, 2021-ci ilin yanvar ayında sərfiyyat cəmi 38,30 manat olmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin: - 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. - Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. - Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: - 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. - Maddə 21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. - Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”: - 3.2.1 və 3.2.2-ci bənd- qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. - 4.2-ci bənd- məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.8-ci bənd- fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-ci bənd- istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. - 6.5-ci bənd - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcısı şəbəkədən ayırmaqla qazın verilişin dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. - 6.7-ci bənd - qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana aid qaz xəttinə baxış keçirmiş, abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi barədə xx.xx.2021-ci il tarixli akt tərtib olunmuş və həmin akt əsasında 795.60 manat cərimə hesablanmışdır. X4 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, abonent ona hesablanmış 795.60 manat dəyərində ziyanla tam razı olduğunu, bununla bağlı şikayəti olmadığını və dəymiş ziyanı hissə-hissə ödəyəcəyini bildirmişdir. İş materialları ilə iddiaçının qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma faktı təsdiqini tapmış, bununla bağlı aidiyyəti orqan həmin qoşulma faktının qarşısının alınması (xəttin kəsilməsi, dayandırılması və s.) ilə bağlı tədbir görməklə müvafiq akt tərtib etmişdir. Mübahisənin bu hissəsi iş materiallarına əlavə edilmiş müvafiq sənədlərlə (dəymiş ziyanın bərpasına dair tələbnamə və aktla) sübut olunur. Lakin məhkəmə dəymiş ziyanın 795.60 manat məbləğində olması ilə razılaşmır. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tələbnamədə qaz işlədicilərinin hesabat müddətinin hansı əsasdan 360 gün müddətlə aparıldığını əsaslandıra bilməmişdir. Məhkəmə hesab edir ki, PQ4-ün maksimal saatlıq qaz sərfi üçün orta hesabat müddəti, Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq 90 gün olmaqla hesablanmalıdır. Həmin Təlimata uyğun olaraq İddiaçı Cavabdehnə cəmi 259.20 manat ziyan vurması manat müəyyən edilir ki, bu məbləğ abonentdən tutulmalı, iddia tələbinin 795.60 manat olmasına görə 536.40 manat borc abonentin hesabından silinməli, beləliklə də iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı ünvan 1 fərdi yaşayış evi üzrə hesablanmış 795.60 manat puldan 536.40 manat pul abonentin hesabından silinməli, eyni zamanda göstərilən dövr ərzində sayğacdan kənar keçən və dəyəri ödənilməyən təbii qaz istehlak edildiyindən, ümumilikdə 259.20 manat borc abonent İddiaçı düzgün tətbiq edildiyindən, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu-**********10000) xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış borcdan 536.40 manat silinsin. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar